Mətanət Əzizovanın evində axtarış aparılıb

Hüquq müdafiəçisi isə xaricdə səfərdədir

Mayın 6-da Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarışa başlanılıb. Mətanət Əzizovanın vəkili Samirə Ağayevanın məlumatına görə, ötən şənbə planlaşdırılan axtarış Mətanət Əzizovanın evdə olmaması səbəbindən təxirə salınmışdı.
Hüquq müdafiəçisi hazırda xaricdə səfərdə olduğundan evdə axtarış onun həyat yoldaşının və vəkilinin iştirakı ilə aparılır.

Mətanət Əzizovanın evində axtarış dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlıdır. Bundan əvvəl Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun evində və Rauf Mirqədirovun Türkiyədə kirayə qaldığı mənzildə də axtarış aparılıb.
Vəkilin sözlərinə görə, Baş Prokurorluğun müstəntiqləri Mətanət Əzizovanın həyat yoldaşı ilə söhbət zamanı evdə axtarış aparılacağı ilə bağlı onu məlumatlandırıblar. Müstəntiqlər hüquq müdafiəçisinin həyat yoldaşına bildiriblər ki, onların axtarış aparmaq üçün orderləri var və axtarış reallaşdırılmalıdır.

Mətanət Əzizovanın anası, Neftçilərin hüuqlarının Müdafə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “facebook” səhifəsində bunları yazıb: “Bu gün (dünən – red.) saat 12-də Mətanətin həyat yoldaşını prokurorluğa çağırıblar. Məqsəd ona müxtəlif təzyiqlər etməklə Mətanətin yerini öyrənməkdir. Onun evi daima nəzarətdədir. Mətanətin ailəsi təhlükədədir. Mətanətin ailəsi də, anası da, atası da mənəm! Tezliklə qayıdacam. Gələrəm, məndən soruşarsınız bir daha. Axı səbriniz çatmayıb mənə zəng etmisiniz. Dedim ki, bazar ertəsi (mayın 12-si – red.) Bakıdayam”.
M.Əzizovanın həyat yoldaşı Eldar Əzizov “Turan”a bildirib ki, o, etibar etdiyi insanlar gəlmədən hüquq mühafizəçilərini mənzilinə buraxmayıb.
Axtarış üçün gələn qrup arasında üç MTN əməkdaşı, Baş Prokurorluğun 1 nümayəndəsi və MTN-nin iki videooperatoru olub.
Eldar Əzizovun sözlərinə görə, hüquq mühafizə orqanlarının nümayəndələri mənzilində Qadın Krizis Mərkəzinin möhürünü və sənədlərini axtarıblar.

Hal şahidi qismində vətəndaş cəmiyyətinin iki fəalı – Samir Kazımlı və Əfqan Muxtarlı iştirak edib.
Qeyd edək ki, mayın 1-də Mətanət Əzizova artıq Baş Prokurorluqda jurnalist Rauf Mirqədirovun işi üzrə dindirilib. Ancaq ona daha çox Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya Institutunun fəaliyyəti haqqında suallar veriblər. Qadın Krizis Mərkəzi bu Institutla eyni ofisdə yerləşir.