Daha bir tənqidçi “facebook” fəalı məhkəmə qarşısında

Ömər Məmmədovun işi üzrə ilk məhkəmə iclasında vəkillərin çoxsaylı vəsatətlərinin heç biri təmin olunmadı

Daha bir “facebook” fəalı dünən məhkəmə qarşısına çıxarıldı. Söhbət, “NIDA” Vətəndaş Hərəkatının üzvü, “facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş 19 yaşlı Ömər Məmmədovdan gedir.

Xatırladaq ki, Ömər bu il yanvarın 24-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı külli miqdarda narkotik satışı ittihamı irəli sürülüb ki, buna görə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Lakin Ömər Məmmədov ittihamları rədd edir, həbsinin aktiv vətəndaş mövqeyi, o cümlədən “facebook”dakı tənqidçi fəaliyyətilə bağlı olduğunu bildirir.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə baxılır. Dünən iş üzrə məhkəmənin hazırlıq iclasında hakim anket məlumatlarını dəqiqləşdirərkən məlum oldu ki, Ömər Məmmədov Kiprdə ali təhsil alırmış. Onun natamam ali təhsilli olması barədə iş materiallarında yazılanlara gənc fəalın reaksiyası belə oldu: “Təhsilimi davam etdirməyə imkan vermədilər…”
Hazırlıq iclasında Ömərin vəkilləri Xalid Bağırov və Əlayif Həsənov bir sıra vəsatətlər qaldırdılar.
Xalid Bağırov bildirdi ki, yanvarın 24-də Ömərin barəsində seçilən 3 aylıq həbs-qətimkan tədbirinin müddəti aprelin 24-də başa çatıb və uzadılmayıb. Bu isə o deməkdir ki, Ömər 6 gündür heç bir məhkəmə qərarı olmadan, qanunsuz olaraq həbsdə saxlanılıb. “Bəzən Azərbaycan məhkəmələrinə 2×2-nin 4 elədiyini sübut eləmək o qədər çətin olur ki, adam qışqırmaq istəyir” deyən vəkil Ömərin həbsdən buraxılmasını istədi.

“Bilsəydim ki, siz ciddiyyətlə vəsatətlərimizi araşdıracaqsız, gözləyərdim. Amma bilirəm ki, müdafiə tərəfin vəsatətlərini bir yerə yığıb, heç oxumadan hamısını rədd eləyirsiz. Ona görə elə ardıcıl vəsatətlərimi təqdim edirəm”, – deyə Xalid Bağırov Ömərin üzərində axtarış aparılaraq 6 qramdan çox heroin tapılması barədə tərtib olunmuş protokolun sübutlar siyahısından çıxarılması haqda vəsatət verdi. Vəkil bildirdi ki, cinayət işi başlamadan axtarış aparılması qanunsuzdur. Axtarış istintaq hərəkətidir və bunu yalnız müstəntiq həyata keçirə bilər.
Xalid Bağırovun daha bir vəsatəti ekspertiza rəyinin sübutlar siyahısından çıxarılması haqda oldu. Çünki ekspertiza keçirilərkən Ömərin hüquqları pozulub. Bu cür yolla əldə olunan sübut isə qanuni sayıla bilməz.

Vəkil eyni zamanda, Ömərin atası Əlyar Məmmədovun məhkəmədə şahid qismində dindirilməsini istədi. Vəsatətini belə əsaslandırdı ki, Ömərin həbsindən əvvəl onun atası ilə bağlı bir sıra proseslər baş verib ki, bunların işə birbaşa aidiyyəti var.
Əldə etdiyimiz məlumata görə, Ömər Məmmədov həbs olunmamışdan əvvəl onun atası Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılaraq, oğlunun “facebook”dakı fəaliyyətinə görə orada təzyiqlərə məruz qalıb. Ona xəbərdarlıq olunub ki, Ömər həbs olunacaq.
Daha bir vəsatət Ömər Məmmədovun həbs olunduğu yerdə və həmin saatlardakı görüntülərin müvafiq qurumlardan alınması haqda oldu. Vəkil bildirdi ki, həmin yerdə təhlükəsizlik kamerası var və 24 yanvarda baş verənlər lentə alınıb.
Digər vəkil Əlayif Həsənov Ömərin məhkəmə prosesi zamanı dəmir barmaqlıqlar arasında deyil, vəkillərilə yanaşı əyləşməsi haqda vəsatət qaldırdı.

Məhkəmə vəsatətlərin heç birini təmir etmədi. Işin məhkəmə baxışına verilməsi haqda qərar qəbul edildi.
Məhkəmə baxışı isə mayın 13-nə təyin olundu.

Aytən Məmmədova