qenimetzahid-yeni

İnsanlığa xəyanət Vətənə xəyanəti mühakimə edir

Adını haqq etməyə başlayan hava limanı

Rauf Mirqədirovun həbsi əlamətdar günlərdə baş verir. NIDA-çılara ittihamı divara oxuyurmuş kimi davranan prokurordan ən ağır cəzalar istənildiyi, Anar Məmmədliyə qarşı məhkəmə prosesinin və şübhəsiz ki, NIDA-çılardan fərqli olmayan aqibətin hazırlandığı bir zamanda ölkənin tanınmış qələm sahiblərindən olan Mirqədirov içəri atılır. Sözün hər iki mənasında içəri. Əvvəlcə yaşadığı xarici ölkədən Azərbaycana gətirilir, sonra da Azərbaycanın daha içərilərində saxlanılır.
Rauf Mirqədirov vicdanını qələminin müqəddəsliyinə həsr edən jurnalistlərdəndir. Onun tematikası daxili siyasəti az ehtiva edərdi. Buna görə də Rauf bəyin Bakı aeroportunda yoxa çıxması sorağını aldığım an barmağımı dişlədim və ona qarşı casusluq ittihamını irəli sürəcəklərini qət etdim. Türkiyədən cibinə qumbara qoyub gəlməzdi, hava limanında əməkdaşlara qarşı müharibə elan edə bilməzdi, çünki zatən deportasiya olunurdu. Nurçu deyildi, “radikal müxalifət jurnalisti” deyildi. Amma onun nəyə görə məhz casusluqda ittiham ediləcəyini özüm üçün izah edə bilmədim və indi də bilmirəm…
Hərçənd, mən onun Ermənistanın xeyrinə casusluqda ittiham ediləcəyini də heç cür ağlıma gətirə bilməmişdim. Sadəcə, belə hesab edirdim ki, Mirqədirov Türkiyədə yaşadığı zamanlar onun Azərbaycan hakimiyyətinin ən müqtədir çevrəsi ilə hansısa anlaşılmazlığı ola bilərdi və bu anlaşılmazlıq üzündən də onu sifariş edə bilərdilər. Amma indi aydın olur ki, Rauf Mirqədirovun həbsi kütləvi həbslər dalğasının hazırlanması və həyata keçirilməsi üçün gərək imiş. Bu dalğada kimlərin və hansı məqsədlərlə həbs ediləcəyi isə proqnoz məmulatı deyil. Istədikləri adamları və istədikləri zaman həbs edə bilərlər. Artıq Bakı hava limanı Heydər Əliyev adına, həm də, mənəvi baxımdan haqq etməyə başlayırsa…

Xalq diplomatiyası, yoxsa xalqdan kənar diplomatiya?

“Xalq diplomatiyası” prosesi ilə işim yoxdur. Bunun nə lehinə, nə də əleyhinə heç bir söz deyə bilməyəcəyəm. Amma xalqdan kənar diplomatiyanın ölkəyə ancaq fəlakət və qeyri-müəyyən perspektivlər yağdırmaqda davam etdiyini müşahidə ediriksə, deməli “xalq diplomatiyası” tərəfdarlarını yox, xalqdan kənar diplomatiyanın icraçılarını sorğu-suala çəkmək lazımdır. Hərçənd, Mirqədirovun, hətta xalq diplomatiyası prosesinin içində olduğunu da birmənalı olaraq söyləmək çətindir. Hansısa epizodlar üzrə bu prosesə qatıla bilərdi. Azərbaycanda ziyalıların və jurnalistlərin böyük əksəriyyəti bu proseslərin daxilində iştirakçıdılar. Qəzetlərdə Ermənistandakı və Azərbaycandakı siyasi-iqtisadi vəziyyətin təhlililə bağlı çoxlu yazılar dərc edilir. Bunlar da xalq diplomatiyası qəbilindəndir. Beynəlxalq təşkilatların təşkil etdiyi çoxsaylı tədbirlərdə Azərbaycandan və Ermənistandan olan ictimai fəallar, jurnalistlər birgə iştirak edirlər, onların arasına divar çəkilmir və onlar eyni problemləri müzakirə edirlər. Bu da xalq diplomatiyasının elementləridir. Dünyanın çeşidli ölkələrində, xüsusilə də Rusiyada azərbaycanlıların və ermənilərin ortaq biznes proyektləri var və onlar birgə işləyərək, pul qazanırlar. Bu da xalq diplomatiyasının epizodlarıdır. Azərbaycanda Daxili Işlər Nazirliyinin yüksək rütbəli əməkdaşlarından birinin (deyək ki, general) övladları yay tətillərini xalası uşaqları ilə birgə ABŞ-da keçirməyi sevirlər, bu uşaqların anaları ermənidir. Bu da xalq diplomatiyasıdır.
Xalq diplomatiyasına dəxli olmayan proses isə Ermənistan və Azərbaycan prezidentlərinin bağlı qapılar arasında keçirilən görüşləridir.

