O, bu şəhəri qumarxanaya çevirmək istəyir
“Rusiya diktatoru bu bölgəyə qanunsuz yolla qazanılmış pulların yuyulma yeri kimi baxır”
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Krımın oyun (qumar) zonasına çevirilməsi haqqında qanun layihəsi göndərib. Qumar oyunlarının dövlət tərəfindən nizamlanmasına dair qanuna edilən
təkliflərdə belə oyunların keçiriləcəyi regionların sayını artırmaq təklif edilir. Qanuna əsasən, belə qumar zonaları Altay, Krasnodar, Primorsk diyarlarında, həmçinin Kalininqrad vilayətində yaradıla bilər. Putin bu siyahıya Krımın da daxil olmasını təklif edir.
Rusiya rəsmiləri hesab edir ki, Krımdakı oyun zonası Çinin Makaosuna, Amerikanın Las-Veqasına və Avropanın Monakosuna ciddi rəqib ola bilər.
Lakin korrupsiya meylləri ilə tanınan Rusiya hökumətinin bu addımının arxasında başqa niyyətlərin dayandığını da demək mümkündür. Çünki dünyada kazinoları ilə məşhur bir neçə şəhər mövcuddur ki, dünyanın bir çox yerlərində oyun həvəskarları məhz həmin şəhərlərə axışır. Rusiya şəhərlərinin bu rəqabətə davam gətirəcəyi gözlənilən deyil.
Ekspertlər hesab edir ki, hazırkı vəziyyətdən çıxış edəndə Rusiyanın hələ bir müddət sonra da artan iqtisadi təzyiqlər altında olacağını demək mümkündür. Buna görə də qanuni yollarla Krımla hər hansı iqtisadi inkişaf və ya investisiya cəlbinə nail olmaq mümkün olmayacaq. Putinin Krımı Las-Veqasa bənzətmək istəməsinin arxasında dayanan niyyət isə Rusiya diktatorunun bu bölgəyə dünyada qanunsuz yolla qazanılmış pulların yuyulma yeri kimi baxmasıdır. Yəni Putin düşünür ki, nüfuzlu Qərb dövlətlərində sərbəst hərəkət imkanı olmayan silah qaçaqçıları və bir çox transmilli cinayətkarlıqla məşğul olan şəxslər Krımda təşkil olunan pul bazarında özlərini sınaya bilərlər. Bu layihənin nə qədər uğurlu olacağını demək çətin olsa da, bir məsələ aydındır ki, Putin artıq sivil dünya ilə əlaqələrini kəsmiş kimi görünür.
Fizzə


