1 May – millətin “Olum, ya Ölüm!” günü

Yaşı səksəni keçən anamın tez-tez danışdığı bir uşaqlıq xatirəsi var: kəndlərinin 20 yaşlı pəhləvanı bir gün qəfildən vəfat edir. Kənd camaatı düz 7 il gəncə yas saxlayır. Yeddi il böyük bir kənddən bir dəfə də olsun zurna-qaval səsi eşidilmir. O vaxtlar kəndlərin indiki kimi boş olmadığını nəzərə alsaq, təxirə salınan toy-nişanların sayını təsəvvür etmək elə də çətin deyil. 

Bir ildir haqsız yerə həbs olunan NIDA-çıların səkkiz üzvü aprelin 17-dən aclıq aksiyası keçirirlər. Onlar təkcə arzuları, savadları, ağılları ilə deyil, həm də aclıq aksiyaları ilə qudurmuş hakimiyyətin piylənmiş kürəyini yerə vuran pəhləvanlardır. Amma böyük bir ölkədən kiçik bir kənd qədər adamlar onların müdafiəsi üçün ayağa qalxmadı. Ayağa qalxmaqları təpələrinə dəysin, aclıq aksiyasına gənclərin valideynlərindən başqa təəssüf ki, heç kim qoşulmadı, əksinə, aclıq edənlərin başına “ağıl” qoymağa başladılar. Maraqlıdır, necə olur ki, Eynulla Fətullayev həbsxanada aclıq aksiyası keçirəndə ölkənin bütün tanınmış yazarları aclıq etməklə ona dəstək oldu, amma NIDA-çı gənclərin aksiyasına qatılan bir nəfər də olmadı?

Yetmiş il əvvəl dünyasını dəyişən bir pəhləvan üçün bütün kənd 7 il yas saxlayırdı, 3-4 il əvvəl aclıq edən bir jurnalistə dəstək olmaq üçün bütün jurnalistlər aclıq aksiyası keçirirdi, aprelin 17-dən aclıq edən NIDA-çılara isə valideynlərindən başqa heç kim dəstək olmadı. Əcəba, bu laqeydlik, biganəliklə biz hara gedirik? Bir azdan sağ əlimiz sol əlimizə kömək etməkdən imtina edəcək və nəticədə çürüyən günahsız bədən olacaq. Dəli ozanlar kimi qopuzumuz da yoxdur ki, çalaq, üzümüzü sevgili millətə, uca xalqa tutub ürəyimizi boşaldaq: “20 ildir yatan Xalq, NIDA-çılar həbsə düşəli, Bambam təpə başına çıxıb, Azadlıq meydanına gedən yollara tərəf baxdınmı heç?! Taleyi, gələcəyi SUAL altında olan xalq, NIDA-çıların sənə görə həbs olunduğunu düşündünmü heç?!”. 

Milli Şuranın sədri Cəmil Həsənli NIDA-çı gənclərin aclıq aksiyasının əleyhinə olmağının səbəbini “facebook” səhifəsində belə şərh edib: “Mən heç vaxt aclıq aksiyasına tərəfdar olmamışam. Bəlkə də şəkərli diabetdən əziyyət çəkdiyimdən psixoloji olaraq onun əleyhinəyəm…”. Bəs, qalanlar? Bəlkə, bütün müxalifətçilər, qələm əhli, azad, demokratik ölkə arzusunda olan vətəndaşlar şəkərli diabetdən əziyyət çəkir, xəbərimiz yoxdur. Mən demirəm gənclərə dəstək olmaq üçün kimsə damarını kəsməli idi və yaxud məhkəmənin damından özünü yerə atmalıydı. Haqsız yerə həbs edilən  vicdan məhbuslarına dəstək olmaq üçün yəni bir dəfə “Aclıq Günü!” adlı aksiya keçirmək çox çətin idi? Onsuz da, camaat acdır, yalandan bığlarını yağlayıb, özünü tox göstərir, “Aclıq Günü!” aksiyası hamı üçün əsl bayram olardı. Azadlığın şirinliyi ac qalmağın acısını da şirin edir. NIDA-çıların növbəti məhkəməsi mayın 1-i keçiriləcək. Həmin gün təkcə NIDA-çılar üçün yox, doqquz milyon vətəndaş üçün də “Ölüm, ya Olum!” hökmü oxunacaq. Yatan millət, mürgüləyən xalq, ayılın, sizi qorumaq üçün həyatlarını təhlükəyə atan igidlərin yanında olun!

Böyük türk şairi Tofiq Fikrət “Han-ı Yağma” şeirini sanki Vətənin dəyərli övladlarını zindana salan, xımır-xımır “Molotov kotleti” yeyən şərəfsizlərə həsr edib:

…Bu harmanın gelir sonu, kapıştırın giderayak! 

Yarın bakarsınız söner bugün çıtırdayan ocak! 

Bugünkü mideler kavi, bugünkü çorbalar sıcak, 

Atıştırın, tıkıştırın, kapış kapış, çanak çanak…

Yiyin efendiler yiyin, bu han-ı iştiha sizin, 

Doyunca, tıksırınca, çatlayıncaya kadar yiyin!