Bir neçə gün öncə gənc fəal Bəxtiyar Hacıyev sosial şəbəkələrdə Azərbaycandan gedə biləcəyi barədə fikirlərini açıqladı. Həmin açıqlama belə bitirdi: “Adamı o qədər sıxırlar ki, narahat Avropa və Amerika bir tərəfə, adam sabah Rusiya səfirliyinə zəng edib pasport almaq istədiyini bildirmək barədə də düşünür”.
Dərhal bəzi dostlar Bəxtiyarı ölkədən getmək istəyinə görə, bəziləri də Rusiya pasportu almaq fikrinə görə qınadı. Məqsədim həmin müzakirələrə qayıtmaq deyil. Əslində, həmin açıqlamanı diqqətlə oxuyanda aydın olur ki, Bəxtiyar bəy nə ölkədən gedəcəyini bəyan edir, nə də Rusiya pasportunu almaq istəyir. Sadəcə ölkəmizdə durumun bu qədər ağır olduğunu söyləyir. Gerçək ovqatı göstərir. Vətəndaşların bu qədər ağır seçim qarşısında qoyulduğunu ifadə edir. Durum bəlkə belə deyil?
Gəlin həmin açıqlamanı bütöv şəkildə yenidən oxuyaq: “Bu gün prezident I.Əliyevə Nəsimi Polis Idarəsinin rəis müavini Mehman Əliyevin ədəbsizliyi barədə şikayət yazdım. Bu o Mehman Əliyevdir ki, keçən il küçədə gedən vətəndaşa arxadan təpik və şillə vurmuşdu, amma onunla bağlı heç bir tədbir görülmədi. Eyni zamanda artıq ciddi-ciddi Azərbaycandan getmək barədə düşünürəm. Adamı o qədər sıxırlar ki, narahat Avropa və Amerika bir tərəfə, adam sabah Rusiya səfirliyinə zəng edib pasport almaq istədiyini bildirmək barədə də düşünür”.
Iş elə gətirib ki, həmin polis işçisinin gənclərdən birinə parkın ortasında, hamının gözü qarşısında təpik vurulan gün qanunsuz saxlanılmışdım, gecə isə polis maşını məni Lökbatan körpüsünün altında düşürüb, getdi. Mən də buna görə məhkəməyə şikayət etmişəm və görünür ki, boşuna şikayət etmişəm. Mehman adlı o polis əməkdaşı Bəxtiyar Hacıyevə qarşı qanunsuz hərəkətlər edərkən də məhkəmə binasının önündə idik. Hər şey gözümüzün önündə baş verdi. Siz hər iki hadisənin videosuna baxmısınız, yaxud baxa bilərsiniz. Baxın və düşünün, bu ölkədə yaşamağın adı nədir?
Bəxtiyar Rusiya pasportu alası deyil, əminəm ki, sadəcə durumu və ovqatı yazıb. Amma bundan betər hallarla üzləşən, çıxılmaz duruma salınan, çəkilməz ədalətsizliklərə sürüklənən başqaları almazmı o pasportu? Hamı qədərincə vətənə bağlı deyil. Hamı bizim kimi qərar vermir. Heç də hamı çox dözümlü deyil. Məgər indiyəcən çox sayda vətəndaşımız ən ağır şərtlərlə Rusiya bazarlarında işləməyə üstünlük vermədimi?!
Bu gün hər kəs Rusiya təhlükəsindən danışır. O təhlükə Rusiya ordusunun gücündən doğmur, biləsiniz. Azərbaycanı Rusiyaya tərəf sürükləyən güc bu ölkədəki siyasətin özüdür, haqsızlıqdır, oğurluqdur, yalandır. Bütün hallarda, heç nəyə baxmayaraq, Rusiyanı rədd edən vətəndaşlarımız da az deyil, amma müstəqil Azərbaycanda rus dövründəkindən qat-qat pis yaşadıqlarını düşünənlər də az deyil. Haqqı tapdalananda bağrı yarılıb rus pasportunu yadına salanlar da həmçinin.
Azərbaycanı Rusiyaya tərəf itələyən mövcud iqtidardır. Bu hakimiyyətin özbaşınalıqlarına güzəşt edən Qərb ölkələridir. Xalqın əvəzinə bu hakimiyyətlə isti münasibət quran Türkiyədir. Dolayısı ilə bu hakimiyyətə xidmət edənlərdir hətta. Dillərində Rusiya təhlükəsi deyib, aşkar və gizli şəkildə bu hakimiyyət üçün çalışan hər kəs Rusiya təhlükəsini böyüdənlərdir. 28 aprel uşaqlarıdır onlar. 28 Mayı qiymətsiz edənlərdir, dillərində nə deməklərindən asılı olmayaraq.
Rusiyanın özünə gəldikdə, onu da bir az da iştaha gətirən belə iqtidarlardır. Rusiya hesab edir ki, o, hər halda acımasız yerli hakimiyyətlərdən çox da pis davranmayacaq ağalıq etmək istədiyi xalqlarla. Şər niyyətinə və işğalçılığına o da belə haqq qazandırır. Təhlükə isə bir az da böyüyür bu düşüncədən. Yəni Rusiya təhlükəsi hər şeydən öncə iradəsi tapdanmış əzilən xalqlar deməkdir…