Beynəlxalq təşkilatlar Leyla Yunusa təzyiqi pisləyir

Beynəlxalq birlik Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusun saxlanılaraq istintaqa cəlb olunması və bu xüsusda baş verənlərdən narahatdır. İndiyədək bir sıra beynəlxalq təşkilatlardan, ABŞ və Fransadan bu hadisə ilə bağlı reaksiyalar gəlib.

***

ABŞ Dövlət Departamentinin rəsmisi Tom Malinovski Leyla Yunusla bağlı hadisələrdən xəbədar olduqlarını, baş verənləri narahatlıqla izlədiklərini deyir. Malinovski “Azadliq” radiosuna müsahibəsində bildirib ki, Leyla Yunusun başına gələnləri həyəcanla izləyirlər və istər formal, istərsə də qeyri-formal ünsiyyətləri zamanı öz münasibətlərini Azərbaycan hökumətinin diqqətinə çatdıracaqlar.

Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davamlı təzyiqlərlə bağlı suala cavab verən Malinovski  bildirib: “Bizim Azərbaycanla sıx əməkdaşlıq əlaqələrimiz var və bu münasibətlərin daha da yaxınlaşmasını istəyirik. Çünki hesab edirik ki, regionda sülhün və sabitliyin əsas şərtlərindən biri belə əməkdaşlıqdır. Lakin biz Azərbaycan hökumətinin diqqətinə aydın şəkildə çatdırmışıq və baş verənlərdən sonra növbəti dəfə bunu təkrar edəcəyik ki, sabitliyi əldə etməyin yolu vətəndaş cəmiyyətinə, hökumət haqda tənqidi fikirlər ifadə edən dinc adamlara qarşı hücumlar deyil. Əksinə, bunlar cəmiyyətdə əmin-amanlığı daha da azaldır”.

***

ABŞ-ın Azərbaycandakı səfirliyi də məsələyə münasibət bildirib. Səfirlik “Amerikanın səsi” radiosunun sualına cavab da bildirib ki, Azərbaycan hökumətinin addımları Leyla və Arif Yunusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş cəhdləri ilə bağlıdır. “Biz bu məsələni yaxından izləyirik, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla birbaşa əlaqə saxlanılıb. Yunuslovların xahişi ilə ABŞ-ın müvəqqəti işlər vəkili Devid Hoqan aprelin 28-də onlarla hava limanında görüşüb. Bu məsələ ilə əlaqədar biz həmçinin Azərbaycan dövlət rəsmiləri ilə də əlaqə saxlamışıq. Rauf Mirqədirovun məsələsi ilə əlaqədar biz narahatıq ki, Azərbaycan hökuməti tərəfindən atılan addımlar Leyla Yunusla Arif Yunusun insanlar arasında etibarın yaradılması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş cəhdləri ilə bağlı ola bilər”, – deyə səfirliyin cavabında bildirilir.

***

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks təəssüflə bildirib ki, Leyla Yunusa qarşı baş verənlər Azərbaycanda tənqidi səslərə qarşı hədə-qorxu, repressiya dərəcəsini  göstərən əlavə bir nümunədir. “Mən bunu ötən həftə yaydığım müşahidələr sənədində qeyd etmişdim”, – deyə o bildirib.
Komissar bəyan edib ki, Azərbaycan hakimiyyəti dərhal belə təcrübələri dayandırmalı, ifadə azadlığına, birləşmək və toplaşmaq hüquqlarını təmin etmək üçün təcili tədbirlər görməlidir.
“Avropa Şurasının üzvü kimi Azərbaycan insan hüquqları üzrə öhdəliklərin və əməl etmək vəzifəsini daşıyır”, – deyə Mujnieks bildirib.

***

“Freedom House” təşkilatı da Leyla Yunusa qarşı hakimiyyətin addımlarını pisləyən bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, aprelin 28-də Leyla Yunus həyat yoldaşı ilə xaricə getmək istəyərkən geri qaytarılıblar. Polis əməkdaşları Leyla Yunusa qarşı insan şəxsiyyətini aşağılayıcı hərəkətlərindən belə çəkinməyiblər. Baş verən hadisə nəticəsində həyat yoldaşı xəstəxanaya yerləşdirilib. “Freedom House”nin prezidenti Devid Kremer bildirib ki, Azərbaycan hökuməti ictimai və siyasi fəalların susdurulması kampaniyasını davam etdirir. O daha sonra bildirib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edəcəyi ərəfədə baş verməsi dəhşətli bir şeydir.

***

Norveç Helsinki Komitəsi də Leyla Yunusun Bakı aeroportunda saxlanılmasını pisləyir və onun həbsi ehtimalı ilə bağlı dərin narahatlığını ifadə edir.

***

“Leyla və Arif Brüsselə konfransa gedirdilər. Heç nə onların yola çıxmasına mane olmamalı idi. Onlar şübhəli şəxs, hansısa cinayət işində şahid deyillər. Onları hətta dindirilməyə belə çağırmayıblar”. Bunu isə “Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Riçel Danber bildirib.

Təşkilatın bəyanatında deyilir ki, Leyla Yunusun təşkilatı – Sülh və Demokratiya İnstitutu bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun da iştirak etdiyi bəzi proqramların təşkilatçısıdır. Yunus Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında körpülər qurulmasına 20 ildən çox vaxt həsr edib.

Denber daha sonra qeyd edib ki, Azərbaycanda hazırda siyasi motivlərlə 30-a yaxın vətəndaş fəalı, jurnalist, müxalifətçi həbs edilib ki, Mirqədirov və Leyla Yunus bunu tənqid edib.

“10 gün sonra Fransa prezidenti Fransua Olland Bakıya rəsmi səfər edəcək. Azərbaycan hökuməti bu səfərə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə eyni vaxta təsadüf edir. Ümid edirəm ki, Olland Leyla ilə görüşdə israr edəcək və Azərbaycanlı həmkarının Yunusun və Mirqədirovun azadlığının Fransa-Azərbaycan münasibətləri üçün çox əhəmiyyətli olduğunu anlamasına şərait yaradacaq”, deyə “Human Rights Watch”un bəyanatında bildirilir.