“Qurultayı təxirə salmaq bəhanədir”

Müsavat başqanının müşaviri Arif Hacılıya etiraz etdi

“Hakimiyyətin Müsavata yer vermədiyini əsas götürərək, qurultayı keçirməmək heç bir məntiqə sığmır. Yer verilmirsə, bizim öz qərargahımız var. Biz qurultayı burda da keçirə bilərik. Yer verilmirsə, qurultayı təxirə salmaq bəhanədir, normal siyasi gediş deyil. Müsavat Partiyası istəsə, qurultayını keçirə bilər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

Xatırladaq ki, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Müsavata yer vermədiyini əsas gətirərək, qurultayın təxirə salınacağını deyib.

S.Əlisoy isə qeyd edib ki, Müsavat Partiyası öz resurslarını səfərbər edərək, hakimiyyətin nəzarətində olmayan bir yer tapıb, orda qurultayını keçirə bilər. Onun sözlərinə görə, qurultayın təxirə salınması yolverilməzdir: “Artıq xeyli müddətdir ki, biz qurultayımızı keçirmirik. Bu, sonsuza qədər davam etməlidir? Tutaq ki, hakimiyyət bizə 10 il yer vermədi, bu 10 ildə Müsavat qurultayını keçirməməlidir? Yəni Müsavatın qurultayının təxirə salınmasını səmərəsiz addım kimi dəyərləndirirəm. Qurultay keçirilməli, vəzifələr müəyyən olunmalı, Azərbaycanın siyasi səhnəsinə yenilənmiş bir Müsavat gəlməlidir”.

Qeyd edək ki, Müsavat Partiyası qurultayını mayın 24-nə təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti isə partiyanın qurultaya yer ayrılması ilə bağlı müraciətinə hələ cavab verməyib.