Dünən Dünya Mətbuat və Söz azadlığı günü idi. Şübhəsiz, bu, önəmli bir gün olmasaydı, kimsə onu tarixə salmağı da düşünməzdi. Sözün əsl mənasında, azad söz hər bir cəmiyyətin nəfəsidir. Hər il dünyada onlarla qələm sahibinin qətlə yetirilməsi və ya başqa məhrumiyyətlərlə üzləşməsi bu faktı bir daha isbatlayır. Ümumiyyətlə, araşdırmalara görə, son illər jurnalistika dünyanın ən təhlükəli peşəsinə çevrilib. Uzağa getməyək. Bir anlığa yaşadığımız ölkəni 10-15 nəfər ürəkli qələm sahibi olmadan təsəvvür edin! Yaxın günlərdə onlardan 3 nəfərin adı “dünyanın qəhrəmanları” siyahısına salınmışdı. Bəli, onlar qəhrəmandırlar, yaşadıqları tarixin üstünə öz imzalarını yazan qəhrəmanlar…
Dünyanın on illik mənzərəsinin necə önəmli dərəcədə dəyişməsi, bəlkə də, ən çox informasiya şəbəkəsinin genişlənməsində özünü göstərir. Bununla belə, statistik rəqəmlər dünyada jurnalistlərlə bağlı ölüm və həbs faktlarının getdikcə artdığını sübuta yetirir. Səbəb sadədir, əslində. Internet mediası və sosial şəbəkələr cəmiyyətə böyük informasiya kanalları açdığına görə, təqib olunan insanların sayı da gündən-günə artır. Artıq cəmiyyətdəki böyük bəlaların üstünü ört-basdır etmək müşkül məsələyə çevrildiyindən, azad sözə qarşı aqressiyanın artması da qaçılmazdır. Son illər dünyanın qeyri-azad ölkələrində onlarla bloggerin həbsi və ya öldürülməsi də bundan xəbər verir. Adətən, belə sifarişli hadisələrin çoxu da cəzasız qalır və bununla yeni qəsdlərə stimul vermiş olur. Faktlar göstərir ki, son 15 ildə baş verən 200-ə yaxın jurnalist qətlinin üstü açılmayıb.
Illərdir Azərbaycan da dünya statistikasına belə nəhs rəqəmlər yazan ölkələr siyahısında “layiqli” yerini almaqda davam edir. Bu hücumların 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən sonra daha da gücləndiyini söyləmək olar. O zamandan bu günə baş verənlər mətbuatımız üçün acı bir hekayətdir, əslində. Mətbuat tariximizdəki bu son 10 ili, bəlkə də, gələcək zamanda ən ağır günlərimiz kimi xatırlayacağıq. O günlərdən yaddaşlarda neçə-neçə məhkəmə hökmləri, həbsxana xatirələri, oğurlanma və döyülmə faktları, məcburi mühacirət həyatının acı izləri qalacaq, şübhəsiz.
Bu gün dünyadakı bütün azad qələm sahiblərinin bayramı sayılır. Bu gün tarix yazan insanların günüdür. Və onlar o layiqli tarixi yalnız vicdanlarının hökmü ilə deyil, həm də həyatları, canları və qanları bahasına yazırlar bəzən. Bu gün dünyanın qanlı savaş meydanlarında onlarla qəhrəman jurnalist iş başındadır. Bu gün yaşadığı ölkənin acı reallıqlarına göz yummadan savaşan və amansız təqiblərə məruz qalan yüzlərlə qələm sahibi insanlığa nümunə göstərməkdədir. Bu gün yer üzündə sözünün, fikrinin, düşüncəsinin sahibi olan, heç bir gücə boyun əyməyən saysız-hesabsız həmkarımız həbsxana divarları arasında məhkumluq həyatı yaşamaqdadır. Dünyada doğru sözün keşikçisi olan bütün cəsarətli və vicdanlı insanlar bir-birinə bənzəyir, əslində. Onların taleyi, yaşadığı cəmiyyət və şərtlər, həbs və təqib motivləri də çox oxşardır.
Bu gün Azərbaycan həbsxanalarında doğru sözünün cəzasını çəkən jurnalist və bloggerlərin də günüdür. Onları minnətdarlıqla xatırlayaq. Bu solğun, dalğın, yorğun cəmiyyətin ümidi olub, həqiqətləri dəmir barmaqlıqlar arasında belə, dilə gətirə bildiklərinə görə…