Anormal normallıq

Azərbaycanda Milli Məclisin hansı funksiyanı yerinə yetirdiyi heç kimə sirr deyil. Proseslərin inkişafı onu göstərir ki, bu qurumda “təkmilləşmə” davam edir. Yadınızdadırsa, ötən il MM-də səsvermə zamanı deputatların bir-birinin yerinə səs verməsilə bağlı kadrlar yayıldı. O zaman rejim mənsubları bu hadisəyə haqq qazandırdılar və ciddi nöqsan olmadığını bildirdilər. Aprelin 18-də keçirilmiş son iclas isə bu baxımdan xüsusilə yaddaqalan oldu. Kadrlardan görünür ki, qanun layihələrinin səsverməsi zamanı zalda yetərsayı yetərli etmək üçün Milil Məclisin  Akif adlı operatoru bəzi deputatların yerinə səs verir. Normal ölkələrdə bu biabırçı hadisəyə görə ən azı utanardılar.

YAP-çı deputat, MM-in Intizam Komissiyasının sədri Siyavuş Novruzov isə bizi utandıraraq deyir: “Milli Məclisdə bir deputatın səsə qoyulan məsələ ilə bağlı digər həmkarının yerinə səs verməsi normaldır”. YAP-çı deputat onu da qeyd edib ki, bu cür hallar dünyanın hər yerində müşahidə olunur.

Vallah biz qarğışa keçmişik. Bu adamları bizə bəla göndəriblər. Bəlkə də bunlar bizim günahlarımızdı. Tutalım ki, bu mənzərə dünyanın hər yerində var. Niyə bu rejimin təmsilçiləri ancaq dünyadakı pis nümunələri müşahidə edir? 

Axı dünyada başqa nümunələr də var. Axı dünyanın heç bir ölkəsində müəllimlə deputaın əmək haqqı arasında 10 dəfə fərq yoxdur. Axı dünyanın normal ölkələrində vətəndaşın mülkiyyətini başına uçurmurlar. Axı normal ölkələrdə haqqını tələb edən gəncin cibinə narkotik atmırlar. Siyavuş müəllim niyə bu reallıqları da müşahidə etmir?

Nə hikmətdirsə, dünyada anormal hesab edilən hər şey Azərbaycanda rəsmi şəkildə normal qəbul olunur. Dünyada normal qəbul edilənlər isə, Azərbaycanda anormal qarşılanır.

Axı hansısa deputatın MM-in mətbəxində “Molotov kotlet”i yeməsi, onun yerinə kiminsə səs verməsinə bəraət qazandırmır. Əgər deputatın yerində olub-olmaması önəm daşımırsa, niyə özünüzə əziyyət verib parlament seçkiləri keçirirsiniz, niyə bizi əziyyətə salıb səsvermə məntəqəsinə getməyə məcbur edirsiniz?

Yaxşı olar ki, YAP-ın döyünən ürəyi, vuran əli, danışan dili olan Siyavuş Novruzov bizə bir siyahı təqdim etsin. Biz də o siyahıya əsasən nəyin normal, nəyin anormal olduğunu əzbərləyək.

Yoxsa, ağlımıza gic-gic fikirlər gəlir, başlayırıq erməni dəyirmanına su tökməyə.  Biz binəvalar elə bilirik ki, korrupsiya, talançılıq, vətəndaşın cibinə narkotik atmaq anormal haldı. Biz elə bilirik ki, hakim sifarişlə hökm oxumaz, biz düşünürük ki, NIDA-çı gəncləri şərləyib tutmaq ədalətsizlikdir. Biz o qədər sadəlövhük ki, hamının qanun qarşısında bərabər olduğunu düşünürük.

Nə yaxşı ki, bu deputat qardaşlar var. Yoxsa cahillik bizi məhv edərdi.  

Deməli, bu ilin 3 ayı ərzində 28 hərbi qulluqçumuz həlak olub, 38 nəfər yaralanıb. Həm də bu itkilər atəşkəs dövründə baş verib. Bəli, atəşin bir gün də kəsilmədiyi atəşkəs dövründə.

Bizim Siyavuş müəllim isə, bu ölümlərin də normal və təbii olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Sovet ordusunda da ölüm halları olur, Əfqanıstanda da 20 əsgər intihara cəhd edib. Deməli, müqayisə lazım olanda Əfqanıstan, Somali, Haiti, Ermənistan əsas isitnad nöqtəsi olur. Müqayisə tapılmayanda isə, “bizim öz yolumuz var” kəlamı reklam olunur.

Bir sözlə, bu ölkədə özünü yandırmaq, intihara cəhd etmək, şərləyib adam tutmaq, müəllimə dilənçi maaşı vermək, inhisarçılıq normallıq deməkdir. Ən böyük anormallıq isə, həqiqətləri dilə gətirməkdi. Bizə bu anormal normallığı izah etdiyinə görə Siyavuş müəllimə təşəkkür edirəm. Şair sağ olsaysdı “anormal oluruq biz, səhv düşəndə yerimiz” deyərdi.