Fransa Mərkəzi Telekanalının əməkdaşı Yelena Voloşinanın Leyla Yunusla görüşü əngələndi
«Fransa Mərkəzi Telekanalının əməkdaşı, tanınmış jurnalist Yelena Voloşina Azərbaycandan deportasiya olunub». Bu barədə informasiyanı «Azadlıq»a hüquq müdafiəçisi Leyla Yunus verib. L.Yunusun sözlərinə görə, bu gün saat 10.00-da Yelena Voloşina onunla görüşməli və müsahibə götürməli idi. Amma xarici jurnalist bu gün səhər ölkəmizə gələn kimi geri göndərilib: «Yelena Voloşinanı mən uzun müddətdir ki, tanıyıram. Onunla bizim bir sıra proyektlərimiz olub. Bakıda keçirilən «Eurovision» yarışması zamanı bir sıra araşdırmalara imza atmışıq. Yelena Voloşina ikili vətəndaşlığa sahibdir. O, həm Rusiya, həm də Fransa vətəndaşıdır. Yelena Voloşina ölkəmizə Moskvadan özü də rus pasportu ilə gəlibmiş. Rusiya ilə bizim aramızda viza rejimi yoxdur. Jurnalist Bakıda olarkən hava limanının pasport nəzarətində bildiriblər ki, ona Azərbaycana giriş qadağandır. Yelena Voloşina hava limanında tanınmış jurnalist olduğunu və Rusiya vətəndaşlarına Azərbaycana girişin vizasız olduğunu bildirsə də, buna məhəl qoyulmayıb».
L.Yunus onu da qeyd etdi ki, Y.Voloşina Fransa Mərkəzi Telekanalının tapşırığı ilə Azərbaycandakı insan hüquqlarının vəziyyətinə dair reportaj hazırlamalı idi. Azərbaycana gələcəyini bilən bir sıra başqa fransız telekanalları da jurnalistdən ekskluziv reportajlar istəyiblər. «O, azad sözə basqılar, jurnalist Rauf Mirqədirovun həbsi və bizə qarşı olan təzyiqlərlə bağlı araşdırma aparmağı planlaşdırırdı», deyə L.Yunus vurğuladı.
Xəyal


