Partiya NİDA-çıların məhkəməsində saxlanılanlarla bağlı bəyanat verdi
AXCP mayın 6-da NİDA-çıların məhkəməsindən sonra bir qrup ictimai-siyasi fəalın saxlanılaraq cəzalandırılmasına görə etiraz bəyanatı verib. Bəyanatda deyilir:
“NİDA-çılara oxunan ədalətsiz hökmə etiraz etdikləri üçün fəalların qəddar polis hücumuna məruz qalaraq həbs edilməsi, daha sonra isə cərimə və sutkalıq həbslərlə cəzalandırılması ikiqat ədalətsizlikdir. Bu, həm də hakimiyyətin ictimai etirazlardan necə qorxduğunu və haqsız mövqeyini yalnız qaba güclə müdafiə etməyə çalışdığını göstərən əlavə faktdır.
NİDA-çılarla bağlı hökmə dinc etiraz zamanı saxlanılan 30 nəfərə yaxın fəalın 5 nəfəri 15-30 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib, 8 nəfəri isə 300-600 manat məbləğində cərimələnib.
Fəallar həm saxlanılarkən, həm də polisdə zorakılığa, hədə-qorxuya məruz qalıblar. Ən xoşagəlməz xəbər isə AXCP fəalı Kəmalə Bənənyarlı ilə bağlıdır. Məlumatlar göstərir ki, ona Nəsimi rayon polis idarəsində amansızcasına fiziki güc tətbiq edilib. Onun ciddi xəsarətlər aldığına dair əsaslı gümanlar var. Məhkəmə Kəmalə Bənənyarlıya digər saxlanılanlara nisbətdə ən yüksək müddətə həbc cəzası kəsib – 30 sutka. Bu qərarın məhz Kəmalə Bənənyarlının aldığı xəsarət izlərini gizlətmək məqsədilə seçildiyini də iddia etməyə əsaslar var.
AXCP bütövlükdə NİDA-çılarla bağlı hökmə etiraz zamanı saxlanılanların məruz qaldığı zorakılıq, eyni zamanda onlara verilən cəzaya görə hakimiyyətdən məsuliyyət tələb edir. Partiya bəyan edir ki, həm polis zorakılığı, həm də cəzalarla bağlı məhkəmə qərarları bilavasitə siyasi hakimiyyətin göstərişinin nəticəsidir.
AXCP Kəmalə Bənənyarlının üzləşdiyi münasibəti fərqləndirməyi lazım bilərək, bunu həm də siyasi hakimiyyətin xalqımızın mənəviyyatına vurduğu zərbə kimi qiymətləndirir. Partiya Kəmalə xanıma qarşı bu cinayəti heç bir halda bağışlamayacaq və günahkarların qanunla öz cəzalarını almaları üçün bütün mümkün olanları edəcək.
AXCP həm Kəmalə Bənənyarlıya, həm də digər saxlanılanlara qarşı polisdə törədilmiş zorakılığa görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir. Partiya saxlanılan fəalların inzibati həbs və cərimələrlə cəzalandırılmasını da qanunsuz sayaraq, bu sifarişli qərarın ləğvini istəyir.
AXCP hakimiyyətə bir daha səslənərək, xalqın və dövlətin taleyinə görə daşıdığı məsuliyyəti dərk etməyə, dünyada cərayan edən proseslərdən nəticə çıxarmağa, ictimai narazılıqları zor gücünə boğmaq və fərqli düşünənləri düşmən gözündə görüb əzmək siyasətindən imtina etməyə cağırır. AXCP xəbərdarlıq edir ki, hakimiyyətin izlədiyi hazırkı siyasət gec-tez iflasa uğryacaq və onun özünə daha böyük zərbə vuracaq”.


