İlham Əliyevin əski – yeni yalanları

Bakı “beynəlxalq” axarda qlobal qonaq evinə çevrilməkdədir. Oğru – korrupsioner rejimə cinayətlərini ört-basdır etmək, pul, kabab, kürü qonaqlıqları içində malalamaq, danışan dilləri susdurmaq üçün belə gərəkdir. Bu korrupsioner gərəklər milyonlar, milyardlarla ölçülən pul itkisinə başa gəlir. Bunlar xalqa gərəkdirmi? Yox, gərək deyil, ancaq xalqa gərək olmayan prezidentə gərəkdir!

Aprelin 27-də Bakıda “Beynəlxalq idman mətbuat assosiasiyasının qatılımçılarına verilən qonaqlıqda Ilham Əliyev geniş çıxış edib. Başqa çıxışlarından seçilməyən yalan dolu çıxış. Ən azı, ölkədə baş verən son bəlli olaylara görə çıxışdakı başlıca tezislər üzərində durmaq gərəkir. I.Əliyev ilkin olaraq ölkədəki ”iqtisadi inkişafdan”, yoxsulluğun səviyyəsinin minimuma endirilməsindən, idmanın “inkişafından”, olimpiya mərkəzləri tikilməsindən, “beynəlxalq tədbirlərə ev sahibliyi etməyimizdən”, ölkədə “mətbuatın inkişafından” danışıb: “Bu gün mətbuat nümayəndələri qarşısında çıxış edərək bildirmək istəyirəm ki, bizim ən böyük nailiyyətlərimizdən biri medianın və mətbuatın azadlığıdır”. 

Kimlərsə ölkədə baş verənlərlə bağlı prezidentə yalan bilgilər verildiyini, prezidentin bu üzdən yalan danışmalı olduğunu bildirirlər. Bütünlüklə yalandır! Onlar prezident başqasına deyil, Ilham Əliyevə deyirlərsə, yalan deyirlər; özünün çoxdankı çıxışında bildirdiyi kimi, Ilham Əliyev ölkədə baş verənlərin hamısından soraqlıdır: “Azərbaycanda hamı hər şeyi bildiyindən, burada nəyisə gizlətmək çətindir”. Azərbaycanda hamı hər şeyi bildiyindən: ölkə ekonomik baxımdan darmadağın edildiyindən, bu üzdən ölkəni yoxsulluq bürüdüyündən, idmana, olimpiya komplekslərinə qoyulan milyonlarla manat pullar özünü doğrultmadığından (bəlli olduğu kimi, 8-9 il qabaq 1 milyon manata tikilən olimpiya kompleksləri – stadionlar indi 12-14 manata tikilir. Tikinti materiallarının bahalaşmasına görə deyil, birbaşa PA-dan qaynaqlanan böyük PRIPISKA: yeyinti – mənimsəmə faktlarına görə), dünyanın hər türlü “beynəlxalq tədbirlərinə ev sahibliyi” etməyimizə gəlincə, nədənini yuxarıda demişəm.

Qaldı, “media, mətbuat azadlığı” ilə bağlı deyilənlər… “Rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkədə ”mətbuat azadlığı” yalandan, fiksiyadan qırağa çıxa bilməz. Bunu illər öncəsi PA-dakı administrator-filosof-akademik kəsinliklə bildirmişdi: “Mətbuat hakimiyətin siyasi maraqlarından kənara çıxmamalıdır”. Necə də gözəl deyib: oğru-korrupsioner rejim maraqlarına uyğun! Özünüz düşünün: bu hakimiyət bütövlükdə, başdan-ayağa alver-biznes hakimiyətidirsə, burada ölkə, dövlət bütünlüklə alver-qazanc-kommersiya obyekti olaraq alqılanırsa, onda bu hakimiyətin xorla oxuyacağı bircə ariya ola bilər – korrupsionerin ariyası: RƏDD OLSUN AZAD MƏTBUAT!

Mətbuatın professiya əxlaq kodeksinə baxın: gerçəyə qulluq! Sonra da pultu bütünlüklə prezidentə, prezident administrasiyasına bağlı AzTV-lərə baxın (ANS, eləcə də prezidentin əmoğlu televiziyası – Lider TV başda olmaqla). Gördüyünüz, eşitdiyiniz gerçəklər nədir? Oğru-korrupsioner rejim yalanlarına qulluq! Televiziyalara illərlə bircə müxalifətçi belə buraxılmır – doğru söz qorxusundan! Savaşdanqıraq, dinc durumda baş alıb gedən əsgər ölümlərinin qarşısını almaq üçün “Əsgər ölümlərinə son!” aksiyası keçirən gəncliyi prezident-ali baş komandan üstü-üstə 64 illik dustaqlıq ilə ödülləndirir. Bununla yanaşı o, ölkədəki TƏK müxalifət qəzetini – “Azadlıq”ı qapatmaq üçün QAPI qalmır bağlayır. Tutuqlanan NIDAçı gənclik də, qapadılmasına çalışılan “Azadlıq” da REPRESSIYA olunan Azərbaycan deməkdir. NIDAÇI gənclik bu gerçəkdən çıxış edərək, “son söz” yerinə çağırış sözünü dedi: RƏDD OLSUN DIKTATURA, DESPOTIZM!