ABŞ rəsmiləri bildiriblər ki, Ukraynadakı böhranla əlaqədar Azərbaycana potensial olaraq Avropanı Rusiyanın qaz asılılığından qopara biləcək əsas oyunçu kimi baxılsa da, Birləşmiş Ştatlar insan haqlarının vəziyyətinə görə Bakıdan hesabat tələb etməlidir.
Merilend ştatından olan demokrat senator Ben Kardin “Azadlıq” radiosuna verdiyi bəyanatda deyib: “Mən qəti əminəm ki, biz Azərbaycanla enerji məsələlərində sıx işlədiyimiz kimi, bütün regionda təhlükəsizliyin tərkib hissəsi kimi bu ölkədə insan haqlarının tənəzzül etməkdə olan vəziyyəti ilə də məşğul olmalıyıq”.
Kreml mart ayında Krımı ilhaq etdikdən sonra Qərb liderləri Rusiyanın geosiyasi təsir imkanlarını məhdudlaşdırmaq məqsədilə Avropa Birliyinin Rusiyadan Ukrayna ərazisi ilə nəql olunan qazdan asılılığını azaltmaq ehtiyacından danışırlar.
ABŞ dövlət katibi Con Kerri də daxil olmaqla, Avropa Birliyi və ABŞ rəsmiləri Rusiyadan yan keçməklə Türkiyə ərazisi ilə Xəzər qazını Cənubi Avropaya nəql edən “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycanın oynaya biləcəyi mühüm rolu açıq şəkildə qeyd ediblər.
Bu arada Azərbaycan da ABŞ siyasiləri üçün müxtəlif tədbirlər keçirərək özünü Vaşinqtona Avropanın enerji təhlükəsizliyini təmin edəcək mühüm oyunçu kimi təqdim etməyə çalışır.
Lakin bu cəhdlər, fəalların və təhlilçilərin təbirincə desək, Azərbaycanda azadlıqların pisləşdiyi bir vaxta təsadüf edir. Karnegi Mərkəzindən Cənubi Qafqaz üzrə ekspertÿTomas De Vaalÿbu həftə yazdığı məqalədə qeyd edir ki, Azərbaycan prezidenti Ilham Əliyevin tənqidçilərinin təqibi arxasında “Bakı hökumətinin Azərbaycanın enerji təchizatçısı kimi əvəzedilməz olduğuna və buna görə də Qərbin tənqidindən sığortalandığına inamı dayana bilər”.
ABŞ-ın Bakıdakı səfiriÿ Riçard Morninqstarÿ bu həftə Vaşinqtonda keçirilən tədbirdə demokratiya və insan haqlarını müzakirə etməkdən yayınmayıb və ikitərəfli münasibətlərdəki məsələləri “otaqda fil”lə müqayisə edib. O, aprelin 30-da Azərbaycanın Dostları Assosiasiyasının tədbirində deyib: “Biz bu məsələlərdən boyun qaçıra bilmərik. Belə görünür ki, biz eyni şeylər barədə müxtəlif cür danışırıq. Biz bizik, bizim güclü demokratik dəyərlərimiz var, odur ki, biz bu dəyərlərin pozulduğunu və ya problemlə üzləşdiyini görəndə, bunu deyirik və deməkdə davam edəcəyik”.
Bu qrupu Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) maliyyələşdirir. Xarici Təşkilatların Qeydiyyatı Aktındakı məlumata görə, Azərbaycanın imicini təbliğ etmək məqsədilə “APCO Worldwide” PR firması ilə iki ay müddətinə 46 min dollarlıq müqavilə imzalanıb.
Pensilvaniya ştatından olan respublikaçı-konqresmenÿKarlie Dentÿözünün ABŞ-Azərbaycan əlaqələrini tərifləyən çıxışında insan haqları məsələsinə toxunmasa da, “Azadlıq” radiosuna bildirib ki, heç nə bu məsələdə Bakıya təzyiq göstərməyi ABŞ-a qadağan edə bilməz.ÿ
Bu tədbir aprelin 11-də Senatda keçirilən “Ukrayna böhranı şəraitində Avropanın enerji təhlükəsizliyi” adlı brifinqin ardınca keçirilmişdi. Tədbirə Konqres nümayəndələri və xarici diplomatlar da qatılmışdı. Burada SOCAR-ı ABŞ-da təmsil edən Rauf Məmmədovÿda iştirak edirdi.
“Azadlıq” radiosu


