Bəxtiyar Sadıqovun ittihamlarına Rəhim Qazıyevdən cavab

«Mən şəkili olaraq gəlib müqəddəs torpaqlarımızda vuruşan şəxs kimi, bir saat da torpağı uğrunda mübarizə aparmayan Bəxtiyar Sadıqovun yerinə xəcalət çəkirəm»

“Azərbaycan” qəzetinin ötən sayında baş redaktor Bəxtiyar Sadıqovun adından “Xəyanətkarlara tribuna verməyin özü də xəyanətin bir formasıdır” başlıqlı məqalə dərc olunub. Məqalədə keçmiş müdafiə naziri Rəhim Qazıyev, yazıçı Əkrəm Əylisli, şairə Günel Mövlud hədəf alınır və belə insanlara tribuna verməyin xəyanət olduğu bildirilir.

Rəhim Qazıyevlə bağlı hissədə qeyd olunur: “Rəhim Qazıyevin və Ələkrəm Hümbətovun Azərbaycan xalqına və dövlətinə xəyanətÿetməsi hamıya gün kimi aydın faktdır! Və bu gün ona görə azadlıqda deyillər ki, sonradan günahsız olduqları bilindi, yaxud bəraət alıblar. Yox! Sadəcə dövlət başçısı alicənablıq və humanistlik göstərərək onları əfv etdi. Bəzi qəzetlər isə vicdanlarında Azərbaycan övladlarının da qanı olan bu insanlara tribuna verməkdən sanki zövq alırlar”.

Rəhim Qazıyev haqqında yazılanlarla bağlı münasibət bildirib. Onun fikirlərini olduğu kimi dərc edirik: “Ölkəmizin adı ilə bağlı olan, təəssüflər olsun ki, çox az oxunan ”Azərbaycan” qəzetinin baş redaktoru, deputatlığı kimi redaktorluğa da təyin edilən Bəxtiyar Sadıqov  qəzetinin 30 aprel sayında mənim də adımı “işıqlanıdırıb” və xəyanətdə suçlayıb. Yazıb ki, prezident məni humanistlik edərək azadlığa buraxıb. 

Mən Bəxtiyar Sadıqov səviyyəli bir adamdan ağıllı, düşünülmüş, analitik yazı gözləməmişəm və gözləmirəm. Bəxtiyar Sadıqov hazırda düşmən tapdağında olan Ağdam şəhərində boya-başa çatıb. Doğulduğu o gözəl guşə işğal altına düşdüyü dövrdən bu adam nəinki bir təşəbbüs göstərib, hətta ən qızğın döyüşlərin getdiyi məqamda, bu təyinatlı deputat, jurnalist 1 saat da olsun əlinə silah götürüb müqəddəs torpağımızın müdafiəsində dayanmayıb. 

Çox təəssüflər olsun ki, indi hamıdan “cəsarətli” olub, torpağın, vətənin işğalında kimlərisə günahlandıran bu “şərəf” sahibləridi. Birinci, bu varlığa xatrladıram ki, bilavasitə Heydər Əliyevin göstərişi ilə həbs edilib, onun nəzarəti altında istintaqa cəlb olunsam da, mən heç vaxt vətənə xəyanət maddəsi ilə ittiham olunmamışam.

“Ümummilli lider” adlandırdıqları Heydər Əliyev 1993-cü il iyulun 29-da mənə Baş nazirin Hərbi Sənaye Kompleksi üzrə müavini vəzifəsini təklif edib parlamentdə səsə qoyanda, Şuşanın işğalından 14 ay 21 gün keçirdi. Azərbaycanda üzdə olan bütün şəxsləri çox dərindən tanıyan Heydər Əliyev həmin vəzifəni mənə təklif edəndə Şuşanın işğalında kimin günahkar olduğunu bilmirdimi?

Təbii ki, mən baş əyib həmin vəzifəni qəbul etsəydim, indi   Bəxtiyar Sadıqov kimilərin sırasında durub, Heydər Əliyevin və Ilham Əliyevin şəninə tərif deyərdim. Şükürlər olsun ki, Allah bunu mənə nəsib etmədi.

Bəxtiyar Sadıqov adlı varlıq dünya hərb tarixindən bir nümunə göstərsin ki, hər hansı ordu əvvəldən axıra qədər uğur əldə edib. Yarandığının 6 ayı tamam olmamış Şuşanı, Laçını itirən Azərbaycan ordusu qısa müddətə, qeyrətli balalarımızın canı, qanı hesabına ərazilərimizin 52 faizini, o cümlədən Ağdərə, Şaumyan, Gülüstan, Başkənd və Laçının 77 məntəqəsini azad edərək Xankəndinin 8-12 kilometrliyinə qədər irəlilədi. Eyni zamanda 164 il Azərbaycanı təpiyi altında əzən, Milli hökuməti işğal etmiş və bu işğal şərəfinə “ümummilli lider” Heydər Əliyevin abidəsini qoyduğu 11-ci qızıl ordunun törəmələrini bütün silah-sursatı əlindən aldı. 15 may 1992-ci ildə bu ordunun Azərbaycandan çıxarılması barədə rəsmi protokola, Bəxtiyar Sadıqovun gözündə xain olan Rəhim Həsən oğlu Qazıyev imza atdı. Protokola əsasən, Azərbaycandan çıxarılması 2 il müddətində nəzərdə tutulan həmin hərbi hissələr, 3 ay müddətində ərazimizdən çıxarıldı. Mən Bəxtiyar Sadıqovu qınamıram.  Şair demişkən, “işıq gur olanda çaşar qağayılar”. Bu məxluq  yatıb yuxusunda görmədiyi harın həyat tərzi yaşayıb. Necə deyərlər, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. 

Xatırlatmaq istəyirəm ki, Rəhim Qazıyev 3-cü istefa ərizəsini verib Müdafiə Nazirliyindən gedəndə, 1 yaşı yenicə tamam olmuş, şərəfli Azərbaycan ordusu Qarabağ ərazisinin 52 faizini azad etmişdi və cəbhə xəttinin 12 kilometrliyində dayanmışdı. Insan utanc hissini nə qədər itirməlidir ki, bizim geri qaytardığımız torpaqların 3-də 2-si də daxil olmaqla, 6 rayonu ermənilərə verən hakimiyyətə nökərçilik edib, başqalarını ittiham etsin.

Son olaraq Bəxtiyar Sadıqova xatırlatmaq istəyirəm ki, onun şəxsiyyətinə görə yox, redaktoru olduğu qəzetin adına görə onun redaksiyasında özü kimi düşünənlərin hamısı ilə faktlarla debata hazıram. Məşhur hədisdə deyilir: “Ayaqların Baş olduğu ölkədə, başlar ayaqlar altında qalar”. Bu da zamanın ironiyasıdır. Mən şəkili olaraq gəlib müqəddəs torpaqlarımızda vuruşan şəxs kimi, bir saat da torpağı uğrunda mübarizə aparmayan Bəxtiyar Sadıqovun yerinə xəcalət çəkirəm.

Akif