Mehman Əliyev Novruz Məmmədovun ittihamlarına cavab verdi

«Dövlət xadimidir, danışığını bilsin»

Hüquq-müdafiəçiləri, Sülh və demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun aprelin 28-də Bakı hava limanında saxlanılması rəsmi şəkildə əsaslandırılmasa da, artıq hökumət nümayəndələri müxtəlif ittihamlar səsləndirməyə başlayıb. hadisə baş verən zaman Leyla Yunusu müşayət edən diplomatik nümayəndələrin Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla əlaqə saxlaması barədə məlumat yayılandan sonra N.Məmmədov rəsmi mətbuatda buna kəskin cavab verib və məlumatın yayılmasında «Turan» agentliyinin direktoru Mehman Əliyevi ittiham edib.  

SİA agentliyinə açıqlamasında N.Məmmədov bildirib ki, bu planın həyata keçirənlər, o cümlədən Mehman Əliyev ictimaiyyəti aldatmaqla məşğuldur. O hətta Leyla Yunus və Arif Yunusla bağlı “əməliyyat planı”nın Turan agentliyinin rəhbəri Mehman Əliyevin bağında yetişdiyini deyib. 

N.Məmmədovu bu açıqlaması cavabsız qalmayıb. Leyla və Arif Yunusu hava limanında müşayət edən «Turan» agentliyinin direktoru Mehman Əliyev Novruz Məmmədovun fikirlərinin reallıqdan uzaq olduğunu bildirdi. M.Əliyev PA rəsmisinin onunla telefon əlaqəsi saxladığını və məsələni aydınlaşdırdığını bildirdi: «Aprelin 29-da təxminən 1 radələrində Novruz Məmmədov mən zəng edib iradın bildirib. Güya «Turan» onun adından yazıb ki, Novruz Məmmədov Azərbaycandan vətəndaşların qaçırılması ilə məşğuldur, buna şərait yaradır. Ona dedim ki, «Turan» belə xəbər yaymayıb. O, hakimiyyət tərəfindən maliyyələşdirilən saytların adlarını çəkdi, onlardan da biri axar.az idı. Bildirdi ki, orda «Turan»a istinadən yazıblar. Ona bildirdim ki, «Turan»ın yazdıqlarını öz saytından oxumalıdır. Bu, kiminsə interpretasiyasında olmamalıdır. Ona dedim ki, sontast.az-a daxil ola bilərsiniz, Leyla Yunusla bağlı hər hansı informasiya çıxıbsa, onu orda yerləşdirmişik. Orda birbaşa birinci mənbə kimi informasiya ilə tanış ola bilərsiniz. Əvvəl oxuyun, hər hansı iradınız olsa, zəng edin danışaq. Bununla söhbətimiz bitdi. Ondan sonra Novruz Məmmədovun mənə zəngi olmayıb. O ki, qaldı hava limanında onun adının səslənməsinə, mən orda olmuşam, Fransanın səfiri, katibi, Amerika səfirinin müavini də ordaydı. Onlar danışırdı, mən də dayanmışdım yanlarında. Orda qeyd olunub ki, Fransa səfiri birbaşa Novruz Məmmədovla əlaqə saxlayıb. Ondan da öncə bildirilib ki, Leyla Yunusun və ərinin ölkədən çıxması üçün razılıq əldə olunub. Bu faktdır. Onlar sərhəddi keçəndə baxırdım. Orda oturan sərhədçi qadın zabiti çağırdı, zabit gəlib baxıb, pasportları götürüb. Sonra mənə telefonla dedilər ki, ölkədən çıxmağa qadağa qoyulub. Ondan sonra başlayıblar araşdırmağa. O zaman dediklər ki, səfirlikdən Novruz Məmmədova zəng ediblər. Bunun təsdiqi kimi üstündən 5-10 dəqiqə keçir, onların pasportlarına ştamp vurulur və sərhəddi keçirlər. Sonra Leyla Yunusla əlaqə saxladım, o dedi artıq minik başlayıb, biz təyyarəyə gedirik, artıq biletlərimizi götürdülər. Bu məqamda dedi ki, bizi saxladılar. Zabit arxalarınca gəlib, təzədən geri çağırıblar. Bununla da bunların getməyinin qarşısı alındı. Sonradan yenidən Novruz Məmmədovla danışıqlar gedirdi. Demirəm ki, Novruz Məmmədov orda qərar verən adamdır. Sadəcə olaraq səfir Novruz Məmmədova xəbər verib. Mən faktı qeydiyyata alıram». 

Leyla Yunusun ölkədən çıxması planının onun bağında yetişməsi ittihamına gəldikdə, M.Əliyev ümumiyyətlə bağının olmadığını bildirdi: «Novruz Məmmədov dövlət xadimidir, danışığını bilsin. Dövlət xadimidir. Heç bilmir ki, mənim bağım yoxdur. Ancaq onun bağı var. Biz hamısını bilirik. Leyla Yunus qaçmırdı. Sərhəddən keçib, pasportunu təqdim edib. Prezident Administrasiyası şöbə müdirinin ifadələrinə fikir verin. Budur da bizim hakimiyyət».

Fizzə