Rauf Mirqədirovun vəkilinin 3 ildən artıqdır ki, icarəyə götürdüyü ofis hədəfdə
Son zamanlar hakimiyyətin vətəndaş cəmiyyətinin təmsilçilərinə qraşı apardığı təzyiq kampaniyası davam etməkdədir. «Ayna» qəzetinin əməkdaşı, siyasi ekspert Rauf Mirqədirovun həbsi ilə başlayan təzyiq dalğası daha sonra hüquq müdafiəçiləri Leyla və Arif Yunusa qarşı addımlarla davam etdi. Bu gün isə R.Mirqədirovun vəkili Fuad Ağayevin ofis kimi icarəyə götürdüyü mənzil ilə bağlı maraqlı sorğu-sual aparılıb. F.Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, icarəyə götürdüyü yerə özünü MİS əməkdaşı kimi təqdim edən şəxs gələrək, onlardan hansı fəaliyyətlə məşğul olduqlarını soruşub: «Özünü Mənzil İstismar Sahəsinin əməkdaşı kimi təqdim edən bir nəfər səhər tezdən ofisimizə gələrək, soruşdu ki, buradan kim istifadə edir. Qəribədir. Mənzil-istismar sahələrinin işləri qalıb kənarda, onlar icarə məsələləri ilə maraqlanmağa başlayıblar!? Biz üç ildən artıqdır ki, bu mənzildən istifadə edirik, indi təşrif buyurublar. Bu baxımdan mən təxribatları istisna etmirəm. Çünki bizim fəaliyyətimizin yoxlanılması MİS-in səlahiyyətləri çərçivəsində deyil».
F.Ağayev vətəndaş cəmiyyətinə qarşı olan son basqılara da münasibət bildirib. Onun fikrincə baş verənlər cəmiyyəti basqı altında saxlamağa xidmət edir. Bu baxımdan baş verən insidentlə bağlı F.Ağayev öz «facebook» səhifəsindən «Zakir Qaralov, Eldar Əhmədov və R. Mirqədirovun həbsdə saxlanılmasında, Azərbaycan cəmiyyətinin gərginlik yaşamasında maraqlı olan şəxslərə» müraciət edib.
Hikmət


