Azərbaycanda yeni rekord

Nəsimi Rayon Məhkəməsi mayın 6-sı Bakıda lokal etiraz aksiyasında tutulmuş AXCP üzvü Kəmalə Bənənyarlıya 30 sutka inzibati həbs cəzası verib.

Qərar mayın 7-də çıxarılıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən, yəni 1991-ci ildən bəri etiraz aksiyasında iştirak edən heç bir xanım bu qədər uzunmüddətli inzibati həbs cəzası almamışdı.

2011-ci il aprelin 17-də İctimai Palatanın paytaxtda keçirdiyi aksiyaya görə AXCP sədrinin müavini Gözəl Bayramlı 5 sutka inzibati həbs cəzasına məhkum edilmişdi.

Kəmalə Bənənyarlının həbsi ilə bu rekord təzələnib.

Qeyd edək ki, əvvəllər (o cümlədən Gözəl Bayramlıya həbs verilən zaman) Azərbaycan Respublikasında inzibati həbsin maksimum həddi 15 sutka olub. 2013-cü ildən inzibati həbsin maksimum həddi artırılıb.

Kəmalə Bənənyarlı 1976-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Orta təhsillidir. Ailəlidir, iki övladı var. 2010-cu ildən AXCP-nin üzvüdür (“Media forum”).