YAP Fransaya qarşı kampaniyaya başladı

Fuad Qəhrəmanlı: «Bu cür təbliğatın heç bir perspektivi yoxdur»

Artıq bir neçə gündür ki, hakim partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti hüquq müdafiəçisi Leyla Yunus və siyasi ekspert Arif Yunusa qarşı kampaniya aparmaqdadır. Amma bu kampaniyada diqqət çəkən bir məqam da ondan ibarətdir ki, təbliğatın bir istiqaməti Fransaya qarşı yönəlib.

Yazıların ruhundan görünür ki, Fransa səfirliyinin L.Yunusa viza verməsi, səfirliyin təmsilçisinin onu və ərini hava limanına müşayiət etməsi hakimiyyəti qıcıqlandıran faktordur. Bundan başqa, Fransa prezidentinin Bakıya səfəri zamanı onun L.Yunusla görüşünün nəzərdə tutulması hakimiyyətin həzm edə bilmədiyi məqamlardandır. Elə qəzetin səhifələrində “Fransa səfirliyinin Leyla Yunusa və onun ailəsinə ”istisna hal” kimi yanaşmasının arxasında hansı məqamlar dayanır?” kimi başlıqlı yazılar hakimiyyətin siyasi niyyətlərindən xəbər verir. Amma aparılan təbliğatda qəribə oxşarlıq da nəzərə çarpmamış deyil. Hakim partiyanın qəzetindəki tezislər bir zamanlar Almaniya və ABŞ-a qarşı apardığı kampaniyanı xatırladır. Bəs Fransanın hədəf alınmasının səbəbləri nədir və hakimiyyətin bu siyasəti nəyə hesablanıb?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, hazırda müşahidə olunan tendensiya Azərbaycan hakimiyyətinin siyasətində bir ənənəyə çevrilib. Eyni kampaniyanın bir müddət öncə Almaniya və ABŞ-a qarşı aparıldığını xatırladan F.Qəhrəmanlı bildirdi ki, bu kampaniyanın da əsas səbəbi AXCP sədri Əli Kərimlinin Almaniyaya dəvət olunması idi: “Əli Kərimlinin pasport məsələsi ilə bağlı Almaniya hökumətindən Azərbaycan hakimiyyətinə müraciət olunmuşdu. Bundan sonra Almaniya hədəf alındı. Hazırda da eyni proses Fransa ilə bağlı yaşanır. Hakimiyyət sanki bu yolla Avropa ölkələrinə o mesajı verməyə çalışır ki, Azərbaycanda gedən demokratik proseslərə hər hansı dəstək ifadə olunmasın. Əgər Avropa ölkələri Azərbaycandakı demokratik proseslərə dəstək verəcəklərsə, bu, hakimiyyətin onlara qarşı əks təbliğatına zəmin yaradacaqdır”.

F.Qəhrəmanlının fikrincə, aparılan kampaniya daha çox daxili auditoriya üçün hesablanıb. F.Qəhrəmanlı qeyd etdi ki, hətta YAP üzvlərinin belə oxumadığı rəsmi qəzetlərdə Qərbi hədəf seçən yazıların heç bir siyasi əhəmiyyəti yoxdur: “Hakimiyyət öz maraqlarını qorumaq üçün nəinki insan haqlarını pozur, vətəndaşların hüquqlarını tapdalayır, hətta demokratikləşməni gündəmə gətirən beynəlxalq təşkilatlara, dövlətlərə qarşı da eyni münasibəti göstərməyə hazırdır. Bu cür təbliğatın heç bir perspektivi yoxdur. Almaniyaya qarşı aparılan kampaniya da vaxtilə istehza hədəfinə çevrilmişdi. Fransaya qarşı aparılan təbliğatı da eyni aqibət gözləyir”.

Xəyal