Dünya həbsxanası

Deyəsən, son üç-dörd ilin hadisələri yaxın gələcəkdə tamam fərqli bir dünya düzəninin qurulacağından xəbər verir. Təəssüf ki, hələlik o düzənin bizim böyük xəyallarımızla uzlaşan heç bir ucu görünmür. Misirdəki qurbanlardan sonra yeni rejim 683 nəfər “inqilabçı”ya ölüm hökmü ÿoxudu. Dünya  da heç nə olmayıbmış kimi ağzına su alıb susub. Yüksək səviyyədə eşidilə bilən bir etiraz səsi belə yox. Belə çıxır ki, bir müsəlman ölkəsində bu qədər insana toplu edam cəzası çıxarmaq beynəlxalq qanunların tələblərinə uyğun gəlir. Başqa anlam verməyə çətinlik çəkirəm, doğrusu.  

Bir müsəlman ölkəsində də biz yaşayırıq. Bu günün qan ağlayan bənzər ölkələrindən “nəyimiz yaxşıdır” deməyə çətinlik çəkirəm. Hər şey bərbad. Keçən həftə tanınmış jurnalist Rauf Mirqədirovu həbs etdilər, həm də ən ağır ittihamla. Bir qələm sahibi necə böyük günah işləmiş ola bilər ki, alnına “vətənə xəyanət” damğası vurulsun? Hələ nəfəsimizi dərməmiş hava limanında Leyla Yunusu saxladılar, həm də yoldaşı ilə birlikdə. Cəsurluğuna görə hər zaman hədəfdə olan Leyla xanımın saxlanması gözlənilməz deyildi. Bunu onun özü də yaxşı bilirdi. Evini, ofisini, qab-qazanını belə axtaracaqlar, hər halda. Üstünə nə ittihamlar yağdırılacaq, Allah bilir. Amma hələlik ki, həbsə əsas verən ağlabatan bir arqument səslənməyib rəsmi səviyyədə.

Dərdimizi ayrı-ayrı anlatmağa gərək yox. Yaşamağın zəhərə döndüyü bir məmləkətdə ölüm-dirim mübarizəsi apardığımızı hamımız bilirik. Illərdir “vicdan məhbusu” məsələsiylə əlləşib-vuruşub dururuq. Faydası nədir ki? Üç nəfər azadlığa çıxıb rahat nəfəs almamış, yerinə beşini aparırlar. Hər il bir az da irəli gedirik, anlaşılan. Siyahı böyüyür və rəngarəngləşir ildən-ilə. Deyəsən, hökumətin rekordsmenlik öhdəliyi var hələ. Necə ölkədə yaşadığımızı yalnız bu fakt ortaya qoyur: on nəfər gənc məhbusun 14 gündən bəri davam edən aclıq aksiyasına heç reaksiya verən də yoxdur. Məhbus üçün iki həftəlik aclığın nə olduğunu anlamağa böyük mərhəmət hissi gərək deyil. Sadəcə, gündəlik yemək-içmək normalarına əməl edən istənilən şəxs bunun ağırlığını dərk edə bilməlidir, məntiq baxımından.  

Bu uzunluqda məhbus siyahılarına, ölüm aclığı aksiyalarına üzv olduğumuz beynəlxalq təşkilatlar necə qiymət verir, görürsünüz. Görünən odur ki, nə hökumət götürdüyü öhdəliyə əməl edir, nə də o təşkilatlar nüfuzuna hörmət qoyub, öhdəliyi pozanlardan haqq-hesab istəyir. Belə “faydalı qarşılıqlı anlaşma” şəraitində işgəncə çəkərək yaşamağa davam edirik biz də.  

Ötürücülük gücü işıq sürəti ilə artan informasiya dünyasında məsafələr hər an kiçildiyindən gerçəklər daha aydın görünür. Indi daha aydın görünür ki, dünyanın hər yerində zülm və ədalətsizlik var. Könlündən və dilindən haqq sözü keçən yüz minlərlə insan işgəncə çəkir yer üzündə. Hər zaman azadlıq və demokratiya üçün mücadilə verən xalqların yanında olduğunu bağıran böyük dövlətlərin və beynəlxalq qurumların vecsizliyi açıq-aydın ortada. Işğalçı Putin Rusiyasının cənginə buraxılmış Ukraynanın aqibətini də görürsünüz.

Dünya artıq dəyərlərdən uzaqlaşıb və tam olaraq maraqların əsirinə çevrilib. Bu gedişlə beynəlxalq hüquq adına yaranmış təşkilatlar yaxın gələcəkdə dünya ölkələrinin demokratiya dərəcəsini də tam fərqli başqa yolla müəyyənləşdirəcək. Əgər bir gün bu kriteriya həbs və edamların sayına uyğun müəyyənləşdirilsə, heç təəccüblənəcək deyiləm. Məgər baş verənlər bundan yaxşı nəsə vəd edir kiməsə?