“Azərbaycan rəhbərliyi niyə tənqid olunduğunu anlamır”

Riçard Morninqstar: “ABŞ bu fikirdədir ki, Azərbaycanda açıq cəmiyyət daha böyük sabitlik yaradacaq”

Aprelin 30-u Vaşinqtonda “ABŞ-Azərbaycan: Gələcəyə baxış” adlı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib ki, Azərbaycanla ABŞ arasında münasibətlər çox vacib və güclüdür. Ancaq çətinliklərdən azad da deyil.

Səfir vurğulayıb ki, o öz çıxışında bu münasibətlərin niyə əhəmiyyətli olması üzərində dayanacaq, eləcə də demokratiya sahəsində. Səfir deyib ki, Ukrayna hadisələri münasbətlərin vacibliyini göstərdi: “Azərbaycanın suverenliyini və  müstəqilliyini belə qəti şəkildə  ABŞ və Avropadan başqa kim deyəcək?”.

Morninqstar bildirib ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ probleminin həllinin vacibliyini göstərdi. Səfir hesab edir ki, problemin həlli Rusiyanın tam əməkdaşlığı olmadan çox çətindir. O, qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında insanların ünsiyyət qurmasını dəstəkləyir. Səfirin fikrincə, bunun qatı müdafiəçiləri olan Rauf Mirqədirovun həbsi, Leyla Yunus və Arif Yunusla bağlı istintaqın başlanması isə Ermənistan və Azərbaycan arasında təmaslara ziyan vurur və bu, yanlışdır.

Morninqstar deyib ki, Azərbaycanla ABŞ-ın münasibətlərində çətin olan sahə isə insan haqları və demokratiyadır. O deyib ki, Azərbaycanda nəyə görə tənqid olunduqlarını anlamırlar: “Onların arqumenti budur ki, Azərbaycan təhlükəli qonşuluqda yaşayır və sabitlik yaratmalıdır. Onlar bildirirlər ki,  20 ildə çox böyük işlər görüblər. Bunlar doğrudur, ancaq ABŞ bu fikirdədir ki, Azərbaycanda açıq cəmiyyət daha böyük sabitlik yaradacaq. Keçmiş dövlət katibi Hillari Klinton bir neçə il əvvəl Bakıda olanda dedi ki, ABŞ-ın ən güclü münasibətləri açıq cəmiyyətli ölkələrlədir”.

Morninqstar deyib ki, demokratiya, insan haqları sahəsində Azərbaycan və ABŞ birlikdə işləməlidirlər. O ümid etdiyini bildirib ki, Azərbaycan hökuməti fərdlərə ziyan vuran və iki ölkənin münsibətlərində ən əhəmiyyətli qıcıqlandırıcı olan, ABŞ-ın lüzumsuz hesab etdiyi hərəkətlərdən çəkinəcək (“Azadlıq” radiosu).