Xəyallar və reallıqlar
Məhəmmədəli Xəlilov
Müstəqillik əldə etdikdən sonra keçid dövrünü yaşayan respublikamızın qarşısında həllini gözləyən məsələlər sırasında təhsildə – xüsusilə onun baza hissəsini təşkil edən orta təhsildə islahatların aparılması mühüm yer tuturdu. Əlbəttə, müəyyən çətinliklər var idi. Lakin bu çətinlikləri keçən əsrin 30-40-cı illərində təhsilimizin rastlaşdığı çətinliklərlə eyniləşdirsək, obyektivlikdən uzaq olardıq. Çünki ortada zəngin tarixi təcrübə var.
Bu tarixi təcrübənin, mövcud şəraitin imkanlarının və qabaqcıl dünya təcrübəsinin uğurla uzlaşdırılması vəziyyətdən çıxış yolu ola bilərdi. Bu amildən az-çox faydalanan keçmiş sovet respublikalarının bəziləri təhsildə müəyyən uğurlar əldə etdi. Respublikamızda da bu istiqamətdə müəyyən işlər görülürdü. Müstəqilliyimizin ilk illərində həyata keçirilən “Milli dərsliklərin hazırlanması”, daha sonralar 11 illik təhsil çərçivəsində “Kurikulum islahatı”nın keçirilməsini misal göstərmək olar.
Əfsuslar olsun ki, külli miqdarda vəsaitin və vaxtın sərfi hesabına həyata keçirilən bu tədbirlərin heç biri təhsilimizi nəinki azacıq da olsa, irəli apardı, əksinə, təhsilimizi min bir əziyyətlə əldə edilmiş tarixi təcrübədən xeyli məsafə qədər geriyə atdı.
Təhsil başbilənlərimiz vəziyyətdən çıxış yolu olaraq, iki amilə söykənən 12 illik orta təhsilə keçid ideyasını irəli sürdülər.
Amillərdən biri şagirdə müasir tələblərə cavab verən bilik və bacarıqların öyrədilməsində 11 illik təhsilin yetərli olmadığına, ikinci amil isə bu ideyanın dünya praktikasında müəyyən uğur gətirdiyinə əsaslanırdı.
Onu da qeyd etməliyik ki, bu istiqamətdə araşdırmalar aparan təhsil ekspertlərimiz, bir qayda olaraq, təhsilimizin MDB və müstəqillik illəri mərhələlərinə diqqət yetirir, təhsilimizin inkişafında müstəsna rol oynamış yaxın keçmişinin üstündən sükutla keçirdilər.
Bu məqalədə göstərməyə çalışacağıq ki, təhsilin düzgün təşkili və planlaşdırılması sayəsində nəinki 11 illik orta təhsildə, hətta 10 illik orta təhsildə də şagirdə müasir tələblərə cavab verən bilik və bacarıqların öyrədilməsi mümkündür.
Bu məqsədlə təhsilimizin yaxın keçmişinin, indiki durumunun və təhsilimizin səmərəliliyinə təsir edən reallıqların müqayisəli təhlilinin aparılmasını lazım bildik.
Əvvəlcə özümüzün də təhsil aldığımız 10 illik orta təhsildən başlayaq.
10 illik orta təhsilin özəllikləri və əldə edilən naliyyətlər
Əvvəlcə tarixi şərait və mövcud imkanlara diqqət yetirək. Bizim nəslin orta təhsili 1944-1954-cü illərə təsadüf edir. Birinci sinfə qədəm qoyarkən Vətən müharibəsinin başa çatmasına hələ bir ilə yaxın vaxt qalırdı. Ölkənin həyatı hər cəhətdən ağır idi. Savadsızlıq hələ tam aradan qaldırılmamışdı. Bu çətinliklər təhsilə də öz təsirini göstərirdi.
