Administrasiya rəhbərinin oğlu «fövqəlnazir»ə müavin təyin edildi
Ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib. “Fövqəlnazir”in yeni müavinləri Teymur Ramiz oğlu Mehdiyev və Tapdıq Əhliman oğlu Əmiraslanovdur. Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Tapdıq Əmiraslanov isə Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun oğludur.
Ilham Əliyevin digər sərəncamı ilə Teymur Mehdiyevə general-mayor rütbəsi verilib. Beləliklə də Kəmaləddin Heydərovun müavinlərinin sayı 7-yə çatıb. Ölkə başçısının yeni təyinatları, xüsusilə Teymur Mehdiyevin təyinatı müxtəlif mülahizələrə səbəb olub. Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov Azərbaycan hakimiyyətində ən güclü fiqurlar hesab olunur. Hər iki şəxs de fakto ölkənin ikinci şəxsi statusunu bölüşür. Hər iki şəxsin ölkə başçısına təsir imkanları böyükdür. Kəmaləddin Heydərov hakimiyyətin iqtisadi, Ramiz Mehdiyev isə siyasi qanadının ən qüdrətli fiqurudur. Lakin onlar arasında münasibətlər o qədər də ürəkaçan olmayıb. Vaxtaşırı mətbuatda Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov arasında ziddiyyətlərin olduğu barədə məlumatlar yayılıb. Hər iki şəxs iqtidardakı “Naxçıvan” qruplaşmasını təmsil etməsinə baxmayaraq müxtəlif məsələlərə görə üz-üzə gəlməli olublar. Bu baxımdan Teymur Mehdiyevin Kəmaləddin Heydərova müavin təyin edilməsi Ramiz Mehdiyevin “fövqəlnazir”ə nəzarət imkanlarını artırması kimi qiymətləndirilir. Bəzi ehtimallara görə, Teymur Mehdiyevin bu təyinatı onun nazir olması üçün tramplin rolunu oynaya bilər. Yəni, gələcəkdə Kəmaləddin Heydərovu Ramiz Mehdiyevin oğlunun əvəzləməsi güman edilir. Bu halda ölkə başçısının bu təyinatını Kəmaləddin Heydərovun “vurulmasına” hazırlıq kimi dəyərləndirmək mümkündür.
Başqa mülahizələrə görə isə Teymur Mehdiyevin Kəmaləddin Heydərova müavin təyin edilməsi “fövqəlnazir”in razılığı ilə baş tutub. Bu mülahizəni irəli sürənlər məsələnin kökündə Kəmaləddin Heydərovun baş nazir olmaq iddiasının dayandığını ehtimal edirlər. Kəmaləddin Heydərov Ramiz Mehdiyevdən baş nazir postunu ələ keçirmək üçün dəstək alır, əvəzində Fövqəladə Hallar Nazirliyini Ramiz Mehdiyevə təslim edir. Lakin bu ehtimal o qədər də inandırıcı görünmür. Ramiz Mehdiyevin rəsmi olaraq ölkənin ikinci şəxsi statusunu Kəmaləddin Heydərov kimi böyük iddiaları olan bir fiqura güzəştə gedəcəyi ağlabatan deyil.