Dövlətə xəyanət ittihamı ilə həbs edilən jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev hədələnir. Bu barədə Fuad Ağayev facebook səhifəsində yazıb. O, konkret ad çəkməsə də, yazdığına görə, hədələnməsi jurnalist Rauf Mirqədirovun müdafiəsi ilə bağlıdır.
“Azərbaycan Respublikası Prokurorluğunun və R.Mirqədirovun işi ilə bağlı əməliyyat tədbirləri aparan şəxslərin nəzərinə!
Mən uzun müddətdir ki, peşəkar vəkillik fəaliyyəti ilə məşğulam. Ancaq birinci dəfədir ki, özümü provokasiya yolu ilə dava-dalaşa salmaq cəhdləri ilə rastlaşıram. Təcrübə göstərir ki, bu cür «münaqişələrə» öz iradələrinə zidd olaraq iştirak etməyə məcbur olan şəxslər qanuna zidd olaraq Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər. Xuliqan deyiləm, amma aciz də deyiləm. Ona görə də, məsləhət görürəm, bu cür ucuz üsullarla müdafiəçini sıradan çıxarmaq niyyətindən, bu məqsədlə agentura şəbəkəsindən istifadə etmək istəyən adamları yığışdırasınız!”, – deyə F.Ağayev yazıb.
Vəkil “Azadlıq” radiosuna yazdıqlarını təsdiqləsə də, əlavə şərh vermək istəməyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov radioya deyib ki, Fuad Ağayev ona hədə-qorxu gəlindiyini iddia edirsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər.