Sinifmizdə 20 nəfər şagird var idi. Partalar çatışmadığından şagirdlər parta arxasında üç-üç, bəzən də iki-iki əyləşərdilər. Dərslik və dəftər qıtlığı var idi. Düz cizgili ağ dəftərlər çatışmadığından əlimizdə olan ağ dəftərlərdən yalnız Əlifba fənni üçün istifadə edərdik. Hesab fənni üçün isə müəllimimizin verdiyi tünd qara rəngli vərəqlərdən paltar iynəsi ilə tikib hazırladığımız dəftərlərdən istifadə edərdik. Qara vərəqləri yazarkən təbaşirəbənzər ağ iz buraxan, çubuq formalı karandaşlardan istifadə edərdik. Dəftərin vərəqləri ağ hərflərlə dolduqdan sonra onları nəm əski ilə silər, növbəti mövzuları yazardıq. Sinif lövhəsində işləmək üçün təbaşir (mel) olmadığından onu kəndimizin yaxınlığında, “Təbaşirlik” adlanan yerdən gətirərdik. Bilik əldə edə biləcəyimiz mənbə yalnız müəllimimizin dedikləri və az-çox əlimizdəki dəsliklər idi. Əlavə vəsaitlərdən və evdə valideynlərin köməyindən söhbət belə gedə bilməzdi. Çünki valideynlərin əksəriyyəti, hətta hərfləri tanımırdı, az bir hissəsi isə (məsələn, kolxoz sədri, hesabdar, təsərrüfat briqadirləri), ən yaxşı halda, sadə yazı-pozunu və hesabın dörd əməlini bilirdilər.
O dövrdə orta təhsil iki pilləli idi. I-VII siniflərdə təhsil icbari idi. Rayonumuzun 90-a yaxın kəndinin, demək olar ki, hər birində 4 illik ibtidai məktəblər fəaliyyət göstərirdi. 7 illik məktəblərin sayı az idi. Orta hesabla, ərazicə yaxın olan, 4-5 kəndə bir 7 illik məktəb düşürdü. Rayonumuzda beş 10 illik məktəb var idi. Sonralar daha iki 10 illik məktəb istifadəyə verildi.
Kəndimizdəki 4 illik ibtidai məktəbi bitirdikdən sonra təhsilimizin sonrakı mərhələsini kəndimizdən 3 km. məsafədə yerləşən qonşu kənddəki 7 illik məktəbdə davam etdirər, çiynimizdən asdığımız, valideynlərimizin çit materialdan tikib hazırladığı, kitab çantası ilə yazın, yayın qızmar, qışın qarlı-çovğunlu günlərində, dərəli-təpəli, tozlu-palçıqlı bu məsafəni hər gün pay-piyada qət etməli olurduq. Rayonumuzun əksər kəndlərinin (yəqin ki, respublikanın da) məktəbliləri oxşar həyatı yaşayırdılar.
Tədrisin təşkilinin özəllikləri
10 illik təhsildə fənlərin ayrı-ayrı siniflər və təhsil pillələri üzrə bölgüsü cədvəl 1-də təqdim edilmişdir (Bax: Cədvəl). Cədvəlin özəlliklərinə diqqət yetirək. Özəlliklərdən biri fənlərin siniflər və təhsil pillələriarası bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması, tədrisin müəyyən ardıcıllıqla – sadədən mürəkkəbə, ibtidaidən aliyə istiqamətlənmiş yüksələn düz xətt üzrə həyata keçirilməsidir.
Məsələn, IV sinfin “Tarix” dərsliyində şagirdlər ayrı-ayrı tarixi hadisələrin nümunəsində fənnin predmeti ilə tanış edilirdisə, sonrakı siniflərdə tarixin ayrı-ayrı mərhələləri xronoloji ardıcıllıqla öyrənilirdi.
