Pərviz Həşimlinin işi üzrə məhkəmə istintaqı başa çatdı

Jurnalist onun üzünə duran Təvəkkül Qurbanova səsləndi: «Sən nə qurumsaq adamsan, bu qədər şərəfsizlik olmaz da… Tfu sənin üzünə…»

Ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin mühakiməsi başa çatmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dünənki məhkəmə iclasının əvvəlində Pərviz Həşimli hakimə müraciət edib: “MTN-nin istintaq təcridxanasında ağır şəraitdə saxlanmağımla bağlı sizə məlumat verərkən mənə aidiyyəti üzrə şikayət etməyimi tövsiyə etmişdiniz. Sizin tövsiyənizə əsasən, Baş Prokurorluğa müraciət etdim. Müraciətimdə, günahsız olduğum halda, qanunsuz həbs olunmağım və saxlanma şəraitimin ağırlığı barədə məlumat vermişdim. Qurumdan verilən cavabda isə saxlanma şəraitimlə bağlı heç bir cavab verilməyib, məsuliyyətə cəlb olunmağıma gəlincə, yazılıb ki, məsələ araşdırılması üçün məhkəməyə göndərilib”.

Daha sonra iş materiallarındakı sənədlər elan olunub. Silahlar barədə ekspertiza rəyində yazılıb ki, onlar döyüş üçün yararlıdır. Daha sonra vəkil Bəhruz Bayramov Pərviz Həşimli və Təvəkkül Qurbanov arasındakı üzləşmənin videoçəkilişinin nümayiş etdirilməsini istəyib. Pərviz və vəkili bildirib ki, Təvəkkülün üzləşmə zamanı dediklərilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər var.

Sözügedən video nümayiş etdirildikdən sonra Pərviz Həşimli bildirib: “Gördüyünüz kimi, Təvəkkül Qurbanov üzləşmə zamanı mənim maşına oturmadan saxlanıldığımı deyir. Halbuki, istintaq materiallarında və məhkəməyə ifadəsində qeyd edilir ki, guya, mən onun maşınında həbs olunmuşam. Bu məqama görə mənə əlavə ittiham irəli sürülüb. MTN əməkdaşları evimə silah qoymaqla mənə qarşı 228-ci (silah saxlama) maddə üzrə ittiham veriblər. Təvəkkülün maşınında silah olması səbəbilə mənə 228.2.2 – təkrar silah saxlama maddəsilə də ittiham irəli sürülüb”.

Pərviz onu da qeyd edib ki, videoçəkiliş dəyişdirilib və ya montaj olunub: “Videoda mənim ona guya, Gəncədə 15 min manat verdiyimi deyir. Halbuki, ilkin üzləşmədə bildirmişdi ki, guya, mən ona Gəncədə 12 min, Bakıda da 3 min vermişəm. Məhkəməyə ifadəsində isə 15 mini bir dəfəyə aldığını deyib”.

Videogörüntülərdə də Pərviz Həşimli ittihamları rədd edir, Təvəkkül Qurbanovu nəzərdə tutaraq, “bu adam şərəfsizdir, yalan danışır, böhtan atır, bunların hamısı burada hazırlanan əməliyyatdır” deyir.

Məhkəmədə videogörüntülər nümayiş etdirilən zaman Pərviz Həşimli bir daha Təvəkkül Qurbanova səslənib: “Sən nə qurumsaq adamsan, bu qədər şərəfsizlik olmaz da… Tfu sənin üzünə…”

Hakim Pərvizə xəbərdarlıq edib və ardınca məhkəmədə fasilə elan olunub, Fasilədən sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamını müdafiə edən prokuror çıxışa hazırlaşmaq üçün 1 həftə vaxt istəyib.

Məhkəmə prosesi mayın 12-də prokurorun çıxışı ilə davam edəcək. Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı silah-sursat saxlama, qaçaqmalçılıq ittihamları irəli sürülüb. Pərviz Həşimli isə ittihamları qəbul etmir, Təvəkkül Qurbanovun MTN-nin adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini, siyasi sifarişlə həbs olunduğunu bəyan edir.

Qeyd edək ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.