Kəmaləddin Heydərova yaxın deputat Rusiya ordusunu Azərbaycana çağırmağı təklif edir
Deputat Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Hökumətyönlü deputat müsahibədə sensasiya yaradacaq fikirlər söyləyib. O, əvvəlcə qardaş Türkiyəyə qarşı aqressiv fikirlər səsləndirib:
“Türkiyə hakimiyyəti əslində öz xalqının maraqlarına uyğun olmayan addımlar atmaqla Qərbin ermənipərəst siyasi dairələrinin dəstəyini qazanmaq istəyirlər. Türkiyənin indiki iqtidarının belə mövqe sərgiləməsi həm də Dağlıq Qarabağ probleminin həllini çətinləşdirir. Əvvəllər də söyləmişdim, indi də söyləyirəm ki, Türkiyənin indiki rəhbərliyi qaz və neftə görə Azərbaycan iqtidarı ilə yaxşı münasibətlər saxlayırlar. . Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin təkidilə Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada müstəqil dövlət deyil”.
Daha sonra o bildirib ki, Azərbaycan Rusiya ilə dil tapmalıdır və lazım gəlsə Rusiyanın hərbi bazaları burda yerləşdirilməlidir: “Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Çünki Dağlıq Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil. Bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılışdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə, qazı Rusiyaya satmaq olar. Lazımdırsa, burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərtilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər”.
ADP sədri Sərdar Cəlaloğlu isə modern.az saytına açıqlamasında Qüdrət Həsənquliyevin fikirlərini müstəqilliyə zidd adlandırıb və “beşinci kalon”un mövqeyi kimi qiymətləndirib: “Deputat Qüdrət Həsənquliyevin açıqlaması Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd bir mövqedir. O, bir dəfə də bəyanat vermişdi ki, Azərbaycan Gömrük Ittifaqına üzv olarsa, o zaman Rusiya Qarabağı bizə qaytarar. Son zamanlar Rusiyanın agentura şəbəkəsinə məxsus olan ”beşinci kolon” məsələsi gündəmə gəlib. Qüdrət bəyin də belə açıqlamaları da həmin “beşinci kolon”un mövqeyidir. Azərbaycan müstəqil dövlətdir. Heç bir hərbi bloka qoşulmayıb. Öz ərazisində heç bir xarici gücü, xüsusilə onu iki yüz il işğalda saxlayan bir dövlətin hərbi qoşununu saxlaya bilməz”.
ADP lideri hesab edir ki, Qüdrət Həsənquliyevin bəyanatları mərhum eks prezident Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. Sərdar Cəlaloğlu bildirib ki, Əbülfəz Elçibəyin rus qoşunlarını Azərbaycandan çıxarması xalqa ən böyük xidmətlərindən biridir. “Rusiya həmişə Azərbaycan xalqının və dövlətinin əleyhinə olub. Qarabağı işğal edən də Rusiya olub. Millət vəkilinin belə fikirlər nümayiş etdirməsi, Qüdrət Həsənquliyev haqqında başqa fikirlərə yol açır. Onun belə açıqlama verməsi məni çox narahat edir. Qüdrət Həsənquliyevin Rusiya ilə bağlı eyni tipdə ardıcıl mesajlar verməsi məndə şübhə yaradır ki, sanki bu adam Rusiya ilə bağlıdır”, – deyə Sərdar Cəlaloğlu Qüdrət Həsənquliyevi ittiham edib.ÿ
Politoloq Vəfa Quluzadə isə belə bəyanatlara şərh verməyin düzgün olmadığını bildirib: “Mən belə bəyanatlara, açıqlamalara şərh verməyə ehtiyac duymuram. Bu fikirlərin heç bir əsası yoxdur”.
Qüdrət Həsənquliyevin açıqlamaları Azərbaycan hakimiyyətilə bağlı bəzi mülahizələrə səbəb olub. Həsənquliyev özünü müxalifət adlandırsa da, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın, daha doğrusu onun qruplaşmasına daxil olan şəxs kimi tanınır. Deputatın fikirləri də adətən təmsil olunduğu qruplaşmanın maraqlarına xidmət edir. Bu halda belə qənaət yaranır ki, Kəmaləddin Heydərov qruplaşması Rusiyaya reverans edir. Bir məqamı da qeyd edək ki, hazırda Azərbaycan hakimiyyətində hər kəs Türkiyə ilə qardaşlıqdan danışır. Lakin bu ərəfədə yenə də Qüdrət Həsənquliyev rəsmi Ankaranı ittiham edən açıqlamalar verib.
Akif