Bu günlər ortaya çıxmış ilginc bir çıxış yada çox-çox illər öncənin başqa bir ilgin çıxışını saldı. AXCP-ni parçalamaqla “Bütöv Azərbaycan xalq cəbhəsi partiyası” yaratmış, bu sifarişli siyasi yaradıcılığına ödünc olaraq deputat mandatı ilə ödülləndirilmiş Qüdrət Həsənquluyev bugünlərdə açıq-açığına Rusiya ordusunu Azərbaycana çağırmaq istəyini ortaya qoydu. Bir çox illər qabaq AXCP-nin başında duranlardan biri olaraq indiki rejimlə söz savaşına çıxan elə bu Qüdrət Həsənquliyev liderlərindən olduğu qurumun hakimiyət partiyasından, əliyevçi rejimdən üstünlükləri sırasında birini ayrıca vurğulamışdı: “AXCP Qarabağ savaşında 4 mindən artıq şəhid vermiş bir təşkilatdır”. Bununla o, parlaq, unudulmaz bir tarix faktını dilə gətirmişdi.
Sonra nə oldu? Q.Həsənquliyev sonra düşərgəsini dəyişdi: “radikal müxalifət” düşərgəsindən “konstruktiv müxalifət” düşərgəsinə keçdi. Bizdə, indiki rejimdə, “konstruktiv müxalifətin” əlaltı müxalifət olduğu, “beşinci kolon” funksiyasını daşıdığı yalnız ölkə içində deyil, ölkə dışında da bəllidir. Olsun, ancaq, adamda bir belə transformasiya necə ola bilir? Yalnız Xalq Cəbhəsi Qarabağ uğrunda bir elə şəhid vermiş olsaydı, Qüdrəti, qüdrətkimilərin indiki Rusiya çağırışında hansısa rasionallıq axtarıb tapmaq olardı. Deyək, belə: Cəbhə başında duranlar yanlış siyasət yürüdərək xalqı Qarabağ uğrunda ölümə göndəriblər; başlanğıcdan Rusiya ilə danışığa gedib, Qüdrətin indi dediyi kimi, “Rusiya ilə razılaşıb, onun maraqlarını regionda təmin eləməklə…” işi yoluna qoymaq olardı. Görəsən, bunun adı nədir: biliksizlik, yoxsa satqınlıq-dönüklük?
Qüdrət indi “Ermənistan” adlandırılan qondarma ölkənin Qafan rayonundandır. Qafan Qarabağın indi “Ermənistana” keçmiş bir parçasıdır. “Ermənistan” özü isə ölkəmizin Batısı olaraq Azərbaycanın bir parçasıdır. Güneyli-Quzeyli, Batılı-Doğulu Azərbaycan parça-parçadır. Azərbaycanı iki yüz ildən bəri bu günə qoyan Rusiyadır. Bütün bunlara görə Azərbaycan Xalq Cəbhəsinin Proqramında Rusiyadan ayrılmaqla yanaşı, Azərbaycanı bütövləşdirmək istəyi ayrıca vurğulanırdı. Kimlərsə bu istəklərə arxa çevirərək AXC-nin özünü bölüb-parçalama yolu tutdular. Beləcə, iç-dış düşmən güclərə böyük şans verildi: ölkədə bütünlüklə Rusiyaya bağlı əliyevçi YAP hakimiyəti quruldu. Rusiyanın I Pyotrdan qalma bəlli Azərbaycan – Türk – müsəlman doktrinası var. Azərbaycanı Türk – müsəlman ölkəsi olaraq bölüb-parçalamağa, bütünlüklə erməniləşdirməyə, “Ermənistan”laşdırmağa yönəlik o doktrina indiyədək dəyişməmiş qaslırsa, Rusiyanı bura çağırmaq, “burada Rusiyanın hərbi bazalarını yerləşdirmək” istəyi ilə qüdrətlər, qüdrətkimilər nəyə çalışır?
Əliyevçi rejim başçısı indiyədək dönə-dönə deyib: “Rusiya bizim strateji müttəfiqimizdir”. Mənim ölkəmdə aqressiya, qanlı terror, soyqırım yoluyla erməni dövləti yaradan, o qondarma dövlətin sınırlarını genişləndirmək üçün mənim sınırlarımı daraldan, hər yolla düşmənimə arxa duran, onu gücləndirən bir ölkə necə mənim strateji “müttəfiqim” ola bilər? Düşmənimin düşməni mənim dostum ola bilər, düşmənimin dostu, arxa-dayağı yox! Rusiyanın böyük erməni sevgisinin arxasında Azərbaycan – Türk – müsəlman düşmənçiliyi dayanır.
Bu gün bizdə “beşinci kolon”, axtarışına çıxanlar bilməlidirlər: əliyevçi YAP hakimiyətinin özü “beşinci kolon”dur; eləcə də Azərbaycanda Rusiya hərbi bazalarının yerləşdirilməyini istəyənlər bilməlidirlər: 93-dən qurulan əliyevçi rejim özü Rusiyanın Azərbaycandakı hərbi bazadan daha üstün siyasi-ideoloji bazasıdır. Fakt: ardıcıllıqla yürüdülən antixalq siyasətləri, o başdan bu başa ölkədə ara verməyən repressiyalar! Əliyevlərin Rusiya ilə dostluğunu böyük, qorxulu güclə yolagetmə görsənişi saymaq olardı – ortada bir belə xalqa düşmənçilik faktları olmasaydı…