Onlar Vətən adlı dəyərə nifrət edirlər

Ölkəmizdə xalqa dəxli olan bütün proseslər cəzalandırılır. Vətəndaş təşəbbüsü adına hər şey inzibati terrorun qəzəbi altına düşür. NIDA-çılar vətəndaş təşəbbüsünə görə cəzalandırıldılar. Anar Məmmədliyə qarşı tələ də vətəndaş təşəbbüsünə görə biçildi. Azərbaycanda vətəndaşın olmağını istəmirlər. “Vətən” sözü ölkəni idarə edənlərdə allergiya doğurur. Onlar Vətən adlı bir dəyərin mövcudluğuna nifrət edirlər.

Elçin Şıxlı

Rauf Mirqədirov rus dilli Azərbaycan mətbuatının ən vicdanlı və ən sabit nümayəndələrindən biridir. O, az qala, bütün qəzetçilik karyerası boyu Elçin Şıxlı ilə birlikdədir. Bu tandemdən Azərbaycana heç zaman zərər gəlməz. Normal, ağlı başında olan bir ölkədə, hətta insan qatilini də Elçin Şıxlı kimi bir ziyalının zaminliyinə verərdilər. Amma Azərbaycanın inzibati hakimiyyəti Elçin Şıxlının böyründəki adamı Vətənə xəyanət ittihamı ilə həbsə atır.

Sirr fenomeni

“İstintaq sirri”, “dövlət sirri”, “hərbiləşdirilmiş idarə sirri”, “hərbiləşdirilməyən oliqarxların biznes sirri”, “prezidentin özəl biznes imperiyasının sirri”… Bu sirlər Azərbaycan xalqının diplomatiyasına aid deyil. Bu sirlər Azərbaycan xalqını istisna edən bir harınlığın sirridir. Iki il əvvəl Türkiyədə bir söhbətimiz zamanı Rauf bəy mənə irad tutmuşdu ki, çox sərt mövqedəyəm. Demişdi ki, Azərbaycanda islahatlara doğru meyl hiss olunur və buna görə də hakimiyyətin dünya standartlarının içəri girməsinə imkan verəcəyinə inanmaq mümkündür. Bu standartlar hörmətli Rauf Mirqədirovu ən ağır ittihamla içəri atdı.

Elçin Behbudovun bəyanatı

Bizim hələ sındırılmamış ziyalılarımız var. Hələ qələmini öz iradəsi ilə işlədə bilən jurnalistlərimiz var. Hələ özünü vətəndaş adlandırmaqdan qorxmayanlarımız var. Inanmayın Azərbaycan hakimiyyətinin islah olunacağına. Heç, inanmayın! Bu hakimiyyətin heç bir davranışının arxasında ölkənin mənafeləri dayanmır. Heç vaxt da dayanmayacaq. Onlar öz qurbanlarını bir-bir içəri atacaqlar, Elçin Behbudov gedib onlara baş çəkəcək və çıxıb adamın “saxlanma şəraitindən heç bir şikayətinin olmadığını” bəyan edəcək və beləcə biz azərbaycanlıların vətəndaşlıq vicdanının məhv edildiyi sonuncu inzibati terror aktına qədər müşahidəçi olaraq qalacağıq. Çünki biz siyasətlə məşğul deyilik və hesab edirik ki, siyasət yalnız müxalifətçilərin işidir.

İnsan otlağı

Rauf Mirqədirovu Vətən xaini hesab edənləri bəşəriyyətə xəyanətdə ittiham etmək lazımdır. Amma indi bir az da gecikmişik. NIDA-çılar kütləvi iğtişaşlarda ittiham ediləndə bu qətiyyəti göstərmək lazım idi, Anar Məmmədli həbs ediləndə gərək idi, bu sətirlərin müəllifi xuliqan adı ilə həbsə atılanda lazım idi, cəbhəçi gənclər günün günorta çağı evlərindən oğurlanan anlarda lazım idi,.. Inzibati terrorun sayı minlərlə ölçülən aktların hər biri zamanı lazım idi…
Azərbaycanı hər gün Şimali Koreyaya daha çox bənzədirlər. Hər ötən gün daha çox azərbaycanlı üçün prezident qorxu və ölüm anlamı verən vahiməyə çevrilir. Hər ötən anda daha çox adam belə hesab etməyə başlayır ki, Allaha asi olmaq prezidentə asi olmaqdan asandır. Azərbaycanlılar beləcə zombiləşdirilir və ölkənin taleyi üçün məsuliyyət daşımağa cəsarət etməyən fərdlər halına gətirilirlər. Ictimai mahiyyətini itirən və vətəndaşlıq siması olmayan insanları otarmaq çox rahatdır və onlar Azərbaycanı belə bir kökə salmağı planlaşdırıblar. Çoxdan planlaşdırıblar. Indi tam sürətlə həmin planı icra edirlər. Müxalifətçilər də, müxaliflər də bu planın çərçivəsi daxilindədir. Hər kəs!