Bu günlərdə Türk Hava Yollarının sifarişi ilə çəkilmiş mükəmməl bir reklam filmi yayımlanır hər yerdə. “Hayal edince” adlanan o reklamı çoxunuz görmüsünüz yəqin. Iki dəqiqəlik bir reklam filminin bundan gözəl xəyal edilə biləcəyini də düşünmürəm. Əslində, izlədiyim filmin həyəcanlı yerində araya girən reklam qədər bezdirici bir şey yoxdur, mənə görə. Amma reklam da bir reklam olsa “O zaman bəlkə biz də bir reklam fasiləsinə çıxaq”…
Azərbaycan mediası reklam sarıdan, bəlkə də, dünyanın ən “kasıb” mediasıdır. Bir sıra dünya media holdinqlərinin fəaliyyəti yalnız reklama bağlı olduğu halda, bizim ən çox oxunan qəzetlərimizə bəzən aylarla elan belə verən yoxdur. Səbəb aydındır, inhisar və rəqabətsiz bazarın zərbəsi həm də mətbuata dəyir. Dünyanın azad iqtisadiyyata və azad sahibkarlığa malik ölkələrində reklam çoxdan önəmli detallar sırasında yer alır. Bizdə belə bir sistem formalaşmayıb, doğru. Amma bu da yerli bazarımızın reklamsız ötüşdüyü anlamına gəlməz. Etiraf edək ki, ekranlarda, küçələrdə davamlı nümayiş olunan reklamlar hər birimizin “saqqızını oğurlaya” bilər. Onun məqsədi də elə budur – təklif olunan məhsulu satdırmaq. Bəli, bu halda çoxumuzun fikrindən heç olmasa bir dəfə o məhsuldan istifadə etmək keçir. Ancaq bilirsiniz, bu gün bizdə xüsusi reklam edilən məhsullar çox zaman xarici ölkələrin istehsalı olur. Çünki inkişaf etmiş dünya ölkələrində sınaqdan keçmiş bir təcrübədir: bir məhsul yüksək səviyyədə reklam olunursa, onun keyfiyyətinə inanmaq olar. Bütün statistik göstəricilər də həmin məhsula tələbatın o biriləri ilə müqayisədə daha yüksək olduğunu təsdiqləyir. Bizdə isə durum xeyli fərqlidir…
Bizim xüsusi özünü təsdiqləmiş brendlərimiz olmadığına görə, boşluğu əsasən xarici markalar doldurur. Az-çox reklam olunan yerli məhsulla da bazarı inhisarda saxlayanların payına düşür. Açığını deyim ki, məhz bu üzdən mən özüm o yerli məhsulların keyfiyyətinə şübhəylə yanaşıram və onları almağa əlim gəlmir. Hansı ki, pulu öz yerli məhsullarımıza xərcləməyin ən qatı tərəfdarı olanlardan biriyəm, təbii ki, keyfiyyətli məhsullarımıza.
Reklam işinin özü də başqa bir incə məsələdir. O incəlikləri tapıb uzlaşdırmadan bu işdə uğur qazanmaq çətindir. Mütəxəssislərin fikrinə görə, hər bir xarici bazara çıxan məhsulun reklamla uğur qazanmasının sirri brend yaratmaqdan keçir. Təbii, bu bizim məhsullara da aiddir. Tutaq ki, lap məhsul yüksək keyfiyyətlə hazırlandı, qablaşdırıldı və “görücüyə” çıxdı. Gərək onun təqdimatını böyük peşəkarlıqla edə bilən reklamçılar da olsun axı. Haradadır o peşəkarlar? “Yoxdur” deməyə dilim də var gəlmir. Çünki bizdə nədən qıtlıq olsa da, istedadlı insanlar sarıdan qıtlıq yoxdur bilirəm ki. Bəs o zaman bu peşəkarların yetişib ortaya çıxmasına nə mane olur: təhsilin səviyyəsimi, təcrübə əskikliyimi, texniki imkanların aşağı səviyyədə olmasımı?
Keçənlərdə Azərbaycan Reklamçılar Ittifaqının prezidenti Hacıəmi Atakişiyevin müsahibəsində belə bir fakt oxumuşdum. “Coca-Cola” şirkəti məhsulun ölkəmizdə reklam olunması üçün Türkiyə vasitəsilə Azərbaycana 500 min dollar ayırıb. Amma bizdə o səviyyədə reklam çəkilməsi üçün texniki imkanlar olmadığına görə, çəkilişi Türkiyəyə həvalə ediblər və həmin pul da onlara verilib.
Bütün detallar öz yerində. Lakin inhisarsız azad bazar reklam işinin uğurunun əsasıdır, əslində. Məhz rəqabətli bazar şərtləri istehsalçıları keyfiyyətli brend yaratmağa və brendlər də yaradıcı insanları peşəkar reklamlar çəkməyə sövq edə bilər. Maraqlara meydan verilməyən və əngəllər yaradılan bir yerdə reklamın keyfiyyəti də elə rəqabətsiz bazardakı məhsulların keyfiyyətindən uzağa getməz. Belə reklamdan qazanc götürməyi də kimsə xəyalına gətirməsin heç. Iki dəqiqəlik reklamla milyonların qəlbini fəth etmək üçün böyük xəyallar qurmaq gərək!