Hansı gülməlidir?

Dünən dostlardan biri telefon açıb Gülər Əhmədovanın azadlığa buraxıldığını isti-isti xəbər verdi, mən də telefonu qapadıqdan sonra həmin xəbəri yanımdakı bir tanışla paylaşdım. Adamın gözləri hədəqəsindən çıxdı: – Nə danışırsan? Bəyəm Gülər o vaxtdan bəri həbsdə idi ki?! Bəli, əslində bizim təəccübümüz məhz buna olmalıdır.

Biz heyrətlənməliyik, təəccüblənməliyik ki, Gülər necə olub indiyədək azadlığa buraxılmayıb, necə olub, onu indiyədək həbsdə saxlayıblar. Aydın məsələdir, onun həbsi “hüquq şousu” yaratmaq üçün idi. Guya “mandat alveri” cəzasız qalmır. 

Azadlığa buraxılması isə məntiqəuyğunluqdur. Seçki saxtakarlıqlarını amansız şəkildə ifşa edən Anar Məmmədli həbs olunursa, Gülər Əhmədovaya avtomatik şəkildə bəraət düşməlidir. 

Hə, onu da unutmayın ki, Gülər Əhmədovanın azadlığa buraxılması barədə hökm ona çıxarılan hökmdən daha gülməli deyil.

Ilqar Məmmədova günahsız yerə 7, Tofiq Yaqubluya heç bir dəlil-sübut yox ikən, bütün ittihamların uydurma olduğu ifşa edildiyi halda belə 5 il, Yadigar Sadıqlı kimi dürüst, ziyalı bir insana qondarma ittihamlarla 6 il, elə həmin Gülər Əhmədovanın şər-böhtanı ilə həbsə atılan Əvəz Zeynallıya 9 il cəza kəsən bir zehniyyətin ədalət və hüquq anlayışının nədən ibarət olduğunu ortadakı o qədər dəlil-sübuta rəğmən Gülər üçün cəmi-cümlətanı 3 il iş istərkən görmüşdük.

O zaman xanım yaptokrat üçün verilən komik cəzaya  təəccüblənməyənlər indi nəyə təəccüblənir, anlamaq mümkün deyil.  

Dünən ki hökmlə gələn mesajlar

Gülər Əhmədovanın azadlığa buraxılması həm də küll halında Azərbaycan toplumuna göndərilən yeni-köhnə mesajlarla zəngindir.

Bu hökm rejimin hər kəsə mesajıdır ki, “bizdən hüquq istəməyin.

Bizdən qanunun aliliyinə hörmət gözləməyin.

Hüquq – elə bizik.

Qanun – elə biz özümüzük.

Asdığımız asdıq, kəsdiyimiz kəsdikdir, suçludan məsum, məsumdan cinayətkar düzəltmək əlimizdə su içimi kimi bir şeydir. 

Udduğunuz havaya görə belə bizə minnətdar olmalısınız”. 

Gülər Əhmədovanı azadlığa buraxmaqla həm də Azərbaycan toplumuna ismarıc göndərdilər ki, “bizdən ədalət tələb etməyin.

Bizdən mərhəmət umun.

Bizim mərhəmətimizə sığının ki, biz də sizə istədiyinizi verək: azadlıq istəyənə azadlıq. Çörək istəyənə çörək”. 

Fövqəladə müavinlər naziri

Dünən fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin təyin edilib, bunun biri heç bir təqdimata ehtiyacı olmayan Ramiz Mehdiyevin, o biri də Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğludur.

Başqa cür ola da bilməz. Ölkədə ancaq bunların oğul-uşaqları qabiliyyət, bacarıq sahibləridir. Bütün vəzifələrə onlar layiqdir. Yalnız onlar karyera yollarında inamla irəliləyə, həyatda özlərinə ən ağlagəlməz yerlər tuta, bir göz qırpımında hətta ulduzlaradək yüksələ bilərlər.   

Sözüm onda deyil.

Deməli, bu iki yeni müavinlə Kəmaləddin Heydərovun müavinlərinin sayı 7-yə çatıb. Halbuki oturub hesablasan, heç 7 cür fövqəladə hadisə saymaq mümkün deyil. 

Adama elə gəlir, Kəmaləddin müəllim fövqəladə hallar yox, fövqəladə müavinlər naziridir.

Bəs görəsən niyə məhz 7 müavin?

Fikrimcə, bu, Heydərovun həm də görkəmli bəstəkar, dövrümüzün Motsartı, Bethoveni, Şopeni olması ilə bağlıdır. Axı musiqinin 7 notu vardır, elə isə niyə bəstəkar Kamalın müavinlərinin sayı da bu qədər olmasın?