Bizdə insanlar geopolitikadan danışmağı hədsiz çox sevirlər və indi də Rusiya təhlükəsindən söhbət açmaq dəbdədir. Dərin və mürəkkəb təhlillər, maraqlı mülahizələr və ciddi qənaətlər səngimək bilmir. Putin belə istəyir, Kiyev bunu edəcək, Obama gecikir, Merkel bunu söyləyib və s.
Amma bizim ölkənin bütün geopolitik və daxili problemlərinin çox sadə izahı var. Bu da gənc jurnalist və tanınmış fəal Turxan Qarışqanın adında ifadə edilib. Turxan özünə Qarışqa adını bilərəkdən seçib. Həm də etiraz olaraq. Mənası da budur: hə, məni qarışqa hesab edirsiniz, eləmi? Əzəcəksiniz məni?
Indi özünüz düşünün, əhalisi qarışqa qismində görülən və artıq qarışqa halına salınan bir ölkə xarici təhlükə qarşısında neyləyəcək? Çavuşlara döydürdüyün, savadsız icra başçılarına söydürdüyün, vicdansız və tamahkar məmurlara üzdürdüyün, hər gün və hər yerdə əzdirdiyin bir xalq hansı təhlükə qarşısına çıxa bilər ki?! Ilham Əliyev də, onun məmurları da özünü kral hesab edə bilər, amma qarışqalar kralıdır onlar. Onların gücü biz qarışqalar üzərindədir yalnız. Hələ o da müvəqqətidir, çünki qarışqaların da qarışıq vəziyyət yaratdığı bir gün gəlib çatır gec-tez.
Rusiya da əhalisi qarışqa halına salınmış ölkələrə iştaha göstərir. Başqasını ağlına gətirə bilməz. Məsələn, Rusiya onun qazına əşhədü-ehtiyacı olan Bolqarıstanı xəyalından keçirə bilməz. Çünki vətəndaşları qarışqa olmayan ölkələrə göz dikə bilməz Rusiya.
Bütüm mənalarda, Azərbaycana bircə təhlükə var – demokratiyanın yoxluğu, atoritar hakimiyyətin olması, xalqın əzilməsi! Rusiya təhlükəsi də yalnız və yalnız bu təhlükənin içində mümkün olur. Bir daha təkrar edək: Rusiya yalnız xalqları qarışqa halına salınmış ölkələrə göz tikir, yalnız onlarla “əməkdaşlıq” edir. Onun Gürcüstan cəhdi bütün cığallığına baxmayaraq dayandı. Moldovada da onun oyunu keçmədi. Amma onun oyunu hələ qarışqa qalan ölkələrdə keçə bilir…
Insanlara demokratiyanın nəyə qadir olduğunu izah edəndə çox vaxt başlarını yelləyib, üzlərini çevirib gedirlər. Elə sanırlar ki, biz ayağı yerdən üzülmüş sözbazlarıq, ağlımıza gələni danışırıq. Amma Rusiya təhlükəsini görəndə yenə də izah etməli olursan: sənin xalqın qarışqa halına salınıb, onun üçün istənilən təhlükə var.
Bu günlərdə hakimiyyətə bağlı KIV-lər özləri yayır ki, Azərbaycan vətəndaşları Rusiya pasportu almaq üçün müraciətlər etməyə başlayıb. Amma bu, təzə söhbət deyil. Azərbaycanlılar Rusiya pasportu almaq üçün indiyədək həmin ölkədə bir ətək rüşvət verirdilər. Bu gün də yeni şansları dəyərləndirənlər çoxalacaq. Çünki təhlükəli Rusiyada qarışqa olmağın daha asan, daha rahat olduğunu düşünənlər var.
Azərbaycanda demokratiya olmayınca, ağalıq bitməyincə, qarışqalıq dayanmayınca, onun üçün hər cür təhlükə var olacaq. Hələ xarici təhlükəni demirəm, onu daxildən yeyən, çürüdən səbəblər də sürəcək. Bütün ölkəni asfaltlasan da, bu ölkənin sabaha yolu çalalardan keçəcək və heç cür dirçəlməyəcək. Bu ölkəyə rifah və rahatlıq gəlməyəcək. Bakı bulvarına qızıldan zibilqabı qoysan da, bu ölkənin gerçək durumu zibilli olaraq qalacaq. Hər şey məhvə doğru gedəcək, heç folkloru da qalmayacaq bu xalqın. Neft pulu indi bir çox şeyləri pərdələməyə kömək edir, amma enində-sonunda pərdələyə də bilmir. Tək korrupsiya təhlükəsi bəs edir ki, qalanları haqda düşünməyə halı və istəyi olmasın bu ölkənin…
Dəyərli oxucular, yazı bitənə yaxın fərqinə vardım ki, ona qoyduğum sərlövhə dünya ədəbiyyatının möhtəşəm incilərindən birinin adına oxşayır. Mən öz real vəziyyətimizdən çıxış edib bu adı seçmişdim, amma görünür, həmin əsərin təsiri də izsiz keçməyib. Mənim çox sevdiyim bir romandır – onun barəsində yazmağı, əsərdəki bir misilsiz təsvirin illərdir necə həyatıma təsir etdiyini və bizim ölkənin gerçəklərinə necə oxşadığını sizinlə bölüşmək istəmişəm həmişə. Hələlik yalnız onu deyə bilərəm ki, bizim həyatımız ədəbiyyat kimidir. Elə bil, kiminsə fantaziyasıdır…
Yazını elə bu “…” (üç nöqtə) ilə bitirmək istəyirdim ki, qarışqaların hüquqlarını müdafiə edən Leyla Yunusun saxlanıldığı barədə xəbər gəldi. Fantaziyanın genişliyinə daha bir nümunə!