Amerikalı alim və siyasi ekspert Brenda Şaffer rəsmi Vaşinqtonun yeni planının olduğunu yazıb
Vəfa Quluzadə: «Rusiya elə dirəniş göstərəcək ki, Brenda Şafferin yazdıqları tamamilə fantastikaya çevriləcək»
Amerikalı alim və siyasi ekspert Brenda Şaffer mayın əvvəlində Obama administrasiyasının Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni həll təşəbbüsünü elan edəcəyini deyib. ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalındakı məqaləsində Şaffer bildirib ki, Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ heç vaxt olmadığı qədər Moskvanın regionda öz təsirini saxlamaq üçün üfürüb şişirdiyi konflikti çözməyə çalışacaq.
Brenda Şaffer Dağlıq Qarabağın qeyri-müəyyən statusunun Rusiyanın Cənubi Qafqazı öz orbitində saxlamaq üçün bir vasitə olduğu qənaətindədir.
Ekspertin yazdığına görə, Dağlıq Qarabağa dair sülh səyləri indiyədək o səbəbə uğur gətirməyib ki, ABŞ mübahisəli məsələdə Azərbaycanla Ermənistana əsas tərəflər kimi baxıb və Kremlin konflikti uzatmasında roluna diqqət yönəltməyib.
Ekspert qeyd edir ki, Rusiya başqa səbəblərdən Qərbin qəzəbinə tuş gəlib və bu amili boşuna buraxmaq olmaz.
Bu arada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini növbəti dəfə açıqlayacaq. Amerikalı diplomat bu barədə özünün “Twitter” səhifəsində məlumat verib.
“Mənim sabah Karnegi fondunda Dağlıq Qarabağ konflikti ilə bağlı çıxışım olacaq. Bu, həm də ABŞ-ın Qarabağla bağlı siyasəti haqqında bir bəyanat olacaq”,- deyə C.Uorlik bildirib.
Bütün bunlar ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni planının ola biləcəyindən xəbər verir.
Politoloq Vəfa Quluzadə bu vaxta qədər ABŞ rəhbərliyinin məsələyə qarışdığını xatırlatdı. Belə ki, Ki-Vestdə sülh imzalanmalı idi, ABŞ-ın o zamankı prezidenti Corc Buş da bunu himayə edirdi. Amma o zaman bu baş tutmadı. Indi də Amerikanın münaqişənin həllində marağı çox böyükdür. Amma Rusiyanın mövqeyi əvvəlkindən daha sərt olacaq: “Indi Amerika ilə Avropa sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar. Ondan sonra Azərbaycan, Türkmənistan qazı, Mərkəzi Asiyanın enerjisi Gürcüstana və Türkiyə üzərindən Avropaya çatdırılsın və Rusiya qazından imtina edilsin. Rusiya bunu yaxşı başa düşür. Ona görə də elə dirəniş göstərəcək ki, Brenda Şafferin yazdıqları tamamilə fantastikaya çevriləcək”.
Ekspertin sözlərinə görə, Amerika maraqlı olsa da, istədiyini edə bilmir. Əgər bunu bacarsaydı, Rusiyanı Krımın işğalından çəkindirərdi. Rusiya Ukraynada stabilliyi pozmaq üçün hər şey edir. Belə bir şəraitdə Avropa və Amerika üçün Qarabağ məsələsinin həlli böyük önəm kəsb edir. Azərbaycan da buna hazırdır: “Amma Ermənistan Rusiyanın köləsidir, onun əlində bir alətdir. Ermənistan elə dəriniş göstərəcək ki, bu məsələ mümkün olmasın. Amerikada belə imkanlar var ki, Ermənistanı Rusiyadan imtina etməyə, Türkiyə ilə sərhədləri açmağa, Azərbaycanla sülh imzalamağa razı salsın, onda məsələ həll olunacaq. Ancaq bunu dəqiq deyə bilmirəm”.
Fizzə


