Əli Həsənovun təklifinə müxalifətdən cavab

Fuad Qəhrəmanlı: «Bu gün ölkədə kəskin siyasi qütbləşmənin əsas günahkarı hakimiyyətdir»

Gülağa Aslanlı: «Bu hakimiyyətin müxalifətlə dialoqda maraqlı olduğuna inanmıram»

Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov APA-ya müsahibə verib. Qeyd edək ki, Əli Həsənov həm də Yeni Azərbaycan Partiyasının “Partiyalararası Komissiya”sının sədridir.

Əli Həsənov müsahibədə bildirib ki, gələcəkdə parlamentdə təmsil olunmayan partiyalarla da dialoq olacaq: “Parlamentdə təmsil olunmayan partiyaların bura dəvət olunması yaxşı fikirdir. Əlbəttə, gələcəkdə onlar da dəvət oluna bilərlər. Biz YAP-ın partiyalararası əlaqələrini və dialoqunu təkcə parlamentdə təmsil olunan partiyalarla deyil, eyni zamanda parlamentdə təmsil olunmayan siyasi qurumlarla da qura bilərik və gələcəkdə bunu edəcəyik”- deyə Əli Həsənov bildirib.

Uzun illər ərzində hakimiyyət təmsilçilərinin müxalifətlə dialoqda maraqlı olduqlarını eşitmişik. Ancaq bu istiqamətdə əməli addımlar atılmayıb. Əslində, bu dialoqun yalnız hakimiyyətin istədiyi formada inkişafı müxalifəti də qane etmir. Ümumiyyətlə, mövcud iqtidarla dialoq məsələsinə müxtəlif yanaşmalar var. Bəziləri bunu mümkünsüz hesab edir, bəziləri isə partiyalararası dialoqu normal qiymətləndirir. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, hakimiyyətin müxalifətə qarşı düşmən münasibəti fonunda hər hansı dialoqdan danışmaq gülünc görünür: “Əli Həsənovun bu fikirləri daha çox gözdən pərdə asmaq üçündür. Bir tərəfdən siyasi repressiyalar artır, müxalifət partiyasının qərərgahı partladılır, müxalifətin fəaliyyətini məhdudlaşdırmaq üçün əngəllər törədilir, digər tərəfdən dialoqdan danışırlar. Belə bir şəraitdə, belə bir münasibətlə hansı dialoqdan danışmaq olar? Sadəcə olaraq hakimiyyət özünü demokratik göstərməyə çalışır. Dəfələrlə belə mesajlar verilib, ancaq heç bir təşəbbüs göstərilməyib. Bu gün ölkədə kəskin siyasi qütbləşmənin də yeganə günahkarı hakimiyyətdir. Yəni, hakimiyyətin yürütdüyü siyasətlə, səsləndirdiyi fikirlər arasında oxşarlıq yoxdur”.

Müsavat başqanınn müavini Gülağa Aslanlı bildirdi ki, hakimiyyət real müxalifətlə dialoqda maraqlı deyil və Əli Həsənovun fikirləri reallıqdan uzaqdır: “Belə bir məsəl var  ”yalançının evi yandı, heç kim inanmadı”. Biz neçə illərdi Əli Həsənovun dialoqdan danışdığını eşidirk. Amma bu istiqamətdə heç bir yenilik yoxdur. Ümumiyyətlə, bu hakimiyyətin hansısa dialoq təklifinə inanmıram. Bu fikirlər sadəcə beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirmə almaq üçün səsləndirilir. Normal ölkələrdə hakimiyyətlə müxalifət arasında müzakirələr, dialoqlar olur.  Azərbaycanda isə normal hakimiyyət olmadığı üçün, bu hallar müşahidə olunmur. Ancaq Azərbaycanın ümumi mənafeyi ilə bağlı hansısa dialoq təklif olunarsa, biz həmin təklifi dəyərləndirərik”.

Akif