SSRİ-nin 28 il əvvəlki cinayəti üzə çıxdı MƏXFİ SƏNƏD

1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdi. “Ölüm bulud”unun yerdə qalan hissəsini küləklər cənuba “sürükləmişdi”. Bu səbəbdən Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, güclü radiasiya nəticəsində 25000 insan ömürlük şikəst, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır. Hadisədən neçə illər keçməsin baxmayaraq, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

SSRİ-də hər vasitə ilə bu hadisənin üstünü ört-basdır etməyə çalışırdılar. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hadisənin dəhşətləri barədə mətbuata məlumat sızdırılmaması və ictimaiyyətin bu fəlakətin dəhşətlərindən daha ətraflı şəkildə xəbər tutmaması barədə gizli göstəriş vermişdi. Bu məsələni nəzarətdə saxlamaq isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarına tapşırılmışdı. Buna paralel olaraq, Qorbaçov Çernobılda dəhşətli bir hadisə baş vermədiyini və bunun adi qəzalardan biri olduğunu sübut etmək üçün qəzanın baş verdiyi yerin yaxınlığında yerləşən Kiyevdə 1 May bayramının təntənəli şəkildə keçirilməsi barədə göstəriş vermişdi. Kiyevdə isə əhalinin müəyyən hissəsi baş verənlərdən xəbər tuta bilmişdi və onlar 1 May mərasiminə qatılmaq istəmirdilər. Lakin milisin işə cəlb edilməsi nəticəsində yüzlərlə adam zorla evindən çıxarıldı və 1 May şənliklərində iştirak etməyə məcbur edildi.

Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar arasında kütləvi şəkildə müxtəlif xəstəliklərin yayılması əhalini təşvişə salmışdı. Nəhayət, əhalinin müəyyən hissəsi xarici radiostansiyaların vasitəsi ilə Çernobıl faciəsinin dəhşətlərindən xəbərdar oldular. May ayının 7-də, hadisədən 10 gün sonra artıq bütün SSRİ Çernobılda dünyanı dəhşətə gətirən bir qəzanın baş verməsindən xəbər tuta bilmişdi. Əhali Ukraynada baş verən hadisələrin gizlədilməsi ilə bağlı açıq narazılığını bildirməyə və qeyri-rəsmi şəkildə dövləti ittiham etməyə başlamışdı. Ukraynada xalqın ayağa qalxa biləcəyindən ehtiyat edən Qorbaçov, nəhayət ki, iki həftədən sonra əsl həqiqətləri üstüörtülü şəkildə olsa da, etiraf etməyə məcbur oldu. O, bununla əlaqədar verdiyi açıqlamasında “Bəli, əziz yoldaşlar, biz son günlərdə çox ağır anlar yaşadıq. Sanki tale və bəxt bizdən üz döndərmişdi. Bu qəza bütün xalqımızı ağır şəkildə yaraladı və dünyanı da şoka saldı. Qəza öz sərhədlərini aşaraq ətrafa yayıldı və biz onun gətirdiyi dəhşətlərlə üz-üzə qaldıq “, – dedi. Onun bu açıqlamasından sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərin evləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu.

Çernobıl faciəsinin 28-ci ildönümündə Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı öz Facebook səhifəsində maraqlı bir sənəd yayıb. Həmin sənəd 26.04.1986-cı ildə SSRİ-nin Energetika və elekrofikasiya nazirinin 1-ci müavini Makuxin tərəfindən imzalanıb. Fotosunu gördüyünüz bu məktubdan açıq-aydın görünür ki, SSRİ rəhbərliyi əslində böyük cinayətə yol veriblər. Məktubda deyilir ki, Çernobıl AES-in 4 saylı enerji blokunda növbəti təmir zamanı partlayış baş verib. Nəticədə isə, reaktorun yerləşdiyi tikilinin dam örtüyü, maşın zalının panel divarları uçub. Sən demə, 2 saat sonra qəzanın nəticələri aradan qaldırılıb. Bu hələ harasıdır? Sanki heç nə olmamış kimi vur-tut 9 nəfərin xəsarət aldığı bildirilir, yaxınlıqda yaşayan əhalinin köçürülməsi isə məqsədə uyğun sayılmır…

Bu, əsil cinayət idi. Çünki qəza və ondan sonra şüalanma nəticəsində ölənlərin sayı 130 min nəfəri keçdi…