Rusiya təhlükəsinə qarşı Gürcüstan sammiti

Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət başçıları Tiflisdə nəyi müzakirə edəcək?

Azərbaycanın dövlət başçısı İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Gürcüstana səfər edəcək. Səfər 5-7 may tarixlərinə qədər davam edəcək. Verilən məlumata görə, 6 may tarixində Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək. Həmçinin bu tarixində, türk və gürcü iş adamlarının iştirakı ilə İşgüzar Forumun da keçirilməsi nəzərdə tutulur. Zirvə toplantısında gündəlik və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Zirvə toplantısının keçirilməsiylə bağlı xəbər artıq bir müddət idi ki, gündəmdə idi. Ukrayna proseslərindən dərhal sonra meydana çıxan bu ideyanın məqsədi regionda baş verənləri müzakirə etməkdir. Amma Rusiyanın bölgədə yürütdüyü siyasətdən doğan nəticələrin müzakirə olunacağı toplantının Kreml tərəfindən birmənalı qarşılanmayacaq. Çünki Moskva hazırda yürütdüyü aqressiv siyasətə qarşı çıxan istənilən gücü hədəfinə çevirir. Rusiya ilə münasibətləri bir o qədər də yaxşı olmayan Azərbaycan və Gürcüstanın belə bir addım atması isə Rusiyanın gözlənilən qəzəbinə tuş gələ bilər. Digər tərəfdən hazırda Rusiya hər iki dövlətə qarşı təzyiqlərini daha da artırmağın yollarını düşünür. 

Vəfa Qulazadə: «Azərbaycan heç kimin reaksiyasını gözləmədən təhlükəsizliyi barədə tədbirlər görməlidir»

Politoloq Vəfa Quluzadə hesab edir ki, Gürcüstanda keçirilən görüş hər üç ölkənin maraqlarına cavab verir: «Türkiyə Gürcüstan və Azərbaycanın stabil olmasında maraqlı dövlətdir. Çünki Türkiyənin milli maraqları Azərbaycandan keçən strateji boru kəmərlərindən asılıdır». Rusiyanın baş tutacaq görüşə reaksiyasına gəlincə isə, baş verənlər Kremlin maraqlarına toxunsa da, üç müttəfiq dövlət buna fikir verməməlidirlər: «Əgər Rusiyanın istəklərinə qalsa, o zaman  regionda heç bir addım atılmamalı, bölgədə Kremlin yürütdüyü siyasət müzakirə edilməməlidir. Ona görə Azərbaycan heç kimin reaksiyasını gözləmədən təhlükəsizliyi barədə tədbirlər görməlidir. Çünki Rusiyanın atdığı addımlara cavab verilməlidir. Rusiyaya qarşı isə təkbaşına dayanmaq mümkün deyil. Ona görə Azərbaycan müttəfiqləri ilə birgə regionda baş verənlərə toxunmalı və qabaqlayıcı addımlar görməlidir».

Xəyal