“Nurçu” skandalı Elnur Aslanov və Elşad İsgəndərovla bitməyəcək

Elxan Şahinoğlu: «Yeni vəzifədən çıxarılmaların, istefaların şahidi olacağıq»

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Isgəndərov tutduğu vəzifədən azad olunub. Xatırladaq ki, Elşad Isgəndərovun adı Nurçularla əlaqədə hallanırdı. Hətta belə iddialar var idi ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Ilham Əliyevə təqdim etdiyi siyahıda Isgəndərovun adı ikinci olub.  Bu baxımdan onun işdən çıxarılması məhz “Nurçu məsələsi”lə əlaqələndirilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Azadlıq”a açıqlamasında bildirib ki, Elşad Isgəndərov heç də kiçik ranqlı məmur deyildi: “Yadınızdadırsa, Ərdoğan Bakıya səfər etməmişdən bir neçə gün öncə ölkə başçısı  Elnur Aslanovu vəzifəsindən çıxarmışdı. Bu da ondan xəbər verir ki, Ərdoğanın istəkləri Azərbaycan hakimiyyətinə çatdırılmışdı. Ölkə başçısı da müəyyən addımlar atmağa başladı. Fikrimcə, Elnur Aslanov məhz ona görə çıxarıldı ki, Ərdoğanın səfəri öncəsi bu, Ankaraya bir jest idi. Digər tərəfdən, Ərdoğan Bakıya gəldi və hamımızın da bildiyi kimi, bir siyahı təqdim edildi. Bəziləri düşünür ki, Ərdoğan istəyir deyə, Azərbaycan hökuməti, o cümlədən ölkə başçısı bu siyahıda kimlər varsa, işdən çıxarır. Mən isə hesab edirəm ki, bu, istəklə həll olunan məsələ deyil. Bu şəbəkə artıq təhlükəli həddə satıb. Dövlət aparatında oturublarsa, dövlət maraqlarından başqa şəbəkə maraqlarını da güdürlərsə, dövlətin maliyyəsindən öz adamları, öz məqsədləri üçün istifadə edirlərsə, deməli, həmin adamlar vəzifədən uzaqlaşdırılmalıdır. Getsinlər, özəl işlərilə məşğul olsunlar. Elşad Isgəndərov vəzifədən çıxarılmamışdan belə suallar yaranırdı ki, proses səngiyir, Elnur Aslanovdan başqa heç kim toxunulmur. Mən o zaman da dedim ki, tələsmək  lazım deyil, proses hələ davam edir. Aydındır ki, siyahı üzrə hamını birdən işdən çıxartmaq olmaz. Belə görüntü yaranar ki, Ilham Əliyev Ərdoğanın təzyiqi altında bu addımları atır. Çünki Ilham Əliyev təzyiqləri xoşlamır və təzyiq altında siyasət yürütməkdən çəkinir. Ancaq hiss olunur ki, müəyyən addımlar atılır”.

Elxan Şahinoğlu hesab edir ki, proses yenə də davam edəcək: “Yəqin ki, daxili araşdırmalar gedir. Ortada müxtəlif sənədlər var, onlar da dəqiqləşdirilməlidir ki, nə qədər düzdür, nə qədər yanlışdır. Fikir versəniz, görərsiniz ki, müəyyən qədər iqtidara yaxın saytlar da bu xəbərləri verirlər. Bu isə o deməkdir ki, hakimiyyətin içində müvafiq dövlət qurumlarının özləri də şəbəkənin üzə çıxmasında və onların neytrallaşmasında maraqlıdır. Ona görə də düşünürəm ki, hələ məsələ Elnur Aslanov və Elşad Isgəndərovla bitməyəcək. Araşdırmalar gedəcək və bunun nəticəsində müəyyən istefaların, vəzifədən çıxarılmaların şahidi ola bilərik”.

Ramin DEKO