“Bu gün baş verənlər 2015-ci ilə hazırlıqla bağlıdır”

“Bunlar xalqın səsi ilə deyil, MSK-nın arayışı ilə  hakimiyyətə gəliblər”

«Hakimiyyətin nəzarətində olmayan təşkilatlara, şəxslərə qarşı total şəkildə müharibə elan edilib»

Cəmil Həsənli: «Bütün bunlar eyni zamanda Milli Şuraya qarşı mübarizənin tərkib hissəsidir»

Milli Şuranın sədri Cəmil Həsənli “Azərbaycan saatı”nın qonağı olub və ölkədəki ictimai-siyasi vəziyyət, son həbslərlə bağlı suaları cavablandırıb.

– Cəmil bəy, Azərbaycandakı son ictimai-siyasi vəziyyəti siyasi mahiyyətli məhkəmələrin fonunda necə qiymətləndirirsiniz?

– Hələ Prezident seçkiləri ərəfəsində biz proqnoz vermişdik və çıxışlarımızda bildirmişdik ki, Azərbaycanda avtoritarizmin güclənməsi prosesi gedir. Bu proses Azərbaycanda diktatura meyllərinin bərqərar olması ilə nəticələnə bilər. Cərəyan edən hadisələr göstərir ki, həqiqətən də diktatorluq idarə üsulu qurulur. Leyla Yunusa və onun həyat yoldaşına qarşı baş verənlər ötən əsrin 30-cu illərini xatırladır. Həmin illərdə faşist Almaniyasının hücumçu dəstələri, yəhudilərə qarşı məhz belə davranırdılar. Gözlənilməz hücumlar, hüquqi cəhətdən əsaslandırılmayan həbslər, təqiblər, evlərdə axtarışların aparılması məhz hücumçu dəstələrə xas olan əməllər idi. Bu gün Leyla Yunusla bağlı baş verənlərdə bunun aydın təzahürünü gördük. Bu adam 30 ildən çoxdur vətəndaşların hüquqların müdafiə edir və hüquq pozuntularına qarşı mübarizə aparır. Leyla Yunus Azərbaycanda “siyasi məhbus” anlayışının bəlkə də son dayağıdır. Əslində Leyla Yunusu öz fəaliyyətindən təcrid etməklə, hakimiyyət “siyasi məhbus” məsələsinin üstündən xətt çəkməyə hazırlaşır. Necə ki, Anar Məmmədlinin həbsilə  müstəqil seçki monitorinqi aparan sonuncu təşkilatın və bu təşkilatın başında duran adamın siyasi prosselərdən uzaqlaşdırlması baş verdi, eyni halı Leyla Yunusla bağlı müşahidə etdik. Hakimiyyətin nəzarətində olmayan proseslərə, təşkilatlara, şəxslərə qarşı total müharibə elan edilib.

“Leyla Yunusa qarşı baş verənlər, faşistlərin yəhudilərə qarşı davranışının təkrarıdır”

– Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamı irəli sürürlər. Bizim Konstitusiyamız, qoşulduğumuz beynəlxalq Konvensiyalar Azərbaycan vətəndaşı olan ermənilərlə ünsiyyətdə olmağı qadağan edirmi? 

– Mən bu məsələni fərqli qaydada ifadə edərdim. Əgər işin mahiyyətinə varsaq, erməni xüsusi xidmət orqanları ilə əlaqədə olmaqdan daha çox, bizim xüsusi xidmət orqanları ilə əlaqədə olmamaq ittihamı ortaya çıxar. Hakimiyyət “xalq diplomatiyası”nın işləməsində maraqlıdır. Maraqlı olmasaydı, MM-in deputatları, ziyalılar, QHT-lərin nümayəndələri Ermənistana göndərilməzdi. Rauf Mirqədirov və Leyla Yunusla bağlı bu məsələ ona görə ortaya atılıb ki, bu adamlar sıradan çıxarılsın. “Dövlət sirri” haqqında Azərbaycan Respublikasının qanunu var. Bu sirri qorumağa səlahiyyətli, cavabdeh olan dairələr var. Kənar bir şəxs hansısa məqsədlə dövlət sirri ilə tanış edilirsə, o, imza atıb həmin sirri yaymamaq haqqında öhdəlik götürür. Prokurorluğun açıqlamasında göstərilir ki, guya Rauf Mirqədirov hansısa sxemləri, şəkilləri erməni tərəfə ötürüb. O zaman ortaya sənəd qoysunlar ki, bu həqiqətən dövlət sirridir və cavab versinlər ki, dövlət sirri Rauf Mirqədirovun əlinə necə keçib. Sıravi vətəndaşda dövlət sirri ola bilməz. Leyla Yunusa qarşı baş verənlərin Milli Şura ilə əlaqəsinə də aydınlıq gətirmək istəyirəm. Leyla Yunus 30 ildən çoxdur bu fəaliyyətlə məşğul olur və məsələlərə indikindən də sərt münasibət bildirib. Niyə bu gün baş verənlər 30 il ərzində baş verməyib? Məsələ burasındadır ki, Leyla Yunus indi yalnız hüquq müdafiəçisi deyil, həm də Milli Şuranın üzvüdür. Xatırlayırsınızsa, mart ayında AXCP-nin qərargahı partladıldıqdan sonra biz Koordinasiya Şurasının iclasını Rövşən Əhmədlinin ofisində keçirirdik. 2 iclasdan sonra ofisin sahibi Rövşən Əhmədli ilə icarə müqaviləsini pozmağa məcbur edildi. Daha sonra biz iclaslarımızı Leyla Yunusun ofisində davam etdirirdik. Həmişə yarızarafat, yarıciddi deyirdik ki, bu binada yaşayış olduğu üçün partlatmazlar. Hakimiyyət isə daha mürəkkəb prosedura əl atdı. Bu baxımdan biz hesab edirik ki, baş verənlər eyni zamanda Milli Şuraya qarşı mübarizənin tərkib hissəsidir.