IV sinifdə “Cansız təbiyyət” fənninin nümunəsində şagirdlər ətraf təbiətlə ilkin tanış edilirdisə, sonrakı siniflərdə bitkilər aləmi – “Botanika”, heyvanlar aləmi – “Zoologiya” və “Insanın anatomiyası və fiziologiyası” fənni öyrənilirdi.
I sinifdə vurma cədvəlinin öyrədilməsindən başlanan hesab fənni V sinifdə kəsrlər üzrə əməllər və faizin hesablanmasının öyrədilməsi ilə başa çatdırılırdı. Hesabın davamı və inkişafı olan “Cəbr” fənni VI-X siniflərdə öyrənilərdi.
Hesabın və cəbrin priyomları mənimsənildikdən sonra VI-VIII siniflərdə müstəvi həndəsəsi tədris edilərdi. Hesab, cəbr və müstəvi həndəsəsindən zəruri baza bilgiləri mənimsənildikdən sonra IX-X siniflərdə fəza həndəsəsi tədris edilərdi. Cəbr, müstəvi həndəsəsi və fəza həndəsəsi fənlərindən baza bilgilər mənimsənildikdən sonra IX-X siniflərdə triqonometriya fənni tədris edilərdi. Cəbr, həndəsə, triqonometriya fənlərindən və fizikanın qanunlarından mənimsənilən baza bilgilərə əsaslanaraq X sinifdə astronomiya fənni tədris edilərdi.
Azərbaycan dilinin qrammatikası və ədəbiyyat fənlərinin tədrisinin də özəllikləri var idi. Belə ki, şagirdlərdə şifahi nitq qabiliyyətinin formalaşdırılması bir neçə ardıcıl mərhələdən keçirdi:
I sinifdə “Əlifba” fənninin mənimsənilməsi başa çatdıqdan sonra şagirdlərə düzgün tələffüz və oxu vərdişlərinin aşılanması üçün kiçik şeir parçaları və mətnlər hündürdən oxudulardı.
II sinfin “Ədəbi qiraət” dərsliyində oxu vərdişləri inkişaf etdirilməklə oxuduqlarını şifahi ifadə etmək vərdişləri aşılanardı.
III-IV siniflərdə tədris edilən “Ana dili” dərsliyində kiçik hekayələr, şeir parçaları, şifahi xalq yaradıcılığından nümunələrin öyrədilməsi ilə yanaşı, dilin qrammatikasının ilkin mərhələsi olan söz, sözün tərkibi, səslər, cümlə və s. anlayışlar tədris edilərdi.
V-VII siniflərdə öyrənilən mövzuların məzmunu tədricən çətinləşdirilərdi. Şagirdə öyrəndiyi şeiri əzbərdən söyləmək, nəsr nümunələrini şifahi ifadə etmək bacarıqları aşılanırdı.
VIII-X siniflərdə şagirdə öyrəndiyi bədii əsəri müstəqil təhlil etmək – obrazların səciyyələndirilrməsi, əsərin ictimai əhəmiyyətinin və ideyasının dəyərləndirilməsi bacarığı aşılanırdı.
V-VII siniflərdə tədris edilən Azərbaycan dilinin qrammatikası fənnində məqsəd məktəblidən dilçi alim-filoloq yetişdirmək deyil, dilin orfoqrafiya qaydalarını mənimsəmək, şifahi nitqi yazıda düzgün ifadə etmək bacarıqlarının formalaşdırılması idi.
Cədvəlin özəlliklərindən biri də bir neçə dərs ilinə hesablanmış fənlərin (məsələn, Azərbaycan dilinin qrammatikası, hesab, cəbr, həndəsə və s.) tədrisində növbəti dərs ilində əvvəlki mövzuların təkrar tədrisinə yol verilməməsi, fənnin qalan hissəsinin əvvəlkilərin davamı və inkişafı olaraq tədris edilməsindədir.
