Deputatla jurnalist arasında qalmaqal davam edir

Elton Məmmədovun oğlu Eynulla Fətullayev barədə video yaydı, qarşı tərəfdən sərt cavab gəldi

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov iki həftə əvvəl Azərbaycana eksklüziv avtomobil gətizdirib. 

Aynar Məmmədovun eksklüziv “Gelandvagen”i

Avropa.info-nun məlumatına görə, ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan “Hennessy” şirkəti  Aynar Məmmədovun  sifarişi əsasında “Mercedes-Bens Gelandvagen G63 AMG” avtomobilini yenidən yığıb. Deputat oğlunun sifarişi ilə 5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin mühərrikinin gücü daha da artırılıb. Xüsusu hazırlanmış avtomobilin güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb. 

Bundan başqa deputat oğlunun  sifarişinə uyğun olaraq  avtomobilin  salonunda  və xarici görkəmində də, ekskülüzivliyini göstərən  önəmli dəyişikliklər  edilib.  Eyni zamanda,  avtomobilə yeni təkər və disklər qoyulub.  Eksklüziv avtomobilin qiymətinin  yarım milyon dollar olduğu bildirilir. 

ABŞ-da fəaliyyət göstərən avtomobil saytları  bir neçə gün öncə, Azərbaycanlı sifarişçinin istəyi əsasında belə bir maşının hazırlandığını və bu avtomobilin artıq Azərbaycana göndərildiyi haqda məlumat yaymışdı. Bəlli olub ki, avtomobilin hazırlanması ilə bağlı sifariş 6 ay öncə, məhz  Aynar Məmmədov tərəfindən verilib. Maşın ölkəyə gətirilsə də, son dövrlər Aynar Məmmədovun dəbdəbəli  həyatı  və avtomobilləri haqqında mətbuatda gedən yazılardan sonra, eksklüziv avtomobil üzə çıxarılmır. 

“Indi mən də Ziya Məmmədovun videosını yayım?!”

Aynar Məmmədov isə Eynulla Fətullayevin rəhbəri olduğu saytlarda barəsində dərc olunan materiallara cavab olaraq facebook səhifəsində bir müddət əvvəl jurnalist haqqında ANS TV-də yayımlanmış “Bədbəxt adam” filmini paylaşıb. Deputatın oğlu belə bir qeyd də yazıb: “Vətən xainlərini tanımalıdır. Eynulla Fətullayev barəsində Mirşahin Ağayevin ”Bədbəxt adam” filmi”.

Eynulla Fətullayev məsələyə münasibət bildirib. O, “Azadlıq”a açıqlamasında deyib: “Mən həqiqəti ictimaiyyətə çatdırmışam. Mənə vurulan vətən xaini damğasına gəlincə, Aynar Məmmədov bilməlidir ki, Azərbaycan Ali Məhkəməsi mənə bəraət verib. Bu, sadəcə öz əməllərini ört-basdır etməyə cəhddir. Mənimlə bağlı video paylaşırlar. Çox yaxşı, indi mən də Ziya Məmmədovun Rza Ibadovla, Hüseyn Abdullayevlə videolarını paylaşım?”.

Jurnalist Elton Məmmədovun iddialarına da cavab verib. Qeyd edək ki, deputat özünə və övladlarına qarşı məqsədyönlü şəkildə kampaniya təşkil edildiyini bildirib və materialların sifarişlə dərc olunduğu iddia edib. Eynulla Fətullayevin bu iddialara cavabı isə belə olub: “Elton Məmmədovun diqqətinə çatdırıram ki, bu videoları heç kim bizə ötürməyib. Onu elə Elton Məmmədovun övladları, qohumları çəkib internetdə yayıblar. Elton Məmmədov girib video.az saytına və facebook-da ”DragtimeBaku” səhifəsinə baxsın. Görəcək ki, onun öz övladları, yaxınları bu videoları çəkib internetə yerləşdirib. Yəni, bu videoları bizə ötürübsə də, elə Elton Məmmədovun övladları və qohum-əqrəbası ötürüb”.  

Aslan Ismayılov Elton Məmmədovu tənqid, Sabir Rüstəmxanlı isə müdafiə etdi 

Tanınmış vəkil Aslan Ismayılov da baş verənlərə münasibət bildirib. O, facebook səhifəsində yazıb: “Milli Məclisin təyin olunmuş üzvü Elton Məmmədovun ”gül bala”sı Eynulla Fətullayevin haqqında qısa film yaymaqla onun haqqında deyilənləri yalanlamaq, özünü isə xalqın dərdini çəkən “vətənpərvər” kimi təqdim etmək istəyib.

“Gül bala”ya nəsə demək fikrim yoxdur. Ancaq Elton Məmmədov özü və qohum əqrabası haqqında mənim də yazılarımı görmək istəmirsə özlərini yığışdırsınlar”.

Deputat Sabir Rüstəmxanlı isə Elton Məmmədovun övladlarını müdafiə edib. “Mən Elton Məmmədovun uşaqlarını tanıyıram. Onlar çox abırlı və öz yerlərini bilən uşaqlardır”, – deyə o, aktual.az-a bildirib.

Sabir Rüstəmxanlının sözlərinə görə, uzun müddət Rusiyada yaşamış Elton Məmmədov nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun hesabına yox, öz hesabına millət vəkili adını qazanan dəyərli ziyalıdır: “O, öz sahəsini kifayət qədər peşəkar bilən adamdır. Onun övladlarını qudurğan saymaq, qətiyyən, doğru deyil. Əgər yadınızdadırsa, bir zamanlar Kəmaləddin Heydərovun da oğlunun barəsində belə yazılar çap olunurdu. Amma sonradan məlum oldu ki, o xaricdə təhsil almış kifayət qədər tərbiyəli və qabiliyyətli oğlandır. Yaxud Ziya Məmmədovun oğlu Anar Məmmədovun da haqqında belə yazılar yazılırdı. Amma Anar Məmmədov bu yazıları yazan insanlardan daha çox mühüm işlər görüb”.

Millət vəkili hesab edir ki, məmur övladı bir iş görən kimi bu barədə yazılır, amma sıravi vətəndaşın övladı bu qanunsuzluğu edəndə adi qarşılanır:

“Bunun fərqi yoxdur, çünki hamımız bu ölkənin vətəndaşıyıq və hamı da qanun qarşısında bərabərdir. Onu da qeyd edim ki, çox vaxt məmur övladları barəsində mətbuata bu cür məlumatların sızdırılmasında oliqarxlar arasında gizli savaşın fiquruna çevrilən qüvvələrin rolu olur”. Qeyd edək ki, Sabir Rüstəmxanlı Ziya Məmmədovun qardaşı ilə qudadır.