“Can alan” polis rəisinə…

Hüquq müdafiəçisi Leyla Yunusa təzyiq olunur. Gözlənilən idi. Ona görə yox ki, o, ermənilərlə müştərək layihələr işləyir, xalq diplomatiyası ilə məşğuldur. Buna görə həbs olunsaydı, 20 il gözləməzdilər. Azərbaycanda, hətta uçan quşun da civiltisi qeydə alınırsa, deməli, hansısa ictimai şəxsin gizli nəsə etməsi inandırıcı deyil.

Etiraf etməyə cəsarətləri çatmasa da, körpə uşağa da məlumdur ki, Leyla Yunusun həbsinə zəmin yaradan nəsnə onun kəskin çıxışları, bütün təzyiqlərə baxmayaraq, digər hüquq müdafiəçiləri kimi hakimiyyətlə işbirliyi qurmamasıdır. Ölkədəki hüquq-müdafiə institutunu pulla iflic vəziyyətə salan hakimiyyət ala bilmədiyini əzib keçməyə qərarlıdır.

Hələlik hüquq müdafiəçisinə ittiham irəli sürülmədiyindən məsələnin mahiyyətinə varmaq, kimisə müdafiə etmək fikrində deyiləm. Onsuz da hörmətli oxucu hər şeydən xəbərdardır. Baş verənlərdə məni narahat edən bir polis rəisinin ağlasığmaz, ölkənin, xalqın imicinə ziyan vuracaq açıqlamalar verməsidir. Söhbət Yasamal Rayon Polis Idarəsinin rəisi Ismayıl Əsədovun Leyla Yunusla bağlı söylədiklərindən gedir. Polis rəisi jurnalistlərin “niyə polis bir qadına tualetdə nəzarət edir?” sualına “O, qadın deyil, ermənidir. Beləsini mən, hətta məhv edərəm” – deyir. Sonra da sözünü qüvvətləndirərək, bu hərəkətini Qarabağ savaşında öldürülən insanların öcü kimi etməyə hazır olduğunu bildirir. Hətta “sən Vətənini, millətini sevmirsən…”, – deyə jurnalisti ittiham da edir.

Bu, nə düşüncə, nə yanaşmadır, Ilahi?! Məgər saçını polis sıralarında tökmüş Ismayıl müəllim bilmirmi ki, müharibədən kənarda baş verən ölüm, təzyiq halları cinayət hesab olunur? Məgər bilmirmi ki, biz ermənilərlə erməni olduqlarına görə yox, torpaqlarımızı işğal etdiklərinə görə düşmənik? Məgər bilmirmi ki, “canını da alaram” dediyi qadının həyatını qorumaq bilavasitə onun vəzifəsidir?

Əgər bilmirsə, o zaman ona bəzi mətləbləri izah edim. Baxmayaraq ki, ondan yaşda və çəkidə çox kiçiyəm. Ən əsası da qarabağlıyam və mənim torpağımdan, o torpaqda can verənlərin adından şəxsi ambisiyaları üçün danışmasına qarşıyam.

Öncə cənab rəisə çatdırım ki, Leyla Yunus erməni deyil. Ikincisi, rəsmi məlumatlara görə, ölkədə 120 min 300 nəfər erməni var. Yəni, onların hamısı Azərbaycan vətəndaşıdır və Konstitusiya Ismayıl Əsədov, Aynur Elgünəş…. kimi onların da hüquqlarını qoruyur. Buna görə də bir polis rəisinin millətçilik toxumu səpən çıxışlar etməsi, haqqını qorumağa borclu olduğu vətəndaşın milliyyətində ayrı-seçkiliyi yolverilməzdir. Bilməlidir ki, Azərbaycan dövləti torpağı işğal edən qəsbkarlara qarşıdır və ermənilərə xalq olaraq nifrət yaratmır.

Hər halda, polis rəisi bilməlidir ki, vətənpərvərlik başqasını əzmək, xor görmək deyil. Buna vətənşüvənlik deyilir. Vətənpərvərlik həm də sülhpərvər, insanları dininə, dilinə, irqinə, millətinə görə ayrı-seçkilik etmədən sevməkdir. Polis rəisi onu da bilməlidir ki, Azərbaycan oğulları, hətta müharibədə belə, qadına, uşağa əl qaldırmayıb, onları əzməyib, təhqir etməyib, onlardan qisas almayıb. Ən əsası, tualetini, yataq otağını güdməyib. Azərbaycan oğlunun kişilik anlayışında bunlar yoxdu. Yoxdursa, deməli, Ismayıl Əsədov kimilərin başqalarının adından bunu danışmağa da haqqı yoxdur.

Heç olmasa, o torpaqlarda dünyasını dəyişən polislərin şərəfinə, bir qadınla rəftarınıza fikir verin!