– Ilham Əliyev Irana səfər etdi və səfər sonrası Iran səfiri açıqlama verdi ki, Azərbaycanla Iran arasında üçüncü ölkəyə qarşı saziş imzalanıb. Ehtimal olunur ki, 3-cü ölkə Israil, yaxud ABŞ ola bilər. 2 gün öncə isə Israilin xarici işlər naziri Liberman Azərbaycana səfər etdi və bildirdi ki, mən Azərbaycana gələndə elə bilirəm öz evimə gəlmişəm. Bəzi mətbuat səhifələrində isə bu gediş-gəlişlər diplomatiyanın uğuru kimi qiymətləndirildi. Bir-biri ilə zidd mövqedə olan ölkələrlə əməkdaşlıq diplomatik uğurdu, yoxsa katastrofik vəziyyətə gətirib çıxaracaq?

– Əgər bu dövlətlərlə eyni qaydada normal münasibətlər saxlamaq mümkündürsə, bunu diplomatiyanın uğuru kimi qiymətləndirmək olar. Amma bununla yanaşı bunun nə dərəcədə mümkün olacağı sual doğurur. Bəzən balanslaşdırılmış siyasət adı altında, hər bir ölkə ilə fərdi münasibətlər qurmaq istəyirik. Amma bütüövlükdə ikitərəfli münasibətlər  beynəlxalq münasibətlərin tərkib hissəsidir. Proseslər dünyadakı tendensiyaya uyğun getməyəndə əlavə problemlər yaranır. Hesab edirəm ki, Azərbaycan prezidentinin Irana səfəri daha çox son dövrlər gedən proseslərlə bağlıdır.  Yəni bu səfər Rusiya və Qərb arasındakı gərginliyin Cənubi Qafqaza mümkün təsirləri ilə bağlıdır. Bütövlükdə biz Azərbaycan-Iran münasibətlərinin normal, işgüzar, milli və mənəvi əlaqələr zəminində qurulmasında maraqlı olmalıyıq. Amma Iranla Israil arasında kəskin ixtilaflar var. Dediyiniz üçüncü dövlət Azərbaycan üçün Ermənistan ola bilər. Iran üçün isə Israil və ya ABŞ ola bilər. Bütün hallarda Azərbaycan kövrək bir regionda və dünya siyasətinin kövrək bir məqamında yerləşir. Azərbaycan bu prosesdən itki vermədən çıxamlıdır.

– “Molotov kokteyli”, narkotik aludəsi itihamı, ittiham olunanlardan çox, ittiham edənlərə aiddir. NIDA-çılar məhkəmədə son söz söylədilər. Baş verənləri necə qiymətləndirirsiniz və bu cür məhkəmələrlə hakimiyyət cəmiyyətə hansı mesajı vermək istəyir?

