Səfir «anlamırlar» deməklə nəyə işarə edir?

«Qarşılıqlı münasibətlərdə yaranan ciddi problemlər ənənəvi kursun dəyişdirilməsini tələb edir»

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Vaşinqtonda “ABŞ-Azərbaycan: Gələcəyə baxış” adlı çıxışında Azərbaycanla ABŞ arasında münasibətlərdə çətinliklərin olduğunu deyib.

Morninqstar deyib ki, Azərbaycanla ABŞ-ın münasibətlərində çətin olan sahə insan haqları və demokratiyadır. Diplomat hakimiyyətin nəyə görə tənqid olunduqlarını anlamadıqlarını da bildirib.

Morninqstar deyib ki, demokratiya, insan haqları sahəsində Azərbaycan və ABŞ birlikdə işləməlidirlər. O ümid etdiyini bildirib ki, Azərbaycan hökuməti fərdlərə ziyan vuran və iki ölkənin münsibətlərində ən əhəmiyyətli qıcıqlandırıcı olan, ABŞ-ın lüzumsuz hesab etdiyi hərəkətlərdən çəkinəcək.

Morninqstarı bu açıqlaması bir neçə cəhətdən maraq doğurur. Belə çıxır ki, hakimiyyətlə müxtəlif görüşlər zamanı ABŞ-Azərbaycan münasibətlərində problemli məsələləri həll etmək mümkün olmayıb. O da maraqlıdır ki, Morninqstar o fikirlərini ABŞ-Azərbaycan qurultayında səsləndirib. Adətən belə tədbirlər zamanı tənqidi çıxışlar olmur. Deməli ABŞ-Azərbaycan münasibətlərində son dövrlərdə həlli müşkülə çevrilmiş çoxlu sayda problemlər yaranıb və bu ABŞ-ın səfirini Vaşinqtonda keçirilən və Azərbaycandan xeyli nümayəndənin iştirak etdiyi tədbirdə səsləndirməyə məcbur edib.

Ekspertlərin fikrincə, səfir faktiki olaraq etiraf edib ki, Vaşinqtona Bakı arasında münasibətlər kifayət qədər gərgindir və iş bir birini anlamamaq həddinə gəlib çıxıb. Səfir bu çıxışla həm də belə bir mesaj vermək istəyir ki, qarşılıqlı münasibətlərdə yaranan ciddi problemlər ənənəvi kursun dəyişdirilməsini tələb edir. Yəni Vaşinqton Bakı ilə Bakının başa düşdüyü dildə danışmağı bacarmalıdır.

Fizzə