Avropa Şurasında Əli Insanovla bağlı müzakirələr

Nazirlər Komitəsi Avropa Məhkəməsinin keçmiş nazirlə bağlı qərarının icra olunmaması məsələsinə baxacaq


Avropa Şurasının Nazirlər Komitəsi sabiq səhiyyə naziri Avropa Məhkəməsinin Əli Insanovla bağlı qərarının icra olunmaması məsələsini müzakirə edəcək. Bu barədə “Azadlıq”a keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, Avropa Məhkəməsinin ötən il martın 14-də Əli Insanovun şikayəti üzrə qərarı bu günə qədər tam icra olunmayıb.

Nazirlər Komitəsi Əli Insanovun icra məsələsilə bağlı şikayətinə baxıb və Azərbaycan hökumətindən izahat tələb edib. Eyni zamanda, Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə Nazirlər Komitəsinin iyunun 3-5-də keçiriləcək iclasında bu məsələnin də müzakirəyə çıxarılması qərara alınıb.

Xatırladaq ki, Əli Insanov 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan vəzifə cinayətlərilə bağlı ittihamlar üzrə 11 il azadlıqdan məhrum edilib. Ötən il Avropa Məhkəməsi keçmiş nazirin məhkəməsinin ədalətli keçirilmədiyi, onun işgəncəyə məruz qaldığı haqda qərar çıxarıb, buna görə Azərbaycan hökuməti cərimələnib.

Avropa Məhkəməsinin qərarı əsasında Əli Insanovun işinə yenidən baxılsa da, 11 illik həbs hökmü dəyişdirilmədən saxlanılıb.

Aytən