– Söhbətimizin əvvəlində dediyimiz kimi, bu, avtoritarizmdən yumşaq diktaturaya keçidinin təzahürüdür. Ölkədə şəffaf seçki keçirilməyəndə, hakimiyyət xalqın etimadı ilə formalaşmayanda, bütün etirazlar repressiv metodlarla susdurulur. NIDA-çı gənclərlə bağlı baş verənlər də bu prosesin tərkib hissəsidir. Mən NIDA-çıların məhkəmə proseslərində iştirak etmişəm və ittihamların nə qədər cəfəng olduğunun şahidi olmuşam. Bu gənclərə qarşı  Azərbaycan hüquq mühafizə orqanlarının ən çox istifadə etdiyi narkotika ittihamı irəli sürülür. Bu Prosesdə yenilik, istisnalıq təşkil edən “Molotov kokteyli”dir. Müşahidə etdim ki, “Molotov kokteyli”nin nə olduğunu nə prokuror, nə hakim, nə də ittiham olunanlar bilir. Vəkillər bu proseslərdə çox yaxşı işlədilər. Həm də ona görə yaxşı müdafiə edə bildilər ki, hüquq mühafizə orqanları kobud səhvlərə yol vermişdilər. Yadınazdadırsa, ötən il bu həbslər başlayanda, televiziya ekranlarında “Molotov kokteyli” olan butulkalar nümayiş etdirirdilər. Sonradan məlum olur ki, bu mayenin özlüyündə partlayıcı, yandırıcı xassəsi yoxdur. Sonradan kustar üsulla həmin butulkaların ətrafına skoçla barıt doldurulmuş şprislər yerləşdiriblər. Nəzərə almayıblar ki, bu butulkalar öncədən televiziyada nümayiş etdirilib.  Eyni zamanda ekspertizaya göndərilən butulkalarla, ekspertizadan qayıdan butulkalar arasında fərqlər var. Yəni bu məsələ siyasi sifariş olduğundan heç bir məsuliyyət hiss etməyiblər. Sözün tam mənasında NIDA-çılar ortaya iradə qoydular. Azərbaycan gəncliyinin yeni bir nümayəndəsi olduqlarını, vətən, millət təəssübkeşliyini həyatlarının mənasına çevirdiklərini göstərdilər. Bu gülünc məhkəmə prosesində prokurordan da, hakimdən də mərkəzdə bu 8 gənc oldu. Sanki məhkəməni bunlar idarə etdilər və bütövlükdə məhkəmə prosesinin dəlilsiz olduğu ortadadır. 33-cü ildə Almaniyada faşistlər hakimiyyətə gəldikdə ilk olaraq Reyxstaqı yandırdılar. Yəni alov üzərində qurulmuş bir siyasət idi. Bu alov o qədər geniş miqyas aldı ki, son anda faşist idarəçilərinin özünü də yandırdı. Bu mənada “Molotov kokteyli”, narkotika aludəsi itihamı, ittiham olunanlardan çox, ittiham edənlərə aiddir. Bu qədər narkotikə uyub, mənasız “Molotov kokteyli”ni alışdırmaq Azərbaycan üçün sərfəli deyil. Bu gənclərin yüksək təhsili, intellekti var. Bu gənclərdən ehtiyac duyulan sahələrdə istifadə olunmalıdır. Gəncləri 1 il həbsdə saxlayıb, sonra 8 il iş istəmək hüquq məsələsi deyil, siyasət məsələsidir.

“Ilham Əliyev rejiminin xalq arasında nüfuzu yoxdur”

– ABŞ səfiri Morninqstar çıxışı zamanı Azərbaycan hökumətinin ünvanına tənqidlər səsləndirib. O bildirib ki, Azərbaycan hökuməti nəyə görə tənqid edildiyini bilmir. Sizcə Azərbaycan hökuməti qərb tərəfdən niyə tənqid olunur?

– Hakimiyyət avtoritarlaşdıqca, tənqidi anlamaq çətinləşir. Əslində, xalqın səsini qazanan, demokratik seçki keçirən, xalqın qarşısında hesabat vermək məcburiyyətində olan  hakimiyyət tənqiddən istifadə etməlidir. Yəni tənqidi məqamlardan çıxış nöqtəsi kimi istifadə etməlidir. Hakimiyyətin əlində neft, qaz ehtiyatları olduğu üçün, elə düşünürlər ki, Qərb bunları tənqid etməkdə haqlı deyil.  Yanaşma belədir ki, Avropaya neft, qaz verirlərsə, Avropa bunları tənqid etməməlidir. Bunlar hesab edirlər ki, Ukrayna məsələsinə görə Rusiya ilə Qərbin münasibətlərinin korlanması, Azərbaycanın enerji ilə zəngin ölkə olaraq önəmini artırır. Bu önəmin artmasından istifadə edib, daxili repressiyanı gücləndirmək istəyirlər. Bu gün Azərbaycanda baş verənlər 2015-ci ilə hazırlıqla bağlıdır. 9 oktyabr prezident seçkiləri göstərdi ki, Ilham Əliyev rejiminin xalq arasında nüfuzu yoxdur. Bunlar xalqın səsi ilə deyil, MSK-nın arayışı ilə hakimiyyətə gəldilər. 9 oktyabrdan hakimiyyətin çıxardığı nəticə ondan ibarətdir ki, 2015-ci ilin parlament seçkilərinə qədər əhalinin nüfuzunu qazana bilən heç bir qurum qalmamalıdır. AXCP-nin qərargahının partladılması, Əli Kərimliyə xarici pasport verilməməsi, cəbhəçilərə qarşı təzyiqlər bununla bağlıdır.

Ilham