Dirilər qəbiristanlığı

Dünya yaranandan bugünə kimi insanlar doğulur və ölür.  Doğulanda sevinc gətirən insan öləndə kədər bəxş edir.  Yaxınlarımızın, doğmalarımızın ölümü bizi məyus edir, göz yaşı tökürük, mərhuma mərmərdən başdaşı qoyuruq, 3, 7, 40 mərasimində ehsan veririk və s. Bununla da dünyasını dəyişən əzizimiz qarşısında son borcumuzu yerinə yetiririk. Bəlkə də ölüm həyatın ən ədalətli qərarıdır. Ölüm o qədər ədalətlidir ki, hamını yad edir, heç kimi unutmur. Bəlkə də ölüm həyatın bizə hədiyyəsidir.

Qayıdaq yuxarıda qeyd etdiyimiz mərhuma olan son borcumuza. Biz doğmalarımıza əvvəlki borcumuzu qaytarmışıq ki, son borcumuzu yerinə yetirmək üçün əl-ayağa düşürük?

Biz yaxınlarımızı qəbiristanlığa yola salmamışdan öncə, göz yaşlarımızı xərcləmiş oluruq. Bu ölkədə qəbiristanlıq xeyli vaxtdır ki, yalnız ölülərə məxsus deyil. Bu yaxınlarda köhnə tanışlardan biri ilə qarşılaşdım. Anasının ölümündən danışdı. 3 il xəstə yatağında olan anasını müalicə etdirmək üçün döymədiyi qapı qalmayıb. Analoqu olmayan ölkəmizin bütün qurumlarından “hələ maddi imkanımız məhduddur” cavabını alıb. Bəli, bu adam üçün anasının xəstə yatdığı çarpayı “dirilər qəbiristanlığı” imiş. Belə nümunələr minlərlədi. Fransadan tutmuş, Pakistana qədər muzey tikdirən, park saldıranlar xəstə vətəndaşa qayğı göstərmək məqamı gələndə “xeyriyyəçilik ənənə”lərinə son verirlər.

Bu ölkədə uzun illərdi ki, həm də dirilərə ağlayırlar. Şərlənərək həbs olunan jurnalistin körpə balası, NIDA-çı gənclərin valideynləri dirilər üçün göz yaşı tökür. Bəlkə də bu ölkədə vicdanlı, vətənpərvər, cəsarətli insanları görəndə “fatihə” vermək lazımdır. Çünki rejim bu insanlara vətəni qəbiristanlıq edib.

20 ildir qiymətli daşlardan heykəl ucaldıb bizi bu heykəllərə səcdə etməyə məcbur edənlər istəyirlər ki, biz də ətdən heykəl olaq. Bəli, daş heykəllərin qarşısında əyilən cəmiyyət, ətdən heykələ dönmək yolunda addımlayır.

Insanlar “ət heykəl”ə çevriləndə daş heykəllər ölkə sərvətini talaya bilir.

Artıq 22 ildir dünyanın ən kasıb ölkələrindən hesab edilən Ermənistan, analoqu olmayan Azərbaycandan 20 faiz torpaq oğurlayıb. Biz isə 22 ildir güclü ordumuzun, iqtisadi inkişafımızın fontan vurmasına baxmayaraq, oğurlanmış torpağımızı geri qaytara bilmirik.

Əvəzində isə bizi məcbur edirlər ki, prezidentimizin Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışından təsəlli tapaq. Sən demə, bu sammitdə Serj Sərkisyana tutarlı cavab vermişik və Türkiyəni də müdafiə etmişik.

Minlərlə vətəndaşımı həyatdan məhrum etmiş, ailələri başsız qoymuş, insanları yurd-yuvasından ayrı salmış, hələ də torpağımı işğal etməkdə davam edən bir ölkənin prezidentinə masa arxasında qalib gəlmişik. Bu “qalibiyyət” Ermənistana hansı itkini qazandırdı, neçə faiz torpaq geri qayıtdı, erməni əsgərlərini qəbristanamı göndərdik? Bu hadisə Türkiyə tərəfindən yüksək qiymətləndirilə bilər. Bizim üçün isə “böyük zəfər” sayıla bilməz.

Bizi uzun illərdir ucuz qələbələrə heyran olmaq üçün “tərbiyə”ləndirirlər. Ölkə “dirilər qəbiristanlığı”na çevriləndə “ölü qələbələr” uğura çevrilə bilir.

Müəllimə 150 manat əmək haqqı verib, kosmosa 100 milyonluq peyk göndərmək inkişaf sayıla bilməz. Mənə görə müəllimin haqqını yeyib, onun yerdə gəzməsinə imkan yaratmayıb, göydə gəzməyə peyk göndərmək vətəndaşı təhqir etməkdir.

Bəli, müəllimin gələcəyə “diri” kadrlar hazırlması, “ölü” kadr həvəskarlarına sərf etmir. Ona görə də ac və saxtakar müəllim daha xeyirlidir.

Bir sözlə, cəmiyyət diri-diri ölməyi qəbul etməklə, “dirilər qəbristanlığı”nın yaranmasına xidmət edir.

Ölənə qədər yaşamaq lazımdır. Iki qəbiristanlığa ehtiyac yoxdur.