guler-ehmedova3

Gülər Əhmədovanın vəziyyəti məhkəmədə pisləşdi

Sabiq deputat vaxt istədi, hakim onun istəyini rədd etdi

Keçmiş deputat Gülər Əhmədova dünən Bakı Apelyasiya Məhkəməsində ifadə verməli idi. Lakin vəziyyəti pisləşdiyindən ifadə verə bilməyib. Amma məhkəmə iclasında bir sıra şəxslər şahid qismində dindirilib. Bunlar əsasən, Gülər Əhmədovanın vəkillərinin qaldırdığı vəsatətlər əsasında məhkəməyə dəvət edilmiş şahidlər olub.

Məsələn, vaxtilə Azərbaycan Beynəlxalq Universitetində çalışmış, mərhum Sevinc Babayeva ilə rəfiqə olmuş Tavat Şirvanova Elşad Abdullayevin onları necə aldıtmasından danışıb. Həmçinin Elşad Abdullayevdən pullarını almağa kömək üçün Sevinc Babayeva ilə birlikdə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinə müraciət etmələri, orada aparılan videoçəkiliş haqda ətraflı məlumat verib: “Çəkiliş apardıq ki, əlimizdə sübut olsun. Elşad Abdullayev hamımızı müflis eləyib. Sevinc Babayeva da Gülər Əhmədovadan xahiş eləmişdi ki, bizim pullarımızı geri qaytarmaq üçün Elşad Abdullayevlə görüşüb, danışın”.

Elşad Abdullayev qalmaqallı mandat alveri videosunu yayandan dərhal sonra Sevinc Babayeva ölkəni tərk edərək Istanbula getmişdi. O, Türkiyəyə getdiyi gün Tavat Şirvanovaya yazdığı SMS-lər elan olunub:
– Ürəyim çox pis ağrıyır. Allah Elşadın evini yıxsın. Alçaq gör nə həyasızdır ki, qalıb bizim pulumuzu qaytarmaqdan, şər-böhtan atır. Mən onu mütləq tapacam;
– Ya o yaşamalıydı, ya da mən. Evim yox, borcun içində batıram. O, soyub bizi. Ölüb-eləsəm, pullarımı ondan al. Oğlum yazıqdı, yetimdi. Heç kimdən qorxma;
– Qorxma. Yazıq Gülər də bizə görə zibilə düşüb. Allah bizə kömək olsun;
– Yaşasam, Elşadın vayına oturacam. Sən mənə deyəndə, mən inanmırdım. Allahdan qorxmur. Qardaşı Eldəniz, Mahir bu alçağa dərs olmadı. Ürəyim çox pis tutub. Sabah borclulara nə deyəcəyəm, bilmirəm. Bu əclafdan pullarımı ala bilsəm, rahat olardım.

Daha sonra əlavə şahid qismində hüquqşünas Zülfiyyə Bayramova ifadə verərək bildirib ki, Sevinc Bbabayeva ilə 2012-ci ildə Əvəz Zeynallının məhkəməsində tanış olub: “Mən həmin məhkəmədə müğənni Nüşabə Ələsgərlinin nümayəndəsi idim. Sevinc Babayeva mənə yaxınlaşıb dedi ki, problemim var, Elşadddan pulumu ala bilmirəm, istəyirəm bu məsələ mətbuata çıxsın. Dedi ki, məndən başqa da ondan zərər çəkmiş qadınlar var. Bildirdim ki, bu, mənim səlahiyyətimdə olan məsələ deyil, amma sizi qadın hüquqlarının müdafiəsilə məşğul olan Novella Cəfəroğlu ilə tanış edə bilərəm, o sizə kömək edər. Onlar həmin ofisdə olarkən Elşad Abdullayevin qanunsuz hərəkətlərindən danışıblar”.
Həmin görüşdə iştirak etmiş Lüdmila Məmmədova da dünən şahid qismində dindirilib. O, məhkəmədə bildirib ki, Fransadan Elşad Abdullayev susması üçün ona təzyiq göstərir.

Lüdmila Məmmədova ABU-da müəllim olub. Tələbə qəbulu ilə əlaqədar yaranan problemlərə görə evini sataraq tələbələrin pulunu qaytarıb: “O, məni, Sevinc Babayevanı müflis eləmişdi. Biz də Novella Cəfəroğlunun ofisinə gedib dərdimizi orada danışdıq. Gülər Əhmədovanı tutublar ki, guya Elşad ona 1 milyon verib. Amma Elşadı yaxşı tanıyıram, əlimi Qurana basaram ki, o, adama heç 100 dollar da verməz. Əvvəllər Elşadı çox istəyirdim, amma sonradan bildim ki, o, elə dələduzdur…”

Şahidlərin dindirilməsindən sonra hakim Gülər Əhmədovaya ifadə verməyi təklif edib. Lakin sabiq deputat səhhəti pisləşdiyindən ifadə vermək iqtidarında olmadığını bildirib və bu səbəbdən ona bir neçə gün vaxt verilməsini istəyib: “Məhkəmə prosesləri tez-tez keçirilir. Səhhətim buna imkan vermir. Mənə vaxt verin, hazırlaşım. Vəkillərimlə görüşmək istəyirəm. Bəlkə kiməsə adi iş günü kimi gəlir, amma mən burada səslənənləri təkrar-təkrar yaşayıram”.

Lakin məhkəmə ona bu günə qədər vaxt verib. Bu da Gülər Əhmədovanın narazılığına səbəb olub: “Mən dedim axı, səhhətim imkan vermir, bu vəziyyətdə sabah çıxış edə bilməyəcəyəm…”
Lakin hakimlər buna əhəmiyyət vermədən məhkəmə zalını tərk ediblər.

Aytən Məmmədova