Oqtay Əsədov deputatları topa tutdu

Parlamentin dünənki iclası qalmaqallarla yadda qaldı

Milli Məclisin dünənki iclasında deputat Fərəc Quliyevlə vitse-spiker Ziyafət Əsgərov arasında qalmaqal yaranıb. Fərəc Quliyev çıxışında bildirib ki, deputatlara yetərli söz verilmir. Ziyafət Əsgərov isə Fərəc Quliyevin sözünü kəsərək deputatı mahiyyəti üzrə danışmağa dəvət edib. Vitse-spikerin bu hərəkəti deputatın hiddətinə səbəb olub. “Bura notariat kontoru deyil. Hər kəsin çıxış etmək haqqı var. Imkan verin sözümzü deyək. Siz heç kimin çıxışını kəsə bilməzsiniz. Sizin bizdən heç bir fərqiniz yoxdur. Səlahiyyətlərimiz eynidir. Sadəcə, siz çıxışçılara söz verirsiniz vəssalam!”, – deyə o, Ziyafət Əsgərova təpinib.

Daha bir qalmaqal Oqtay Əsədovla Məlahət Ibrahimqızı arasında yaranıb. Məlahət Ibrahimqızı gündəlikdəki məsələdən yox, günün müzakirə mövzusuna çevrilən Leyla Yunus məsələsindən danışıb. Bu isə spikeri əsəbiləşdirib. Oqtay Əsədov deputata bildirib: “Mən bir az öncə də bildirdim ki, gündəlikdə olan məsələlərdən danışın. Mən axı Azərbaycan dilində danışıram, deyəsən, başa düşmürsünüz.  Özüm də Azərbaycan dilində orta məktəbi qurtarmışam  və öz fikrimi də dəqiq ifadə edə bilirəm. Bir daha qeyd edirəm ki, əgər başqa məsələlərdən danışmaq istəyirsinizsə, cari məsələlər üçün ayrılan vaxtı artıraq”. 

Mətbuatla bağlı müzakirələr zamanı deputat Çingiz Qənizadə ilə həmkarı Zahid Oruc arasında da söz atışması olub. “Mən əslində heç nə demək istəmirəm, amma Zahid Oruca tövsiyəm var. II Yekaterinadan misal çəkməsin, siyasi vəziyyəti nəzərə alsın”, – deyə Çingiz Qənizadə Zahid Oruca “ilişib”. Qarşı tərəfdən dərhal cavab gəlib: “Istəsəm Yekaterinadan danışaram, istəsəm də Kleopatradan”.

Daha sonra söz alan deputat Elton Məmmədov mətbuatı ictimaiyyəti çaşdırmaqda günahlandırıb: “Bəzən görürsən ki, bu zalda boynumuzun dalından şəklimizi çəkirlər. Buna kim icazə verib? Bu onların öz peşə kodekslərinə də ziddir”.

Elton Məmmədova cavab verən spiker bildirib ki, belə hallar davam etdiyi təqdirdə, ümumiyyətlə kameraların MM-ə buraxılmaması məsələsinə baxıla bilər.

Deputat Siyavuş Novruzov isə yenə də özünəməxsus çıxışı ilə yadda qalıb: “Biz niyə narahat oluruq ey?! Biz burda özümüzü öldürsək də, kimin nəyə marağı var, ona baxacaq. Görmürsünüz indi hamı Xoşqədəm Hidayətqızının verilişinə baxır?! O bizdən maraqlı gəlir çoxlarına. Nə etməliyik? Indi XXI əsrdir, hərə öz evində istədiyi kanala baxır, kimisi euronews-a, CNN-ə, kimi də Xoşqədəm Hidayətqızına”.

Milli Məclisin dünənki iclasında ənənəyə yenilik olaraq gündəliyin müzakirəsi bitdikdən sonra spiker tərəfindən açıq debatın keçirilməsi elan olunub. Oqtay Əsədov bildirib ki, debatda kim gündəlikdən kənar nə demək istəyir deyə bilər. O, bildirib ki, ilk sözü elə özü demək istəyir. Oqtay Əsədov çıxışında deputatları sərt tənqid edib: “Milli Məclisin ayda iki iclası keçirilir. Bura bizim hamımızın iş yeridir. Amma ayda iki dəfə keçirilən iclaslarda deputatlar yarım saat gecikir və s. Elə bir az bundan əvvəl səsvermə zamanı gördük ki, yetər səs yoxdur. Bizim başqa nə işimiz var axı? Biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli məclis olan gün iclasdan daha vacib olan tədbir nədir axı? bir dəfə dinmirik, iki dəfə dinmirik. Gedib tədbirə iclasın yarısına gəlirlər, sonra da bir iki çıxış edir , yenidən çıxıb gedirlər. Biz özümüz özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın. Mən öz fikrimi deyirəm, burada çəkinməli bir şey yoxdur. Dünyanın hər yerində var ki, 500 deputat üzvinin 50-i iştirak edə bilər. Amma səsvermə zamanı hamı iştirak etməlidir.

Həmişə əvvəl deyirdik ki, 3 deputatın 1 telefonu var. Artıq  hər kabinetdə 1  hökumət telefonu var. Bir sual verəcəm. Bu boyda bina tikilir. Mən bu binada komitə sədrlərindən başqa deputatların 70%-ni kabinetdə görməmişəm. Yaxşı, əgər o kabinetə gəlmirsə, ekspertlərimizə verək gedib otursunlar orada. Deyirik ki, burada sakitlik olsun. Hamımız telefondan istifadə edə bilirik. Girirsən parlamentə, telefonu səssizə qoy. Iclas gedir hər tərəfdən bir zəng gəlir. Bu elementar şeylərdir. Bunları demək heç yaxşı deyil”.

Azad