Bu baxımdan fizika fənni müstəsna idi. Bu, onunla şərtlənirdi ki, 7 illik icbari təhsili şəhadətnamə ilə bitirib texniki-peşə məktəblərinə və texnikumlara üz tutan şagirdlər öz ixtisaslarına uyğun ilkin baza bilgilərini hələ icbari təhsil pilləsində tədris edilən dəqiq fənlərdən – ilk növbədə fizikadan əldə etməli idilər. Fizikanın əhəmiyyətini düzgün dəyərləndirən dövlət, bu fənnin tədrisini 6-cı sinifdən, hətta ittifaqın bəzi məktəblərində eksperiment olaraq, 5-ci siniflərdən nəzərdə tuturdu.
Bu hal “Fizika” dərsliklərinin məzmununa təsir etməyə bilməzdi. Iki il (6-7-ci siniflər) ərzində məktəbliyə ilkin minimum zəruri bilgilərin öyrənilməsi üçün yuxarı siniflərin tədris proqramından bəzi mövzular “Hər şeydən bir az” prinsipi ilə 6-7-ci siniflərin “Fizika” dərsliklərinə daxil edilirdi.
O dövrlərdə məktəblərdə xüsusi laboratoriya avadanlıqlarının, modellərin, maketlərin, az olduğunu, əksər hallarda, ümumiyyətlə yoxluğunu, habelə məktəblinin yaş xüsusiyyətlərini, fizika ilə ilk tanışlığını nəzərə alan dərslik müəllifləri, dərsliyin dilinin sadəliyinə, anlayışların şərhinə xüsusi qayğı ilə yanaşırdılar. Obyektivlik naminə qeyd etməliyik ki, rus müəlliflərinin işləyib hazırladığı bu dərsliklər dilimizə yüksək səviyyədə tərcümə edilirdi. Bu yanaşma məqbul sayılsa da, hər iki təhsil pilləsi üçün vahid sistematikaya əsaslanan dərsliklərin işlənib hazırlanması aktual olaraq qalırdı. Lakin həmin dövrün yuxarıda qeyd edilən xüsusiyyətləri bunu həyata keçirməyə imkan vermirdi.
Siniflər Fənlər
I Əlifba, hesab, şərqi (nəğmə), bədən tərbiyyəsi.
II Ədəbi qiraət, hesab, bədən tərbiyəsi
III Ana dili, hesab, rus dili, bədən tərbiyəsi
IV Ana dili, hesab, rus dili, tarix, cansız təbiyyat, bədən tərbiyyəsi
V Ədəbiyyat, hesab, rus dili, botanika, qədim dünya tarixi, Azərbaycan dilinin qrammatikası, bədən tərbiyyəsi
VI Ədəbiyyat, Cəbr, Həndəsə (Planimetriya), fizika, zoologiya, orta əsrlər tarixi, Azərbaycan dilinin qrammatikası, rus dili, hərbi hazırlıq, bədən tərbiyəsi
VII Ədəbiyyat, Cəbr, Həndəsə, fizika, kimya, rus dili, Azərbaycan dilinin qrammatikası, zoologiya, orta əsrlər tarixi, hərbi hazırlıq, coğrafiya
VIII Qədim ədəbiyyat, Cəbr, Həndəsə, SSRI tarixi, Insan anatomiyası və fiziologiyası, coğrafiya, kimya, fizika, rus dili, hərbi hazırlıq
IX XIX əsr Azərbaycan ədəbiyyatı, Cəbr, Həndəsə (fəza həndəsəsi), SSRI tarixi, kimya, fizika, məntiq, xarici ölkələrin coğrafiyası, triqonometriya, Darvinizmin əsasları, hərbi hazırlıq, rus dili
X Sovet ədəbiyyatı, Cəbr, Həndəsə, triqonometriya, yeni tarix, kimya, fizika, hərbi hazırlıq, astronomiya, rus dili, fransız dili, ədəbiyyat nəzəriyyəsi
Ardı var…


