
Aprelin 30-unda Milli Şuranın sədri Cəmil Həsənli və qurumun Beynəlxalq Münasibətlər komissiyasının sədri Gültəkin Hacıbəyli Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard ilə görüşüblər.
Görüşdə Azərbaycan – Avropa Birliyi münasinətlərinin indiki durumu, Avropa Birliyinin Azərbaycan üzrə 2013-cü il hesabatı, Azərbaycanda ictimai-siyasi vəziyyət və s. məsələlər geniş müzakirə olunub. Ölkədə insan hüquqlarının durumu, xüsusilə də tanınmış jurnalist Rauf Mirqədirovun həbsi, nüfuzlu hüquq müdafiəçisi Leyla Yunusa qarşı işgəncə xarakterli və insan ləyaqətini aşağılayan davranış, onun hüquqlarının kobud şəkildə pozulması, NİDA-çı gənclərin aclıq aksiyası, Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov və başqa siyasi məhbuslara qarşı ədalətsiz və əsassız hökmlər, digər məhkəmə təqibləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Cəmil Həsənli son prezident seçkilərinin kütləvi saxtakarlıqlarla keçdiyini və bunun ATƏT-in yekun hesabatnda əks olunduğunu qeyd edərək, qarşıdan gələn bələdiyyə və parlament seçkilərinədək seçki sistemi islahatlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda Azərbaycan tərəfi ilə danışıqlarda Avropa Birliyinin korrupsiya və inhisarçılıqla mübarizə, Azərbaycan iqtisadiyyatının disproporsional inkişafı kimi məsələlərin daim diqqətdə saxlanılmalı olduğunu bildirib. Belə ki, Milli Şura sədrinin sözlərinə görə, “ölkə iqtisadiyyatının 92 faizi Bakıda cəmləşir, bu isə o deməkdir ki, Bakıdan kənarda ölkədə həyat yoxdur”.
Gültəkin Hacıbəyli Ukrayna hadisələri, xüsusilə də Risiyanın Krımı işğalı zamanı Qərbin ləng və hələ də qeyri-adekvat davranışının, eləcə də Suriyada soyqırımının bugünədək qarşısının alınmamasının bütün bölgədə, o cümlədən Azərbaycanda demokratiyanın vəziyyətinə mənfi təsir etdiyini, Avropa Birliyinin və ABŞ-ın bu münaqişələrin həllində daha böyük qətiyyət göstərməli və əməli addımlar atmalı olduğunu səfirin diqqətinə çatdırıb.
Xanım Malena Mard Avropa Birliyi üçün Azərbaycanla əməkdaşlığın müstəsna əhəmiyyət daşıdığını və təmsil etdiyi qurumun bütün sahələrdə Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirib. O, ölkəmizdə insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Birliyinin dəfələrlə öz mövqeyini açıq şəkildə ifadə etdiyini və bu vəziyyətin ciddi narahatlıq doğurduğunu, NİDA-çıların və s. siyasi fəalların məhkəmələrini yaxından təqib etdiklərini, Leyla Yunusla bağlı hadisələri diqqətlə izlədiklərini deyib. O, Avropa Birliyinin əməkdaşlıq etdiyi ölkələrlə münasibətlərdə öz dəyərlərindən, tətbiq edilən insan hüquqları və demokratiya standartlarından geri çəkilmək niyyətində olmadığını da vurğulayıb.


