Rejimin gənclər siyasəti – dustaq NİDA!

Lap bu yaxınlaradək I.Əliyev gənclər syasətinə liderliyi bir neçə bəlli gəncə tapşırmışdı. Bu gənclərin kimisinə o, deputat mandatı, kimisinə öz yanındaca yüksək görəv vermişdi. I.Əliyevin seçib sevdiyi bu lider-gənclər satqın çıxdılar: sən demə, onlar özləri özgə dövlətə bağlı “paralel yapı” yolçuları olaraq qalmır, görəv-mandat olanaqlarından yararlanaraq başqa gəncləri də başqa yola yönəldirmişlər… 

I.Əliyev Azərbaycan gənclərinə liderliyi indi kimə tapşırsa yaxşıdır: PA-dakı keçmiş taxta-şalban alverçisinə. Bu adamın indi çoxlu alınmayan-oxunmayan, ancaq KIV-ə yardım fondundan cinayətkarcasına böyük pullar alan qəzetləri, üstəlik, televiziyası, klinikası, başqa çoxsaylı biznes qurumları var. Bütün bunları niyə yada salıram? Adam dövlət qulluqçusudur. Bütün bunlarısa dövlət qulluqçusu olaraq, demək, qanunları tapdamaqla əldə edib. Belə bir adam hansı gəncliyə lider, örnək-yolgöstərən ola bilər? Sözsüz, ideya-siyasi baxımdan YOLSUZ gəncliyə! Ideya-siyasi baxımdan YOLLU, ancaq hələ yetişməyən, bərkiməyən gənclik beləsinin liderliyi altında tezliklə YOLSUZLUĞA yuvarlanmalıdır. 

Yanılmıramsa, Makarenko deyirdi: “Tərbiyə etmək üçün özün tərbiyəli olmalısan”. Liderinin dövlət qanunları baxımından TƏRBIYƏLI olmadığını görən gənclik düz yollu ola bilməz – ən sağlam gənclik belə! Əliyevlər rejimində Azərbaycan gəncliyini aşındıran, düz yoldan sapdıran çoxlu nədənlər var. Bunların başlıcası başdan ayağa dövlət qurumlarını bürüyən rüşvət-korrupsiya-soyğunçuluq faktlarıdır. Bu gün bizdə uşaq anadan 1500-2000 manata doğuzdurulur. Beləcə, dünyaya gələn neçə milyonuncusa Azərbaycan uşağının rüşvət-korrupsiya-soyğunçuluq ortamında yaşamı başlayır. Böyüdükcə, yaşam yollarında irəlilədikcə ən aşağılardan Prezident Administrasiyasınadək hər addımda rüşvət-korrupsiya-soyğunçuluq faktları ilə üzləşən kimsə rejimə bağlı istənilən quruma yalnız yüngül qazanc qaynağı olaraq baxa bilər. Istəyirsən sıraya qat, istəyirsən neçə “Irəli” yaradıb belələrini başçı qoy, yaxşı da pul ver – onun gözü yenə orda-burda olacaq: o da sənin kimi əyri yollarla varlandıqca varlanmaq, xalqı soymaqla, satmaqla milyonlar, milyardlar yiyəsi olmağa çalışacaq. Sən ölkəni Rusiyaya satırkən o nə üçün Amerikaya satmasın?! (Ya da tərsinə). Bu mənim ona – Azərbaycan gəncliyinə diktəm deyil, sənin ortaya qoyduğun diktə-örnəkdir!

Mənimsə öz diktə-örnəyim var: NIDA yurddaş hərəkatı! Mən illərlə bu yolda yürüdüm, buna çalışdım. Sən rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-satqınlıq yoluyla milyonlar, milyardlar əldə edirkən mən bu ölkədə ÖNCƏ ÖLKƏM! – düşüncəsilə yaşayan sağlam gənclik yetişdirməyə çalışdım. Budur, o gənclik ortadadır. Bu yalnız “Əsgər ölümünə son!” deyən gənclik deyil, antiölkə, antiulus xarakterli bütün görsənişlərə, bu görsənişlərin bütün daşıyıcılarına SON! –  deyən, YOX! – deyən, irili-xırdalı neqativlərlə barışa bilməyən, barışmaq istəməyən gənclikdir. Sən onları düz anladın: belə gəncliklə səninki tutan deyil! Sənə Murova düşməmək üçün evin olar-olmazını, mal-qarasını satdıran, rüşvətlə doğulan, rüşvətlə yaşayan, rüşvətlə düşünən, öyünən KÖLƏ gənclik gərəkdir. Sənin məktəblərin, qəzetlərin, teleradioların, dövlət qurumların, bütünlükdə, siyasi sistemin KÖLƏ gənclik – KÖLƏ yurddaş yetişdirməyə yönəlik bütöv mexanizmdir. Bunlar hamısı sənin kölə-vergüllərindir. Bütün durğu işarələri arasında bir üstünü, bir yenilməzi var: NIDA! O sənin deyil, o bizimdir – sən onu türməyə salsan belə! Vergüllərdən polis, prokuror, məhkəmə… nə istəsən düzəlt – mini bir NIDAya üstün gələ, mini bir NIDAnın qarşılığı ola bilməz! Sən ey NIDAdan qorxan vergüllər prezidenti, bilmək gərək: istənilən başçı-başdaduran yalnız NIDAlarla güclü ola bilər, vergüllərlə yox!!!