Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkiləri ərəfəsində səhhətindəki problemlərlə əlaqədar səfər edə bilmədiyi Kayseriyə gedib. Onun yerli əhali qarşısındakı çıxışının əsas mövzusu avqustda keçiriləcək prezident seçkiləri olub. Ərdoğan xatırladıb ki, bu ildən Türkiyə prezidentini millət vəkilləri yox, xalq seçəcək. O, inandığını bildirib ki, AKP-nin namizədi elə birinci turdaca seçiləcək (birinci tur avqustun 10-da, ikinci tur 24-də olacaq).
Ərdoğan bu dəfəki çıxışında da ötən ilin səs-küylü 17 dekabr korrupsiya əməliyyatından da danışıb və rəqiblərini, eləcə də Fətullah Güləni ittiham edib: “Arxadan vurdular. Prezidenti dinlədilər, məni dinlədilər, Baş Qərargah rəsini dinlədilər, Məclis sədrini dinlədilər. Konstitusiya Məhkəməsinin sədr və üzvlərini də dinlədilər”.
Baş nazir Kayseridən sonra səfər etdiyi Yozqatda da Fətullah Gülənin ünvanına ittihamlar səsləndirib. O, Fətullah Güləni Türkiyəyə çağırıb: “Əgər süçlu deyilsənsə, hər hansı bir suçun yoxdursa, çıx gəl Türkiyəyə. Madam Türkiyəni sevirsən, madam vətənsevərsən, çıx gəl Türkiyəyə” (apa).
AKP prezidentliyə namizədini hələ elan etməyib. Ancaq bu namizədin baş nazir Ərdoğan olacağı gözlənilir.


