Xalq neçə nəfərdir?

Berdyayev yazırdı ki, “xalq kəmiyyət deyil, keyfiyyətdir”. Son zamanlar yaşadıqlarımızdan, başımıza gələnlərdən-gətirilənlərdən sonra istər-istəməz ikili hisslər keçirirsən. Bir tərəfdə nəhəng kütləvi laqeydlik. Öz taleyinə, gələcəyinə qarşı soyuqluq, yadlıq. Digər tərəfdə əhalinin sayca az bir hissəsinin vətəndaş həssaslığı, cəfakeşliyi, fədakarlığı. Həqiqət təəssübkeşliyi, azadlıq axtarışları. Ən ağır şərtlər altında belə, zülmə qarşı dirənişi, duruşu. 

Bu təzadlı vəziyyətdə ikili hisslər keçirməkdən normal, məntiqəuyğun nə var. Gah çoxluğun sükunətinə, biganəliyinə baxıb fikirləşirsən ki, bunlara görə enerjini, gücünü sərf etməyə, özünün, doğmalarının həyatını təhlükələrin ağuşuna atmağa dəyərmi? Gah da az bir hissənin mübarizə ruhuna baxıb düşünürsən: sənin onlardan nəyin artıqdır? Bəlkə sənin həyatın onlarınkından qiymətlidir? Bəlkə sənin canın onlarınkından şirindir? Niyə onlar hər şeyə rəğmən müqaviməti davam etdirirlərsə, sən ən yaxşı halda seyrçi olmalısan? 

Belə ikili hisslər arasında ən doğru yolu bizə Berdyayevin yazının lap əvvəlində xatırlatdığım sözləri göstərir. Bəli, “xalq kəmiyyət yox, keyfiyyətdir”. Gəlin bir az da günümüz Azərbaycanının mənzərəsinə bu pəncərədən baxaq: nə üçün biz xalq deyəndə ancaq susmuş, razılaşmış, təslim olmuş çoxluğu nəzərdə tutmalıyıq? Nə üçün xalq deyəndə gözümüz önündə azadlıq, ədalət, həqiqət uğrunda bütün məhrumiyyətlərə və məşəqqətlərə baxmayaraq, çalışmağa, çarpışmağa davam edənlər gəlməməlidir? Nə üçün sizə elə gəlir ki, xalq, məsələn, Ceyhun Osmanlıdır, amma Rəşadət Axundov deyil?  Niyə “Irəli” xalqdır, amma NIDA xalq deyil? Niyə saxta seçkinin akkumlyatoru Məzahir Pənahov xalqdır, amma ədalətli seçki məhbusu Anar Məmmədli yox? Niyə yalan, təhqir generatoru Etibar Hüseynov xalqdır, amma doğruların mirzəsi Zamin Hacı yox?  

Yox, yox, buracan yazdıqlarım qətiyyən və əsla çoxluğun ictimai, siyasi təslimçiliyinə, maddi və mənəvi köləliyinə, vətəndaş biganəliyinə qarşı söylənən bir “təsəlli nitqi” deyildir. Mən indi sadəcə, uzun zamandan bəri haqqında düşündüyüm bir mətləb barədə gəldiyim son qənaəti yazdım. Mənim üçün xalq alqışlayan, çəpik çalan, susan, laqeyd çoxluq yox, bir hissəsi həbsxanalara doldurulmuş, o biri hissəsi hər anı həbs təhlükəsi altında keçən, amma hər iki halda dirənişi davam etdirən azlıqdır. Mənim üçün Azərbaycanın qəlbi onlarda atır. Mənim üçün Azərbaycanın ruhu onlarda dincəlir. Mənim üçün Azərbaycanın gələcəyi onların gözlərində əks olunur. 

Və könül istərdi ki, indi bizim hər birimiz yola məhz bu düşüncə ilə davam edək. Bax onda xalqla bağlı (məmləkətə hakim kəsilməyə başlayan kütləvi itaətkarlığdan doğan!) inciklərimizə, küskünlüklərimizə də son qoyular, zaman-zaman arasında var-gəl etməli olduğumuz “dəyərmi-dəyməzmi” suallarının qəti, həmişəlik cavabını da asanlıqla verə bilərik: dəyər! 

Biz 100-150 il əvvələ dönüb baxanda kimləri xatırlayırıq? Teatrın olmadığı ölkədə beş komediya yazmış Axundovu. Ya da yazıb-oxumağın az qala, ayıb, günah, şeytan əməli sayıldığı ölkədə qəzet açmaq fikrinə düşən Zərdabini.

Elə sonrakı zaman kəsimlərində də vəziyyət fərqli deyildi. Bəlkə Sabirin yanında çoxluq var idi? Yoxsa Mirzə Cəlil çoxluğun səsi idi? 

Amma bu gün biz xalqın sifəti deyəndə məhz bu cür ağrı və yanğı sahiblərini, işıqlı, vicdanlı simaları nəzərdə tuturuq. 

Bəyəm bu xalqın kəmiyyət deyil, məhz keyfiyyət olduğunun təsdiqi deyilmi?

Və bəyəm bu o demək deyilmi ki, “dəyər!”