Hakimiyyət hansının qədrini bilir?
Dövlət başçısı istəyində israrlıdır; ağac kəsilməsinə imkan verməmək niyyətindədir. Bunu Ağdaşa səfəri zamanı bir daha göstərdi. Bundan əvvəl Nazirlər Kabinetinin 16 aprel müşavirəsində ağac kəsilməsinə etiraz bildirib, növbəti dəfə ciddi göstəriş vermişdi…
Nəqliyyat naziri Ziya Məmmədovun Ağdaşda dördzolaqlı yol çəkmək niyyətinin üstündən Ilham Əliyev elə ağaclara görə xətt çəkdi. Baxmayaraq ki, o, yolların çəkilməsində, yolun hansısa kilometrinin açılışında lent kəsməkdə maraqlıdır. Ancaq “ağaclar heyifdir” axı. Dövlət başçısı Ziya Məmmədova elə beləcə də dedi: “Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm”. Adam kövrəlmək istəyir, bir az duyğusal olanlarınsa hönkür-hönkür ağlaması qaçılmazdır. Bilmirəm o yol Ağdaşın hansı tərəfindədir, orda nə qədər ağac qırılacaqdı, ancaq şansları varmış həmin ağacların. Bu dəfə xilas oldular. Büdcənin də xilas olacağınasa, inanmıram. Ziya müəllim yolu dördzolaqlı çəkmək istəyirdisə, o xərci çıxaracaq…
Problem ondadır ki, Azərbaycanda ağclarla birgə adamlar da yaşayır. Ancaq “heyif adamlara” deyən səlahiyyət yiyəsi yoxdur. O adamların durumu ağaclardan heç də fərqlənmir. Onlar bütün sahələrdəki yarıtmaz idarəetmənin qurbanına çevrilir. Icra başçısının, yaxud səlahiyyətli məmurun zülmündən, haqsızlığından, şikayətləri dinləməməsindən adamlar bezir və canına qəsd edir. Kimisi özünü yandırır, kimisi asır, kimisi binadan atır, kimisi güllələyir, bir sözlə, elə ağaclar kimi kəsilib torpağa düşür. Ömrün hər çağında… Ancaq bu “sxemi” dövlət başçısına göstərmirlər ki, qarşısını alsın. Səhiyyənin durumu hər kəsə, ən çox da qonşu Iran dövlətinə bəllidir. Bir dəfə yeni Avtovağzaldan Irana qonaq yola salırdım. Gördüklərimdən dəhşətə gəldim. Gündə Irana (Tehran, Təbriz, Ərdəbil) bu avtovağzaldan 10-a yaxın avtobus gedir. Həmin avtobusların sərnişinlərinin 90 faizi sağalmaq, dərdinə çarə tapmaq ümidilə gedən azərbaycanlı xəstələrdir. Nəzərə alaq ki, sərhədyanı bölgələr və onlara yaxın rayonlar keçid məntəqəsinə şəxsi maşınlarıyla, yaxud taksiylə gedirlər. Hələ bunun təyyarəylə gedənləri də var. Irana xəstə axınının miqyasını özünüz göz önünə gətirin. Bəs onların “sxemini” kim çatdırmalıdır dövlət başçısına?
Bakıda evləri başına uçurulanlar, ədalətli kompensasiya tələbiylə aksiya keçirənlər və buna görə polis zorakılığıyla üzləşənlər, döyülənlər, tutulanlar. Nəsillərinin əsrlərlə yaşadığı ərazidən zorla köçürülənlər… “Sovetski”nin sökülmə “sxemini” nədən dövlət başçısına göstərməyiblər?
***
Neçə gündür NIDA-çı gənclərin məhkəməsi gedir. “Vətənə xəyanət”in dəbdə olduğu bu günlərdə Vətənini sevən, onun demokratikləşməsi, çiçəklənməsi, dünya dövlətləri arasında layiqli yer tutması uğrunda çalışan gənclərin məhkəməsi. Onların günahsız olduğunu bilməyən yoxdur. Ittihamların nə qədər qondarma olduğunu keçirilən məhkəmə prosesləri də göstərir. Ancaq gözünü pul örtmüş prokurorlar, hakimlər bunu görmür, daha doğrusu onlara bunu görməmək göstərişi verilib. Bu sxemi cızanlar başqa dövlətinmi məmurlarıdı? Gələcəyimiz olan bu işıqlı gəncləri şərləməkdə, dustaq eləməkdə onların məqsədi nədir? Dövlətə xidmət, yoxsa xəyanət? Bəs gənclərin həbs “sxemi” niyə gizlədilir, dövlət başçısına göstərilmir?
Sizə səslənirəm, Eldar Mahmudov, Ramil Usubov, Zakir… yox, onu sonraya saxlayaq. Niyə siz də əməliyyat “sxemlərinizi” dövlət başçısına göstərmirsiniz? Yoxsa bu ancaq Ziya Məmmədovun işi olmalıdır?!.
“Heyif adamlara” – bəlkə, bir gün siz də bu sözü dilinizə gətirəsiz!..