Eldar İbrahimovun qardaşına məxsus bankın lisenziyası bərpa edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Kövsər Bank”ın lisenziyasını bərpa edib. Müvafiq qərar Mərkəzi Bankın Idarə Heyəti tərəfindən aprelin 9-da qəbul edilib. Bu barədə Trend-ə AMB-nin mətbuat xidmətindən bildiriblər.
Bankın lisenziyası 2010-cu ilin sonunda AMB-nin ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi.
2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı Inzibati Iqtisad Məhkəməsinin “Kövsər Bank” ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarmışdı.
“Kövsər Bank”ın lisenziyası iki dəfə ləğv edilib. Birinci dəfə 2001-ci ildə AMB-nin prudensial normalarına uyğunsuzluğuna görə “Kövsər Bank”ın lisenziyası geri çağırılmışdı, amma məhkəmə instansiyaları vasitəsilə bank onun bərpasına nail olmuşdu.
“Kövsər Bank” ASC 1989-cu ilcə “Universal Bank” kimi yaradılıb. 1992-ci ilin dekabrın 21-də isə “Kövsər Bank” adı altında Vergilər Nazirliyində qeydiyyatdan keçib. Bankın nizamnamə kapitalı 4 milyon 600 min manat göstərilib. Bankın qanuni təmsilçisi Heydər Rza oğlu Ibrahimovdur. Heydər Ibrahimov deputat Eldar Ibrahimovun qardaşıdır.
Eldar Ibrahimov hakimiyyətdəki Naxçıvan qruplaşmasının fəal üzvlərindən sayılır. Hakimiyyətdə bir sıra yüksək rütbəli məmurlarla, xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla sıcaq münasibətləri var. Görünür, elə bu səbəbdən Mərkəzi Bank “Kövsər Bankı”n lisenziyasını bərpa etməyə məcbur olub.