Saakaşvili ilə Yuşşenko Rusiyanı ittiham elədi
“Azərbaycan və Mərkəzi Asiya Avropa üçün təkcə enerjidaşıyıcı mənbələri deyil, həm də onun geosiyasi strategiyasının əsas elementləridirlər”. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
Onun sözlərinə görə, Ukraynadakı böhran şəraitində Azərbaycan Avropa üçün xüsusi əhəmiyyət kəsb edir.
Sabiq prezident qeyd edib ki, Avropa enerjidaşıyıcıların tədarükü sahəsində çətin vəziyyətə düşüb.
Saakaşvilinin sözlərinə görə, ABŞ Avropanı lazımi həcmdə enerjidaşıyıcıları ilə təmin edə bilər, amma bu, kifayət deyil. O deyib ki, hazırda Avropanın bütün diqqəti Xəzər regionuna cəlb olunub.
Sabiq dövlət başçısı Rusiyanın ərazi iddialarını pisləyib: “XXI əsrdə belə hərəkətlər yolverilməzdir. Getdikcə daha çox adam anlayır ki, bu, nadir hal deyil”.
Onun sözlərinə görə, getdikcə daha az ölkə Rusiyanı hərəkətlərinə görə dəstəkləyir.
“Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda Abxaziya və Cənubi Osetiya və bu gün Ukraynada baş verən münaqişə Rusiya tərəfindən qızışdırılır”. Bu fikirləri isə Ukraynanın keçmiş prezindeti Viktor Yuşşenko həmin tədbir zamanı deyib.
O, qeyd edib ki, ötən illər ərzində Azərbaycanın ərazilərinin 20 faizi işğal olundu, Gürcüstan ərazisinin bir hissəsini itirdi və ardınca da indi Ukrayna itirir, faktiki işğala məruz qalır: “Amma hamınız, dünya susursunuz. Niyə?”
Viktor Yuşşenko bildirib ki, sadaladığı bütün işğallar birbaşa rəsmi Moskva tərəfindən qızışdırılır, yaxud həyata keçirilir.
Sabiq dövlət başçısı regionda baş verənlərin həllinə çağıraraq deyib ki, əgər həmrəy olmasaq, Dağlıq Qarabağda, Abxaziyada, eləcə də Krımda uduzacağıq.
Sabiq dövlət başçısı bildirib ki, ən əsası Rusiyaya valyuta və iqtisadi sahədə təsir göstərməkdir: “Belə ki, Kreml iki məsələdən – dünyanın reaksiyasından və öz xalqından ehtiyat edir. Buna görə də dünyanın reaksiyası dəqiq olmalıdır”.
Onun sözlərinə görə, hələ ki belə dəqiqlik yoxdur və buna görə də beynəlxalq alətlərin vəziyyətə təsirindən danışmaq çətindir: “Ukrayna münaqişəsinin həlli variantı var və bu, beynəlxalq kontekstdədir. Hərçənd Ukrayna daxili vəziyyəti də qaydada salmalıdır. Cəmiyyət və dünyaya Ukraynadakı vəziyyətlə bağlı konkret çağırışlar ünvanlamaq lazımdır”.